Logo
news content
User
Kateqoriyalar

Analitika

Ötən il 13 mindən çox insan nədən ölüb?

Rəsmi məlumata görə, 2020-ci ildə Azərbaycanda 75 647 ölüm faktı qeydə alınıb. Müqayisə üçün deyək ki, 2019-cu ildə bu göstərici 55 916, 2014-2019-cu illərdə isə orta ölüm göstəricisi 56 190 nəfər təşkil edib. Başqa sözlə, 2020-ci ildə “əlavə ölüm” kimi qiymətləndirə biləcəyimiz 19 457 itki baş verib. Müharibədə hərbçilər və mülki əhali arasındakı itkiləri çıxsaq, "əlavə ölüm” 16 minə bərabər olacaq.

TƏBİB-in koronavirusla bağlı yaydığı gündəlik statistikada isə virusdan ölənlərlə bağlı bundan qat-qat aşağı rəqəmlər göstərilib. Martın 4-nə olan məlumata görə, bugünə qədər COVİD-19 nəticəsində 3232 nəfər dünyasını dəyişib.

Bəs, statistikadakı 13 minə qədər ölüm fərqi nə ilə bağlıdır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Press Klub"a bildirdi ki, bu, qeyri-dəqiq statistika ilə əlaqədardır. Onun sözlərinə görə, koronavirusa yoluxanların, vəfat edənlərin sayı rəsmi statistikada göstəriləndən daha çoxdur:

"Məlumdur ki, pandemiyanın ən ağır vaxtlarında xeyli sayda vətəndaşımız xəstəxana şəraitində ambulator müalicədən kənarda qaldı. Virusdan vəfat edənlərin bir hissəsi ümumiyyətlə, koronavirus xəstəsi kimi qeydə alınmayıb. Təbii ki, nəticədə onlar COVİD səbəbindən dünyasını dəyişənlərin statistikasında yer almayıblar. Başqa səbəblərdən dünyasını dəyişənlərin statistikası əhalinin say nisbətinə uyğun olaraq illər üzrə sabit qalır. Ötən il pandemiya bu sahədə hər şeyi mənfiyə doğru dəyişdi".

Həkim, farmakoloq Müşfiq Hüseynov isə "Press Klub"a açıqlamasında xatırlatdı ki, Azərbaycan demoqrafik cəhətdən dinamik inkişaf edən ölkədir, keçmiş sovet məkanında bu tempə görə Tacikistan və Özbəkistanla birlikdə ilk üçlükdəyik. Ölkəmizdə illik ölüm sayı 55-57 min, doğum isə 130-140 min arası dəyişir.

Hüseynov deyir ki, bu ölümlərə yaşlanma, xəstəliklər, avtomobil qəzaları, bədbəxt hadisələr, intihar və qətllər daxildir. İllər üzrə onlar çox az sayda dəyişir:

"Statistika Komitəsinin rəqəmlərinə inansaq, 2020-ci il - pandemiya ilində ölümlərin sayı kəskin artıb. Əvvəlki 5 illə müqayisədə ölüm sayında 19457 nəfər fərq var. Çox maraqlı vəziyyət yaranıb. Bunun 3 minə qədərini Vətən savaşındakı itkilərimizə saysaq, yenə 16000-dən yuxarı rəqəm alınır. Bəs, ölüm fazinin kəskin artmasının səbəbi nə ola bilər? Bizə açıqlanan rəqəmlərdə COVİD-19-dan ölənlərin sayının 3198 olduğu bildirilir. Əgər həqiqətən belədirsə, o zaman qalan 13000 nəfər nədən vəfat edib? Burda hansısa yanlışlıq var. 2020-ci ilin pandemik qapanma zamanında avtomobil qəzaları, intihar və qətllərin sayında çox ciddi azalma oldu. Əgər 2020-ci ildə ölümlərin konkret səbəbləri açıqlansa, bunu hamı görər. Səbəbi çox sadədir, insanlar uzun müddət küçəyə çıxa bilmirdilər. Deməli, xəstəliklərdən dünyasını dəyişənlərin sayında çox ciddi artm olub. Ümümən 2014-2019-cu illər ərzində Azərbaycanda xəstəliklərdən ölənlərin sayı stabil qalıb. Pandemiya zamanında ölənlərin sayının belə rəqəmlərə çatması bizə əsas verir, düşünək ki, COVİD-19 qurbanlarının sayı açıqlandığı qədər deyil, təxminən altı dəfə artıq olub. O zaman sual yaranır: niyə Operativ Qərargahın açıqladığı  rəqəmlərlə Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistika arasında ciddi fərq var? Şübhəsiz ki, xəstəxanada ölüm faktlarını azaltmaq və ya gizlətmək mümkün deyil. Bunu heç kim edə bilməz. Amma ölüm səbəbini gizlədə bilərsiniz. Məsələn, ürək, qaraciyər, şəkər və ya hipertoniya xəstəsinin ölüm səbəbini COVİD yox, "hipertonik kriz" yazmaq olar, çünki o, həqiqətən də bu səbəbdən ölüb. COVİD bu prosesdə yalnız tətikləyici rol oynayıb. Və ya götürək, 65 yaş üstü insanların ölüm səbəbini. Mən əminəm ki, onların çoxu COVİD-19-dan ölüb, sadəcə, ölüm səbəbi kmi başqa xəstəlik yazılıb. Evdə müalicə alıb, evdə ölən və ölümünə bir neçə saat qalmış evə gətirilən xəstələri də əlavə edin".

Həkim bildirir ki, istənilən halda, açıqlanan statistika bir daha COVİD-19-un çox ciddi xəstəlik və itkilərimizin göstərildiyindən daha çox olduğunu təsdiq edir:

"Bu saatdan sonra bunu nə təsdiq, nə də inkar edə bilərik. Ən böyük səbəb isə bizdə ölüm sonrası patoloji-anatomik müayinənin, yəni meyitin yarılaraq ölüm səbəbinin araşdırılmamasıdır. Əgər hər xəstədə belə müşahidə və müayinə aparılsaydı, onun hansı səbəbdən ölməsi müəyyən edilə bilərdi".

Turqut