Soyğunçu kredit faizləri
02 Sentyabr 2021
Azərbaycanda fəaliyyət göstərən 26 bankın əksəriyyəti əhalidən əmanətlər qəbul edir. Kommersiya təşkilatlarının pul sahiblərinə təklif etdiyi gəlir faizi vəsaitin hansı valyutada olmasına bağlıdır. Əksər banklar dollar, avroda olan depozitlərə görə cüzi gəlir vəd edir, yaxud etmir. Manatla qoyulan əmanətlərdə isə vəziyyət fərqlidir, illik 5 faizdən 11 faizə qədər gəlir vəd edən kommersiya qurumları mövcuddur.
Maraqlı burasındadır ki, ilk beşlikdə olan banklar - "Beynəlxalq Bank", "Kapital Bank", "Paşa Bank", Xalq Bank" və s. bankların təklif etdiyi faiz gəlirləri 6 faizi keçmədiyi halda, illik mənfəəti cəmi bir neçə yüz min manat olan kiçik kommersiya qurumları 10-11 faizlik mənfəət təklif edir. Onların əllərindəki məhdud alətlər vasitəsilə yüksək faizli depozitlərdən necə gəlir əldə etməsi bir qədər müəmmalıdır.
Xatırladaq ki, pandemiya dövründə Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü ilə qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata qədər artırılıb. Qanuna görə, vəsaitlərin illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5% olmalıdır.
Aparılan təhlillər nəticəsində məlum olub ki, banklardakı əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Bu təşəbbüs devalvasiya və Mərkəzi Bankın 10-dan artıq bankın qapadılması ilə bağlı qərarlarından ciddi sarsıntı keçirmiş sektora inamı nisbətən dirçəldib.
Bu il iyulun 1-nə olan məlumata görə, ölkədə 4 iri bankın depozit portfeli 1 milyard manatdan çox olub. Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (5 782,325 milyon manat), “PAŞA Bank” (4 534,455 milyon manat), “Kapital Bank” (4 410,409 milyon manat) və “Xalq Bank” (1 444,936 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
Mərkəzi Bankın məlumatına görə, 31 İyul 2021-ci il tarixində fiziki şəxslərin cəmi əmanətləri 8 milyard 605,9 milyon manat təşkil edib. Başqa ifadə ilə, əmanətlərin 55,3%-i milli valyutada, 44,7%-i xarici valyutada olub. İyunun sonunda bu nisbət müvafiq olaraq 54,3% və 45,7% idi. Xatırladaq ki, 2014-cü ildə əmanətlərin dollarlaşması nisbəti 80%-i ötmüşdü. Bu nisbət ötən ilin sonunda 50%-dən yüksək idi. 8 milyard 605,9 milyon manat əmanətin 6 milyard 422,2 milyon manatını və ya 74,6%-ni qısamüddətli əmanətlər (1 ilədək), 2 milyard 183.7 milyon manatını və ya 25,4%-ni uzunmüddətli əmanətlər təşkil edib. Fiziki şəxslərin əmanətlərinin 3 milyard 501,4 milyon manatı (40,6%-i) cari hesablardakı vəsaitlərdən (tələbli əmanət) ibarət olub.
Dövlət Statistika Komitəsindən isə bildirilib ki, banklar 2021-ci ilin 7 ayı ərzində cəlb etdikləri depozitlər üzrə 201,6 milyon manat faiz ödəyiblər. Mərkəzi Bankın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 milyon manat və ya 12,6% çoxdur.
İqtisadçı, deputat Vüqar Bayramov əmanət faizləri ilə bankların təklif etdiyi kredit faizləri arasındakı fərqə diqqət çəkib. Onun sözlərinə görə, Mərkəzi Bankın elan etdiyi statistikaya əsasən bankların kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasındakı yüksək fərq hələ qalmaqdadır:
"Mərkəzi Bankın hesablamalarına görə, banklar xarici valyutada depozitlərə orta hesabla 1.76 faiz dividend ödədiyi halda, dollar kreditlərini orta hesabla 5.18 faizlə təklif edirlər. Rəsmi statistika göstərir ki, xarici valyutada kreditlərlə depozit dividentləri arasında 3 dəfə fərq var. Yəni banklar cəlb etdikləri depozitləri 3 dəfə baha şəkildə kredit formasında təklif edilər".
Deputat xatırladır ki, manatla depozitlərə orta hesabla 8.62 faiz ödənilir. Amma manatla kreditlər üzrə orta faiz isə 13.75 faizdir. (Bəzi banklar 19-25 faizlə kredit təklif edir.)
"Fiziki şəxslər üzrə orta kredit faizi 16 faizdən çoxdur. Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, manatla orta kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasında da fərq az deyil. Mərkəzi Bankın elan etdiyi bu göstəricilər orta rəqəmlərdir. Sistem əhəmiyyətli bankların əksəriyyətində manat üzrə depozit faizləri 6 faizdir, xarici valyutada əmanətlərə isə, demək olar, dividend ödənilmir", - deyə iqtisadçı vurğulayıb.
V. Bayramov hesab edir ki, kredit faizləri ilə depozt faizləri arasında mütənasibliyin formalaşması və xüsusən ucuz kreditlərin təklif olunmasına nail olunması vacibdir. Onun sözlərinə görə, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur: "Mərkəzi Bank tərəfindən bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var".
Turqut