Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyadan “Qarabağ məsələsi həll edilməyib” mesajı

Ermənistandakı parlament seçkilərindən sonra Nikol Paşinyan tərəfindən formalaşdırılan yeni hökumətin əsas üzvlərinin Rusiyaya səfərləri davam edir. Müdafiə naziri Arşak Karapetyandan sonra xarici işlər naziri Ararat Mirzoyan da Moskvada “baxışdan keçib”. 

Şübhəsiz ki, bizləri və hər kəsi Mirzoyanın bəyanatlarından daha çox, Sergey Lavrovun açıqlamaları maraqlandırır, çünki Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yeridilməsindən sonra Moskva faktiki olaraq, sülh və əməkdaşlıq prosesinin yeganə moderatoru rolundadır və onun qərarları, mövqeyi hadisələrin bundan sonrakı inkişafı baxımından həlledici önəmə malikdir. 

Son həftələr Rusiya-Azərbaycan münasibətlərində “soyuq küləklər” əsir. Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti - onların Ermənistan hərbçilərini və hərbi texnikasını əraziyə buraxması; Rusiya Müdafiə Nazirliyinin rəsmi informasiya bülletenlərində separatçıların münaqişə tərəfi kimi təqdim edilməsi və “Dağlıq Qarabağın silahlı birləşmələri” cümləsinin peyda olması, hətta Azərbaycanın atəşkəs pozuntusunda itiham olunması; eləcə də Rusiyanın yenidən Ermənistanı silahlandırmağa başlaması Bakıda narahatlıqla qarşılanır. İstər-istəməz bədnam Abxaziya və Cənubi Osetiya ssenariləri yada düşür. 

Rusiya xarici işlər nazirinin erməni həmkarı ilə görüşdən sonra verdiyi mesajlar da göstərir ki, hazırkı mərhələdə Moskvanın Azərbaycandan müəyyən gözləntiləri və tələbləri var.  

Məsələn, Sergey Lavrov bildirib ki, Rusiya müxtəlif səviyyələrdə Azərbaycan tərəfinə bütün erməni əsirlərin qeyd-şərtsiz azad olunması yönündə siqnallar göndərir. O, etiraf etməli olub ki, 10 noyabr Bəyanatında yalnız həmin ana qədər əsirlikdə olan şəxslərin azad olunmasını nəzərdə tutulur, hazırda Azərbaycanın əlindəki ermənilər isə noyabrın axırında ələ keçirilib. “Buna baxmayaraq, Rusiya prezidenti Azərbaycan rəhbərliyi ilə, prezident Əliyevlə təmaslarında, biz isə digər səviyyələrdə azərbaycanlı həmkarlarımıza bu siqnalları göndərərək onları əsirləri hər hansı şərt olmadan buraxmağa çağırırıq. Bu, hazırda çatışmayan əhəmiyyətli etimad tədbiri və vacib humanitar addım olardı”, - deyə Lavrov vurğulayıb. Onun sözlərinə görə,  Ermənistanın mina xəritələrini Azərbaycana verməsi də daxil olmaqla, Rusiya bütün etimad tədbirlərini dəstəkləyir.

Bu gün isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) çıxışında Sergey Lavrov bir daha Qarabağ məsələsinə toxunub və Ermənistanın müttəfiq olduğunu vurğulayıb: “Rusiya sərhədçiləri erməni müttəfiqlərimizə azərbaycanlı qonşuları ilə məsələləri həll etməkdə kömək edir”. 

Lavrov problemin həllinin bir günün işi olmadığını diqqətə çatdırmaq ehtiyacı hiss edib: 

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan 9 noyabr və 11 yanvar razılaşmaları var. Bu, bir günün işi deyil, bununla şəxsən üç ölkə lideri, eləcə də Dağlıq Qarabağdakı sülhməramlıları təşkil edən bizim hərbçilər məşğuldur. Onlar gərginliyin azaldılması və etimad qurulması üçün çalışırlar”.

Göründüyü kimi, Rusiya “Qarabağ problemi həllini tapıb” mövqeyində israrlı olan Azərbaycanla eyni mövqedə deyil. Lavrov işarə edib ki, bu məsələ hələ davam edən bir prosesdir. Lavrov və Putin daha əvvəlki açıqlamalarında status məsələsinə də gələcəkdə qayıtmağın mümkünlüyünü demişdilər. Açıq-aşkar görünən budur ki, Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına tərəfdar olsa da, ümumilikdə bu münaqişəyə nöqtə qoyulmasında maraqlı deyil. 

Azərbaycan bu gün Lavrovun açıqlamalarına Ali Məhkəmənin sədri və Baş prokurorun dili ilə cavab verib. Ali Məhkəmə sədri Ramiz Rzayev bildirib ki, hazırda Azərbaycanın əlində əsir yoxdur: 

“Hazırda Azərbaycanda olan erməni cinayətkarların heç biri əsir deyil. Onların hamısı Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra qeyri-qanuni olaraq Azərbaycan ərazisinə keçib, burada təxribat törətmək istəyiblər. Ona görə də həbs olunublar. “Hərbi əsirlərlə rəftar” haqqında Konvensiyanın onlara heç bir aidiyyəti yoxdur. Çünki əsir döyüş zamanı olur. Sülh müqaviləsi olmasa da, atəşkəsdən sonra onların heç birini əsir kimi qiymətləndirə bilmərik”. (APA)

Baş prokuror Kamran Əliyev isə Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən cinayətlərin nəzarətdə olduğunu söyləyib. (APA) K.Əliyev qeyd edib ki, prosesləri diqqətlə izləyirlər: “Belə hallar olursa, tərəfimizdən cinayət işi başlanması təmin edilir və ediləcək. Çünki ora Azərbaycan ərazisidir və zərurət yarandığı halda, hüquqi mexanizmləri tətbiq edirik və edəcəyik”. 

Press Klub