Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağda ilk hava limanı

Müəllif: Seymur Kazımov

Füzuli beynəlxalq hava limanı istismara verilməzdən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirib və işğaldan azad olunmuş Qarabağın ilk hava limanına eniş edib. 

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına enib. Qarabağa ilk dəfə hava yolu vasitəsi ilə yüklər çatdırılıb.

"Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıq-texniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunmuşdur. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir", - AZAL-ın məlumatında deyilir. 

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. 

"Bu hava limanından zərurət yaranacağı tədqirdə hərbi məqsədlər üçün də istifadə oluna bilərmi?" sualına AZAL-ın vitse-prezidenti Eldar Hacıyev belə cavab verib: 

"Bura mülki aeroportdur, hərbi yox. Ancaq hər bir aeroport bütün məqsədlər üçün istifadə oluna bilər". 

“QARABAĞ" adını daşıyan sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti 35 dəqiqə təşkil edib. Hazırda Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir.