Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya Qarabağdan çıxır, yoxsa qalmaq üçün əsas tapa bilmir?
Zatulinin yeni tezisləri tənqidə dözmür, mina axtarmaq üçün isə əvvəlcə Azərbaycanı tərk etmək lazımdır

Rusiya hərbi kontingentinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı xəbərlər yayıldığı vaxt Moskvadan eyni mövzuya dair maraqlı bir bəyanat gəldi. 

"Bu gün sülhməramlıların Qarabağda olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi hələ də onların çıxarılması ilə bağlı sualları ancaq ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt kimi, hərbçilərimizin vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri azdır".

Bu fikirləri Rusiya mətbuatına müsahibəsində Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB) işləri üzrə komitəsi sədrinin birinci müavini, deputat Konstantin Zatulin bildirib. 

Rusiyanın MDB ölkələri üzrə siyasətinin aparıcı simalarından olan Zatulin Azərbaycana qarşı çıxışları ilə məşhurdur. 44 günlük müharibədən əvvəl və sonra onun fotosunu erməni mediasının birinci səhifələrində tez-tez görmək olurdu, aparıcı TV-lərin ekspert-ulduzlarının sırasında da rusiyalı deputatın adı başda gəlirdi. Amma İrəvanın Qərbə inteqrasiya istiqamətində ardıcıl addımlar atması Moskvanın müttəfiqə münasibətini dəyişdirib. Təbii ki, Zatulinin də tezisləri dəyişib, indi onu Ermənistanda arzuolunmaz şəxs hesab edirlər, ölkəyə girişinə də qadağa qoyulub. 

Deputatın Kremlə ünvanlanmış “Rusiya sülhməramlılarının Qarabağda nə işi var” sualı aktualdır. Azərbaycanda bu sualı hökumət rəsmilərinə və ekspertlərə tez-tez verirlər. Ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatından sonra ermənilər köçüb gedib, rusiyalı hərbçilər üçün də görüləsi iş qalmayıb. Amma Zatulin demir ki, Rusiya hərbçiləri də çıxıb getməlidirlər. O da başqa həmkarları kimi sülhməramlıların Azərbaycanda uzunmüddətli qalması üçün onlara iş axtarır və müsahibəsindən məlum olur ki, “tapıb”.

Rusiyalı deputat deyir ki, sülhməramlı qoşunlarının Qarabağda olması erməni əhalinin evlərinin toxunulmazlığına zəmanət verə bilər:

"Mən sülhməramlılarımızı, məsələn, erməni əhalisinin tərk etdiyi evlərə, beynəlxalq mahiyyət daşıyan tarix və mədəniyyət abidələrinə heç nə olmayacağına qarantiya kimi yerləşdirməyi məqsədəuyğun görürəm. Bəzi ermənilərin Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var. Lakin Azərbaycanın ermənilərin geri qayıtması üçün rəsmən irəli sürdüyü şərtlər çətin ki, onların qayıtmasını asanlaşdırsın. Ona görə də burada Rusiya sülhməramlılarının olması çox çətindir. Yerli əhalinin Qarabağdan köçməsi onların orada olma səbəbini sarsıtdı".

Fikirlərindəki ziddiyyətlər göstərir ki, cənab Zatulin nəyin bahasına olursa-olsun, Rusiya hərbçilərinin qalmasını istəyir, amma tutarlı səbəb tapıb onu əsaslandıra bilmir. Özünün dediyi kimi, ermənilərin bölgəni tərk etməsi “əsaslara” ciddi zərbə vurub. 

Ehtimal var ki, deputatın müsahibəsi Kremldəki bəzi dairələrin fikirlərini ictimailəşdirmək cəhdidir. Amma Bakı ilə belə “arqumentlərlə” danışıqlar aparmaq çətindir. Qarabağdakı bütün əmlak Azərbaycan dövlətinə məxsusdur, hazırda onların inventarizasiyası aparılır və hüquq-mühafizə orqanları tərəfindən qorunur. Onların üçüncü ölkənin hərbçiləri tərəfindən mühafizə edilməsinə hər hansı ehtiyac yoxdur. Zatulinin dediyindən belə çıxır ki, sülhməramlılar Azərbaycanının öz malını özündən qorumalıdırlar. Rus diplomatlar arasında belə gülməli təkliflə çıxış edib özünü gülünc vəziyyətə salan diplomat çətin ki, tapılar...

Əlbəttə, Rusiya sülhməramlıların Azərbaycan ərazisində uzun müddət qalmasına çalışır və buna regiondakı hərbi-siyasi nüfuzunun elementi kimi baxır. Amma Kremldə də anlayırlar ki, 2025-ci ildən sonra “sülhməramlı” qiyafəsində Qarabağda qalmaq mümkün deyil, Zatulinin təbirincə desək, ermənilərin köçü bu əsasları sarsıdıb. Ona görə, başqa çərçivə, yeni razılaşma əldə etmək lazmdır.  

Məlumdur ki, ötən ilin sonlarından başlayaraq Rusiya Xarici İşlər Nazirliyi bu məsələnin müzakirə olunmasında təkid edir. Bu barədə nazir müavini Sergey Qaluzin və Bakıdakı səfir Mixail Yevdakimov mətbuata müsahibələrində açıq danışıblar. Amma rəsmi Bakı bu məsələnin ən azı publik müzakirəsini aparmır. Yalnız o məlumdur ki, Azərbaycan sülhməramlıların 2025-ci ilin noyabrına qədər ölkədə qalacağını və məsələnin 10 noyabr bəyanatına uyğun şəkildə həll olunacağını bəyan edib. Yəni müddətin bitməsinə 6 ay qalmış tərəflərin biri razı olmazsa, Rusiya hərbçiləri Azərbaycanı tərk etməlidir. Ermənistan artıq prosesdən çıxıb, deməli, Bakı bu qərarı zamanı çatanda özü qəbul etməlidir.  

Həmin tarixə təxminən 1 il qalıb, görünür, Rusiya hərbçiləri bu müddətdə boş-bekar dayanmaq niyyətində deyillər. Martın 31-də Azərbaycan Minatəmizləmə Agentliyinin direktoru Vüqar Süleymanovun verdiyi açıqlamadan bu qənaətə gəlmək olar. O, bildirib ki, Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı layihə var. Onun sözlərinə görə, rus hərbçilərin prosesdə iştirakı planlaşdırılır: "Hazırda həmin minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosesindədir. Aprelin 6-da akkreditasiya yekunlaşacaq. Onlar Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar".

Xatırladaq ki, Rusiya hərbçiləri Qarabağda yerləşdikdən dərhal sonra bu fəaliyyətlə məşğul olublar. Məsələn, 2020-ci ilin 25 dekabrında Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərdə bildirilirdi ki, sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayıb. 

"Əməliyyat zamanı 280 hektardan çox ərazi, 107 kilometrə yaxın yol, 452 yaşayış binası təmizlənib. 9 mindən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib”,- məlumatda deyilirdi.

Azərbaycan işğaldan azad edilmiş bölgələrin minalarla çirkləndirilməsini beynəlxalq müstəvilərdə qaldırır və dəstək istəyir. Qarabağın yenidən məskunlaşdırılması üçün başlıca problem torpaqların minalardan təmizlənməsidir. Böyük Britaniya, Türkiyə və s. ölkələr, eləcə də BMT işğaldan azad edilən torpaqların minalardan təmizlənməsinə texniki və maliyyə dəstəyi veriblər. Bu kontekstdə Rusiyanın prosesə cəlb olunması qəribə deyil. Amma Moskvanın sülhməramlılara Qarabağ ərazisində daimi fəaliyyət, missiya, mandat və s. axtarışında olduğunu yada salanda rusların minatəmizləmə dəstəyinin Azərbaycan üçün həssas məsələ olduğu aydın olur.

Vüqar İsmayılov bildirib ki, Rusiya hərbçiləri ancaq Xocalı şəhəri ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunacaqlar. Maraqlıdır, bu ərazi antiterror əməliyyatından əvvəl elə onların nəzarətində olub. O zaman erməni silahlı dəstələri minaları necə basdırıb, yaxud, 3 il ərzində sülhməramlıların əsas dislokasiya yeri olan Xocalı şəhəri minalardan niyə təmizlənməyib?

Rusiyalı hərbçilərin minatəmizləmə fəaliyyəti Xocalı ətrafı ilə məhdudlaşması yaxın aylarda prosesin başa çatacağından xəbər verir. Azərbaycanda bu fəaliyyətlə məşğul olmaq üçün Rusiya 2020-ci ilin 9 noyabrında və ondan sonrakı tarixlərdə Qarabağa gətirdiyi bütün texnikanı və hərbçiləri çıxarmalıdır. Ondan sonra rusiyalı ixtisaslı minaaxtaranları prosesə cəlb edib, onların yardımından faydalanmaq mümkündür. Xocalıda böyük hərbi baza saxlayıb mina axtarmaq Zatulinin yuxarıda qeyd olunan fikirləri qədər əsassız və gülüncdür. 

Turqut