Logo
news content
User
Kateqoriyalar

Analitika

Saleh Rüstəmli quru aclığa başlayıb 
Onunla həmrəylik əlaməti kimi yaxınları və bir qrup fəal da aclıq aksiyası elan edib 

Əbülfəz Elçibəyin prezidentliyi dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmli 38 gündür ki, aclıq edir. O, dekabrın 13-də su və dərman qəbulundan da imtina edib. Bu barədə məlumat verən oğlu Sezgin Rüstəmov bildirib ki, atası quru aclığa keçmək qərarı verib.

Saleh Rüstəmli aclıq aksiyasına başlayandan sonra saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu müəssisədə ailə üzvlərinin onunla mütəmadi görüşünə imkan verilirdi. Yaxınlarının bildirdiyinə görə, son 10 gündə artıq ailə üzvləri ilə görüşlərinə də qadağa qoyulub. “Heç olmasa, görüşəndə ona təsir göstərə bilirdik. O mənada ki, çox yalvar-yaxardan sonra onu quru aclığa keçmək fikrindən daşındırmışdıq. Saleh Rüstəmliyə qarşı təzyiqləri artırmaqla, faktiki, onu ölümə daha da yaxınlaşdırdılar. O, su və dərmandan da imtina etdi. Görünür, kimlərsə Saleh Rüstəmlinin ölümündə maraqlıdır”, - deyə yaxınları söyləyib.

S.Rüstəmlinin quru aclığa başlamaq qərarından dərhal sonra doğmaları da eyni addımı atıb. Bacısı Yeganə Rüstəmova, qardaşı Taleh Rüstəmov və digər qohumları Müalicə Müəssisəsinin qarşısına gedib. Onlar bildiriblər ki, dekabrın 13-dən quru aclığa başlayırlar. “Saleh aclıq etdiyi müddətdə 20 kiloqrama yaxın çəki itirib. Bu gün (dekabrın 13-də) onunla görüşməyə getmişdik, yenə buraxmadılar. Bu, bizim narahatlığımızı daha da artırır. Vəkilə deyib ki, “bu gündən quru aclığa keçirəm, bir daha gəlmə”. Onu bu addıma məcbur elədilər, ölümü seçdi... ”, - deyə qardaşı Taleh Rüstəmov bildirib.

Eyni zamanda, bir sıra ictimai-siyasi fəallar da dekabrın 13-də aclığa başlayıblar. Onlar bir evə toplaşaraq, orada aclıq aksiyası keçirirlər. Aclıq edənlər arasında AXCP funksioneri Məmməd İbrahim, ictimai fəallardan İlkin Rüstəmzadə və digərləri var.

Bir gün öncə - dekabrın 12-də Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov onun durumunun ağır olduğunu açıqlamışdı: “Saleh Rüstəmli mənə cox pis olduğunu, artıq tükəndiyini dedi. Ancaq bu barədə heç kimə deməməyi xahiş etdi. Mən isə bunu gizli saxlaya bilmərəm...”

Bugünlərdə Penitensiar Xidmət Saleh Rüstəmlinin durumu ilə bağlı yaydığı açıqlamada bəyan edib ki, qida qəbulundan imtina etməsi ilə əlaqədar onun səhhəti daim həkim nəzarətindədir. O, dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub: “Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda, respublikada səfərdə olan türkiyəli psixoloqların Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib”.

Vəkillər Bəhruz Bayramov və Aqil Layıc S.Rüstəmlinin vaxtından əvvəl azadlığa buraxılması üçün dekabrın 6-da Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Bu işə baxmaq hakim Nəriman Mehdiyevə həvalə olunub. Lakin hələlik məhkəmənin vaxtı məlum deyil. A.Layıcın əldə etdiyi məlumata görə, Nizami rayon Məhkəməsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə sorğu göndərilərək Saleh Rüstəmli ilə bağlı sənədlər istənilib.

Xatırlatma: 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmli 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımı göstərməkdə ittiham edilərək həbs olunub. O, 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsi ilə birlikdə orada yaşayırdı. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər. Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu 5 nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. S.Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada olarkən həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə S.Rüstəmlinin cəzasını 2 ay azaldıb. Məhkəmənin hökmündə onun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb. Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – bu il martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

Gülər