Logo
news content
User
Kateqoriyalar

Analitika

Parlament seçkiləri, yoxsa referendum?
Hakimiyyətin planları bəlli deyil, cəmiyyətin arzuları isə tükənmir...

Azərbaycanda sonuncu, növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə keçirilib. 

Konstitusiyanın 84-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. 84-cü maddənin 2-ci bəndində əlavə edilir, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

Amma…

Amması odur ki, 2024-cü ilin noyabr ayında Azərbaycan dünya miqyaslı və geniştərkibli tədbir olan COP29-a ev sahibliyi edəcək. Bu iki böyük və mühüm tədbirin eyni zamanda keçirilməsi mümkün olacaqmı? Yoxsa parlament seçkilərinin daha tez keçirilməsi planlaşdırılır?

Qeyd edək ki, 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərindən bir müddət sonra Milli Məclisin növbəti dəfə buraxılacağı ilə bağlı məlumatlar yayıldı. Həmin məlumatlarda Milli Məclisin buraxılması əsasən proporsional seçki sisteminin bərpası ilə izah edilirdi. Hətta bu məqsədlə referendum hazrlıqlarının aparıldığı da iddia edilirdi.

Bəs bu proseslər hazırda hansı yerdədir? Azərbaycanda növbəti parlament seçkiləri nə zaman keçirilə bilər? Referendum hazırlıqları aparılırmı? Ən önəmlisi, bütün bu prosesi həll etmək üçün müddət varmı?

Mövzu ilə bağlı Pressklub.az-a danışan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyir ki, ilk referendum olacaqsa, keçici maddə və konstitusion islahatlar vasitəsi ilə referendumu indi keçirib, parlament seçkilərini gələn ilin fevralına saxlamaq olar. 

Amma Konstitusiya tələbinə görə, seçkini noyabrdan gec keçirmək mümkün deyil. Ona görə də, erkən seçkilər olacaqsa, referendum qalacaq sonrakı dövrə. 

“Erkən seçkilərin keçirilməsi yay aylarına təsadüf edə bilər. Amma referendumun keçirilməsi çox vacibdir. Çünki ölkənin siyasi, iqtisadi və sosial problemlərinin həllində konstitusion islahatların kifayət qədər ciddi  rolu ola bilər. İdarəetmə sistemində dəyişikliklər olmasa, bu problemlərin həlli mümkün olmayacaq. Həm də müharibədəki qələbə, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüymüzün, suverenliyimizin tam bərpası referendum vasitəsi ilə yeni idarəetmə formasının gətirilməsinə də şərait yarada bilər”. 

Natiq Cəfərli əlavə edir ki, Prezidentin fərmanı ilə yaradılmış 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilə bilər. Çünki iqtisadi rayon anlayışı Konustitusiyada yoxdur və heç bir hüquqi əsası olmayan faktdır. Həmçinin işğaldan azad olunmuş bölgələrdə prezidentin şəxsi nümayəndəlikləri və icra başçıları da var. Onların məsuliyyət və səlahiyyət bölgüsü havadan asılı qalıb. Bilinmir ki, onların məsuliyyət və səlahiyyətləri harada başlayıb, harada bitir, kim kimə tabedir. Bu məsələlər də həll olunmalıdır: “Fikrimcə, yerli icra hakimiyyəti sistemi institusional olaraq özünü doğrultmur. Yerli icra hakimiyyətini ləğv edib, yerli özünü idarə institutunun gücləndirilməsinə keçmək lazımdır. Prezidentin şəxsi nümayəndəliklərinin gücləndirilmiş şəkildə bölgələrdə təmsilçiliyinə ehtiyac var. Bundan başqa, proporsional seçki sistemi də çox vacibdir. Bu sistem parlamentin nüfuzunu və idarəetmədəki rolunu artıracaq. Hökumətin formalaşdırılmasına mühüm təsir göstərəcək. Proporsional seçki ölkədəki siyasi partiyaların nüfuzunu və gücünü artıra biləcək bir amilə çevrilə, həmçinin ideoloji partiyalar da formalaşa bilər”. 

Müsahibimiz deyir ki, bizdə ideoloji mübarizə yoxdur. Bizdə sadəcə tarixdən, keçmiş yoldan asılılıq prinsipi ilə müxaliflik var. “Azərbaycanda demək olar ki, bütün partiyaların nizamnaməsi eynidir. Dəfələrlə çağırış etmişik ki, ilk referendum keçirilsin. Bu, bir çox məsələlərin həlli üçün çox yaxşı olardı. Bu zaman keçici maddə ilə indiki parlamentin 5 illik müddətinin bitəcəyi tarixdə, yəni fevralın 9-da növbəti parlament seçkilərinin keçirilməsi mümkündür. Referendum olmayacaqsa, mütləq noyabr ayına qədər parlament seçkiləri keçirilməlidir” – Cəfərli deyib.

“Azərbaycanda seçkilərin keçirilməsi üçün 2 ay kifayət edir”. 

Bu sözləri isə insan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədli saytımıza açıqlamasında bildirib. 

Müsahibimiz qeyd edir ki, parlament seçkilərindən öncə referendum keçirilməsi ilə bağlı ideya varsa, may ayından gec olmayaraq, elan edilməlidir. Prinsipcə, 60 günlük müddət hər biri üçün kifayət edir. Amma referenduma daxil edilən məsələlər nə dərəcədə demokratik xarakter daşıyacaq və Konsitusiyanın demokratik qaydada dəyişməsini hədəf götürəcək, bunu bilmirik.   

“Konstitusiyanın daha da demokrotikləşməsi, ona daha mütərəqqi müddəaların gətirilməsi kimi ideyalar olarsa, bu, siyasi proseslərə müsbət təsir göstərəcək. Amma əfsus ki, Azərbaycan hakimiyyəti öz planları barədə öncədən cəmiyyəti məlumatlandırmır. Həmçinin Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar bu prosesə cəlb olunmur. Çünki beynəlxalq təşkilatlarla münasibətlər son illərdə xeyli sərinləşib. Bunun da nümunəsi Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum olmasıdır”. 

Anar Məmmədli deyir ki, referendumun keçirilməsi kimi siyasi bir prosesə başlamaq olar. Bu baş versə, Avropa ilə münasibətlər istiləşə, Avropa Şurası ilə Azərbaycan arasındakı böhran həllini tapa bilər. Referenduma çıxarılacaq müddəaları öncədən ictimaiyyətə təqdim etmək olar. Bununla bağlı Venesiya Komissiyasına ekspert rəyi üçün müraciət etmək olar. Eyni şəkildə, Avropa Şurası Parlament Assambleyasını monitorinqə dəvət etmək olar. Belə bir proses baş verərsə, bu həm daxili-siyasi münasibətlərə, həm də Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyinə müsbət təsir göstərə bilər. Bundan sonrakı müddətdə isə Konstitusiyanın tələb etdiyi qaydada parlament seçkilərini keçirmək olar. 

“Referendumun keçirilməsi ilə bağlı şayiələr dolaşır, amma informasiya qıtlığı da var və konkret bir ehtimal irəli sürmək olmur. Mən öz təxminimi deyim ki, referenduma parlament seçkilərinin keçirilməsi ilə bağlı müddəalar daxil edilərsə, parlament seçkilərinin bu il yox, gələn il keçirilməsi mümkün ola bilər. Əksinə olsa, noyabr ayına qədər parlament seçkiləri keçiriləcək. Çünki qarşımızda xeyli müddət var. Tarix imkan verir ki, seçkilər ard-arda keçirilsin”. 

Mədinə Useynova