Logo
news content
User
Kateqoriyalar

Analitika

Orta məktəb şagirdindən Tofiq Yaqublunun əleyhinə ifadə alınır

Tofiq Yaqublu tələb edir ki, Ramiz Mehdiyevin kürəkəninin məhkəməsində olduğu kimi, onun da məhkəməsinə jurnalistlər, yaxınları buraxılsın. Avqustun 25-də o, Nizami rayon Məhkəməsində bu tələblə çıxış edib.

“Neçə gündür deyirlər ki, qanun qarşısında hamı bərabərdir, Ramiz Mehdiyevin kürəkəni cəzalandırılıb. Elədirsə, o zaman onun kürəkəninin məhkəməsi kimi, bura da hamı buraxılsın, jurnalistlər canlı yayım versinlər”, - deyə T.Yaqublu bildirib.

Hakim isə əvvəlki məhkəmə iclaslarında olduğu kimi, yenə də yalnız bir nəfərin – T.Yaqublunun qızı Nigar Həzinin zala buraxılmasına icazə verib. Vəkillər buna etiraz edib: “Deyirsiniz ki, Ali Məhkəmənin qərarı, Operativ Qərargahın tövsiyəsi var, on nəfərdən artıq adam məhkəmə zalında ola bilməz. Üç gündür telekanallar Abşeron rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəninin məhkəməsini göstərir. Ali Məhkəmənin qərarı varsa, hamı üçün keçərli olmalıydı. Ən azı, iki jurnalist və Tofiq Yaqublunun qohumları buraxılsın”.

T.Yaqublu isə hakimdən tələb edib ki, 10 nəfər qadağası barədə hüquqi normanı göstərsin: “Bu ölkədə məhkəmə yoxdur, sifariş necə verilirsə, o cür də davranırsız. Birbaşa hökmü oxuyun, qurtarsın bu tamaşa. Hakim olan özünə hörmət eləyər. Siz buyruq qulusuz”.

Hakim T.Yaqublunun çıxışını məhkəməyə hörmətsizlik kimi qiymətləndirsə də, o, razılaşmayıb: “Əksinə, mən bu ölkədə məhkəmələrin hörmətli, ədalətli olması üçün mübarizə aparıram. Əlibaba və 40 quldur qaydalarının yığışdırılması üçün çalışıram. Korrupsiyaya qarşı, cinayətkarlığa qarşı mübarizə apardığıma görə buradayam. Qanuna hörməti mən tələb edirəm. Məni seçki saxtakarları, cinayətkarlar, banditlər bura salıblar.  Qanuna hörmət olsaydı, mən burada olmazdım”.

Hakim elan edib ki, şahid Əli Ağayev məhkəməyə teleqram göndərib. Yazıb ki, bundan əvvəl iki dəfə məhkəməyə gəlsə də, dindirilməyib: “Təqsirləndirilən şəxsin vəkillərinin şıltaqlığı səbəbindən ifadə verə bilməmişəm. Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. İstintaqdakı ifadəmi təsdiqləyirəm”.

Vəkillər şahidin bu mətnlə teleqram göndərməsini məhkəməyə hörmətsizlik kimi qiymətləndirib: “O şahid heç vaxt məhkəmə zalında olmayıb. Ümumiyyətlə, gəlib-gəlmədiyini də bilmirik. Məhkəmə zalında olmayan biri vəkillərin şıltaqlığını hardan bildi? Onu öyrədiblər, belə teleqram göndərib. Şıltaq onu öyrədənlərdir...”

T.Yaqublunun işi üzrə şahid kimi dindirilənlər arasında azyaşlı da var. 9-cu sinif şagirdi İsmayıl Mirzəyev avqustun 25-də məhkəmədə ifadə verəndə deyib ki, istintaq zamanı müstəntiq onu valideyni və ya başqa bir qanuni nümayəndənin iştirakı olmadan dindirib. Vəkillər bu amilə görə İ.Mirzəyevin ifadəsinin etibarsız hesab edilib, sübutlar siyahısından çıxarılması, müstəntiqin isə azyaşlını tək dindirdiyinə görə cəzalanmasını tələb ediblər.

Azyaşlı şahid iddia edir ki, hadisə günü “8-ci kilometr bazarı”nda ticarətlə məşğul olan dayısının yanına gedəndə qalmaqalın şahidi olub: “Qəfəsdəki şəxs (T.Yaqublunu göstərir) o birinin başına üç dənə yumruq vurdu...”

“Uniformalıları yaltaq, yalançı elədilər, dincəlmədilər. Uşaqları da bu cür murdarlığa alət edirlər. Gedib uşaq bağçasından da birini tutub gətirib Tofiq Yaqublunun üzünə qoysunlar...”, - T.Yaqublu məsələyə belə reaksiya verib.

Məhkəmə ifadə vermək üçün daha bir şahidi dindirmək üçün dəvət etsə də, vəkillər onun dindirilməsinə etiraz ediblər. Çünki şahid istintaqda Novruzov Cavanşir adıyla dindirilmiş şəxs kimi dəvət olunub. Onun şəxsiyyət vəsiqəsinə baxanda isə məlum olub ki, Novruz Novruzovdur.

“Bütün məmləkət məni Cavanşir kimi tanıyır. Naxçıvanda kimdən soruşsanız, məni elə tanıyır. Novruz kimi tanıyan yoxdur. Ancaq sənəddə elədir. Ona görə də Novruzov Cavanşir yazıblar”, - deyə şahid bildirib.

Vəkillər tələb edib ki, cinayət işinin materiallarında adı olan, ittiham tərəfinin də şahidlər siyahısında Novruzov Cavanşir kimi qeyd etdiyi adam dindirilsin.

T.Yaqublu da onun dindirilməsinə etiraz edib: “Kiməsə poçtla pul göndərəndə bir hərf səhv olanda vermirlər. Bu məhkəmə poçt qədər yoxdur? Bu adamın adı da saxtadır. Hələ mən ifadədən danışmıram”.

Hakim isə onu dindirməkdə israrlı olub. Dindirmə avqustun 26-da davam edəcək.

Qeyd edək ki, T.Yaqublu martın 22-dən həbsdədir. İttihamda yazılıb ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Gülər