Logo
news content
User
Kateqoriyalar

Analitika

Saakaşvili: Beş dəqiqəyə islahatlar. Epizod 4. Bər-bəzəksiz Beynəlxalq Valyuta Fondu

Azərbaycan rəhbərliyi hərtərəfli islahatlara doğru getdiyini və bu kursun dönməz olduğunu bəyan edir. Postsovet məkanında ilk dərin və uğurlu islahatların müəllifi Mixail Saakaşvilidir. Hamımız şahidiyik ki, Gürcüstan prezidenti yol və cibkəsənlərlə dolu ölkəsini qısa müddətdə necə dəyişdi, təhsildə, səhiyyədə illərlə yığışıb qalmış problemlərin əksəriyyətini necə sürətlə həll etdi, hüquq-mühafizə sisteminə, kadr siyasətinə köklü yeniliklər gətirdi.

Keçmiş prezident dəyişikliklər istəyən digər postsovet ölkələrinə, ilk növbədə indi yaşadığı Ukraynaya kömək məqsədi ilə “Beş dəqiqəyə islahatlar” adı altında silsilə videoçarxlar hazırlayıb.

- Mən bunları keçmişəm, - deyir Saakaşvili. – Ona görə də məsləhətlərimi verə, öz qələbələrimdən və uğursuzluqlarımdan danışa bilərəm.

Keçmiş prezidentin islahatlar yolunda mənfi və müsbət təcrübəsinin indiki şəraitdə Azərbaycan üçün də çox faydalı olduğunu düşünərək, onun son dərəcədə maraqlı çıxışlarını kiçik ixtisarlarla təqdim edirik.

Epizod 4. Bər-bəzəksiz Beynəlxalq Valyuta Fondu

Gürcüstanda hakimiyyətə gəldiyimiz gənclik illərini xatırlayıram. Ölkədə vəziyyət çox acınacaqlı idi. Məndən əvvəl təcrübəli siyasətçi Şevardnadze rəhbər idi. Onun hakimiyyəti dövründə Beynəlxalq Valyuta Fondunun missiyasının {Gürcüstana} gəlişi az qala planetar hadisə idi. Yadımdadır, o vaxtlar missiyaya bir iranlı başçılıq edirdi, Vaşinqtondan təşrif buyururdu. Bir neçə həftə əvvəldən bütün nazirlər, ictimaiyyət, mətbuat onun gəlişinə hazırlaşırdı. Hava limanında bütün telekameralar onu qarşılayır, baş nazir də öndə hamı onun qarşısında baş əyərək yarınırdı ki, ölkəyə güzəştlər eləsin.

Daha sonra biz – təkəbbürlü gənc islahatçılar hakimiyyətə gəldik. Beynəlxalq Valyuta Fondundan (BVF) zəng edib  istədilər ki, onlarsız heç bir qərar qəbul etməyək. Dediklərindən belə çıxdı ki, biz hələ təcrübəsizik və lazım olan hər şeyi onlar bizə öyrədəcəklər. Bizsə onların gəlişini gözləmədik və vergiləri 60% aşağı salmaq qərarına gəldik. Bu qərarımızdan sonra BVF-nu dəhşət bürüdü. Onlar etirazlarını bildirərək dedilər ki, belə ağılsız addımla siz bütün dövlət aparatını, dövlət büdcəsini dağıtmış oldunuz, büdcə gəlirlərindən məhrum olacaqsınız. Əlbəttə, biz onların iradlarına fikir vermədik, çünki hesab edirdik ki, 3 aydan sonra ölkənin gəlirlərini 30% artıracağıq, get-gedə hətta bu rəqəmi böyüdə biləcəyik.

BVF bizim atdığımız addımlardan çox qəzəblənmişdi və dərhal {yardım} proqramını dondurdu. Onu birdəfəlik ləğv edə bilmədilər, çünki Gürcüstanı tam itirmək də istəmirdilər.

Gözlədiyimiz kimi, 3 aydan sonra vergi bazasının genişləndirilməsi hesabına gəlirlərımız iki dəfə artdı. Buna səbəb həm korrupsiya hallarının yığışdırılması, həm də daha çox insanların, hətta oliqarxların vergi verməyə başlamaları oldu. İlin sonuna isə gəlirlərin həcmi üç dəfə artırıldı.

Ümumiyyətlə mənim prezidentliyim dövründə Gürcüstan iqtisadiyyatı, ölkənin ümumdaxili məhsulu, demək olar, 4 dəfə böyüdü, dövlət büdcəsinə daxil olan gəlirlər isə 11 dəfədən çox artdı. Bu, bizim islahatların nəticəsidir.

Bizim ilk uğurlarımızdan sonra BVF bizə qarşı olan münasibətini, hətta danışıq tonunu dəyişdi. Onlar rəsmi çıxışlarında bildirdilər ki, “Biz gənc islahatçıları dəstəklədiyimiz üçün çox xoşbəxtik”. Riyakarlıqdır, bizi dəstəkləyib eləməmişdilər. Sadəcə olaraq, bu dəyişiklikləri həmin məmurlar müsbət hal kimi öz hesablarına yazdılar.

İslahatlara başladığımız gündən iki il sonra biz BVF-dan Gürcüstandan getməyi xahiş etdik. Çünki rəsmi rəqəmlərdə kifayət qədər artım var idi və xarici investisiyalar çay kimi ölkəyə axmağa başlamışdı, onlara heç bir ehtiyac görmürdük.

Mənim məsləhətim nədir? BVF ilə bərabərhüquqlu tərəf kimi davranın. Onların dediklərinə nəinki “son instansiyada həqiqət” kimi baxmayın, ümumiyyətlə birmənalı yanaşmayın. BVF və bu kimi digər beynəlxalq təşkilatların məmurlarının vecinə deyil ki, 3-4-5 ildən sonra ölkəniz harada olacaq. Onları özləri maraqlandırır – iş stajları nə qədər olacaq, maaşları nə qədər artacaq, sonra təqaüdləri necə olacaq? Onlar üçün əsas odur ki, heç bir kəskin dəyişiklik baş verməsin. Ona görə də heç vaxt risk eləmirlər. Bu, cərrahın işinə bənzəyir, məsələn, barmağınız ağrıyır, adi həkim yerinə cərrah gəlib deyir ki, sənə dərman verməyəcəm, gəl elə indidən barmağını kəsək. Və eynilə bu cür bütöv bir sənaye sahəsini kəsib atmaq, iqtisadi inkişafı yavaşıtmaq mümkündür.

Ukraynada ÜDM-in həcmində 2.5% artım faciədir. İndiki daxili resurlarla və göstəricilərlə ÜDM-in həcmi sonrakı 10 ildə 10-12% artmalıdır ki, heç olmasa az da olsa Polşaya və ya digər ölkələrə yaxınlaşmaq, ümumiyyətlə dövlət kimi ayaqda qalmaq olsun. Buna görə də hamı ilə bərabər tərəfdaş kimi danışın və yadda saxlayın: islahatlarda ciddi müsbət nəticə əldə etmək istəyirsinizsə, BVF-dan uzaq durun. İslahatlar uğurlu getsə, BVF-na ölkənin ehtiyacı qalmayacaq. Gürcüstanda alınıbsa, sizdə daha yaxşı alınar. Əsas siyasi iradə ortaya qoymaq və cəsarətli olmaqdır...

Tərcümə etdi: Röyal