Logo
news content
User
Kateqoriyalar

Analitika

QHT-lər pulsuz qalıb

Son vaxtlar sosial mediada qeyri-hökumət təşkilatlarının (QHT) kütləvi etirazları müşahidə olunur. Etiraz edənlərin əksəriyyəti indiyə qədər hökumətə, dövlət qurumlarına loyal olan təşkilat rəhbərləridir. Onlar iddia edir ki, Maliyyə Nazirliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi üçün büdcədə nəzərdə tutulan vəsaiti köçürmür. Nəticədə Agentlik qrant müsabiqəsi elan etmir, pulsuzluqdan QHT-lərin fəaliyyəti iflic olub.

2021-ci il üzrə dövlət büdcəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinə 6 milyon 316 min manat vəsait ayrılıb. Bu məbləğin 4  milyon 395 min manatı qrant layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Etirazçılar arasında məsələnin Prezident Administrasiyası səviyyəsində müzakirəsini istəyən, prezidentə müraciət təklifi ilə çıxış edənlər də var. “Gəlin, QHT-lərin hamısı yığışıb, dövlət başçısına müraciət edək. Onun verdiyi sərəncam yerinə yetirilmir”, - Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovanın sosial mediada irəli sürdüyü təklif belə olub.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev qınaqlara cavab verərək bildirib ki, təsdiq olunmuş büdcənin icrası, yəni vəsaitin köçürülməsi üçün cavabdeh qurum olan Agentlik Maliyyə Nazirliyinə müraciət etməyib. Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant layihələrinin maliyyələşdirilməsi ilə bağlı sifarişi nazirliyə daxil olan kimi, qanuna uyğun şəkildə vəsait ayrılacaq.

Xatırladaq ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət başçısının 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılıb. Şuraya rəhbərlik 2005-ci ildən deputat olan Azay Quliyevə həvalə edilib. Şuranın üzvləri siyasi iqtidara qarşı tənqidlərdən uzaq olub. Qrant müsabiqələrində qalib gəlib, vəsait alanların mütləq əksəriyyəti də bu kateqoriyadan olan təşkilatlar idi. 

2012-ci ildən sonra Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər, xüsusən xarici donorlardan maliyyə alınmasına qoyulan məhdudiyyətlər müstəqil, tənqidçi təşkilatların fəaliyyətinə mənfi təsir göstərib. 2014-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi başlanıb. Vətəndaş cəmiyyətinin xeyli fəalı istintaqa cəlb olunub, bu sektorun tanınmış simalarından İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Leyla Yunus və başqaları həbs edilib. Onların bir qismi daha tez, qalanı da 2017-ci ilin martında azadlığa buraxılıb. Avropa İnsan Haqları Məhkəməsi adları çəkilən şəxslərin hamısının işində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb. Başqa sözlə, AİHM onların həbsinin siyasi motivli olduğu qənaətinə gəlib. Azərbaycan hökuməti buna görə onlara kompensasiya ödəmək məcburiyyətində qalıb.

Bu həbslər QHT sektorunda xeyli müddət durğunluğa səbəb olub. Hərçənd, həmin müddətdə QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərib, çoxlu qayda QHT-yə qrantlar ayırıb.

Proseslərin gedişi göstərdi ki, hökumət özü də QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətindən razı deyil. 2021-ci ilin aprelində prezidentin fərmanı ilə Şura ləğv olundu, onun hüquqi varisi kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı. Yeni yaranan qurumun Müşahidə Şurasının sədri də Azay Quliyev oldu. Lakin üzvlər dəyişdi.

Müşahidə Şurasının üzvlərindən olan “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova “Press Klub”a bildirdi ki, qrant müsabiqəsinin yubanmasına görə konkret hansısa qurumu günahlandırmaq doğru deyil. Onun sözlərinə görə, bir çoxları QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yalnız qrant verən qurum kimi baxır, bu da yanlışdır: 

“Agentlik bütövlükdə dövlətin donor siyasətini formalaşdıracaq. Yəni müəyyən meyarlar hazırlanır, istiqamətlər müəyyənləşdirilir. Ayrı-ayrılıqda qrant verən nazirliklər, komitələr də o meyarlardan istifadə edə biləcək. Bu baxımdan, gecikməyə görə Agentliyin ittiham olunmasıyla razı deyiləm. Çünki bu, tək bizdən asılı məsələ deyil. Bizim hazırladığımız sənədləri, müəyyənləşdirdiyimiz meyarları və s. məsələləri Nazirlər Kabineti də təsdiqləməlidir. Dövlət qurumlarının bu məsələlərə baxıb, rəy verməsi zaman alır. Biz dövlət orqanına deyə bilmərik ki, filan sənədə mütləq bu gün baxıb, cavab deməlisiniz. Bu, bir nəfərdən asılı deyil, struktura bağlı prosedurdur”.

Günel Səfərova əlavə etdi ki, QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycana fayda verə biləcək, ehtiyac duyulan sahələrdə layihələr həyata keçirən beynəlxalq təşkilatların ölkədə fəaliyyətinə şərait yaradılmalıdır: 

“Ölkənin ehtiyac duyduğu sahələrdə iş görə biləcək təşkilatları Azərbaycandan küsdürmək doğru yanaşma deyil. Əksinə, müəyyən mexanizm tapılmalı və onların ölkəyə qayıdıb, faydalı layihələr həyata keçirməsinə şərait yaratmaq lazımdır. Əlbəttə, təhlükəsizlik məsələsini mən anlayıram. Dövlət orqanları buna da nəzarət eləsin. QHT-ləri ancaq dövlətin büdcəsinə “yükləmək” yanlışdır”.

Müşahidə Şurasının üzvü qeyd etdi ki, qanunvericiliyə təklifləri artıq dövlət orqanlarına təqdim ediblər. Dəyişiklik layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağını gözləyirlər: “Bəlkə də mən nikbinəm, amma ümid edirəm ki, təkliflərimiz nəzərə alınacaq”.

“Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi”nin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı qrantın məbləği böyük olmasa da, yenə müəyyən işlər görürdülər. Onun sözlərinə görə, xarici donorlardan maliyyəyə məhdudiyyətlər onsuz da təşkilatların “əl-qolunu” bağlamışdı: 

“2012-ci ildən sonra qanunvericiliyə edilən mürtəce dəyişikliklər QHT sektoruna çox böyük zərbə oldu. Əlbəttə ki, sözün əsl mənasında işləyən təşkilatları nəzərdə tuturam. Əvvəllər Neft Fondundan ayrılmış vəsaitlərin necə xərcləndiyi, xaricdən alınan kreditlərin taleyi, korrupsiya ilə bağlı ciddi araşdırmalarımız, monitorinqlərimiz olurdu. Qanuna dəyişiklikdən sonra biz məcbur qalıb, bu işləri az vəsaitlə görməli olduq. Son vaxtlar bu da yoxdur. Hökumətin hazırkı siyasəti vətəndaş cəmiyyətinin məhvinə aparır”.

Gülər