Ölümün yeddinci səbəbindən necə qurtulmalı? – “Təbib” yol göstərir
Həkimə, dərmana pul tökmədən sağlam yaşamaq üçün bunları edin
28 Mart 2024
Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.
old.pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.
Rubrikamızın ikinci mövzusu şəkərli diabet xəstəliyidir. Statistikaya görə, hazırda Azərbaycanın tibb müəssisələrində bu diaqnozla qeydiyyatda olan xəstələrin sayı 321 min nəfərə yaxındır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu xəstəlik 2030-cu ilədək 7-ci əsas ölüm səbəbinə çevrilə bilər. Odur ki, yaxın oturun, diqqətlə oxuyun ki, sağlam olasınız.
Şəkərli diabet
Şəkərli diabet xəstəliyi endokrin sistemi xəstəliyi olub, insulin hormonunun sintezində yaranan problemlə xarakterizə olunur. Şəkərli diabet təhlükəli bir patologiyadır və tam müalicə olunmur desək, yanılmarıq. Xəstəlik zamanı insulin sintezində yaranan problemlə yanaşı, həm də onun hüceyrə və toxumalara lazımi təsirində də problemlər yaranmış olur.
Şəkərli diabet 1-ci və 2-ci tipli olaraq iki yerə ayrılır ki, bunlar da öz inkişaf mexanizmlərinə görə fərqlənirlər.
1-ci tipli diabet mədəaltı vəzinin lazımi qədər insulin istesal edə bilməməsilə xarakterizə olunur. Qida qəbulu zamanı karbohidratların da qəbul edilməsi nəticəsində qlükozanın miqdarı müəyyən qədər artır ki, bu zaman mədəaltı vəzinə insulin lazım olması haqda siqnal gəlir. İnsulin hormonunun orqanizmdə lazımi səviyyədə olması şəkər molekullarının hüceyrə və toxumalara çatdırılmasını təmin etmək üçündür. Məntiqə əsasən, insulin hormonu lazımi qədər istehsal olunmursa, deməli, çatdırılma prosesi yarımçıq qalmış olur. Bu vəziyyət “hipoqlikemiya” adlanır ki, bu da bütün diabet növlərinə aid olan əlamətdir.
2-ci tip şəkərli diabetin əmələ gəlmə sxemi bir qədər fərqlidir. Bu xəstəliyin gedişi zamanı mədəaltı vəzi insulin hormonunu normal şəkildə sintez edir, amma bunu qəbul etməli olan hüceyrə və toxumalar ona qarşı olan öz həssaslığını itirmiş olur. Həssaslığın itməsi və hüceyrə və toxumalara hormonların çatmaması nəticəsində mədəaltı vəzi daha çox və hətta böyük miqdarda insulin sintez etməyə başlayır. Bu zaman, yəni 2-ci tipli diabetin yaranması nəticəsində xəstələrdə qeyri-normal qidalanma prosesi, oturaq həyat tərzi və s. başlayır. 2-ci tipli şəkərli diabetin əlamətləri iştahanın artması, piylənmə və ya güclü arıqlama, ağız quruluğu və davamlı su içmək istəyi, tez-tez sidiyə getmə, yaraların gec sağalması, görmənin zəifləməsi, dəridə müxtəlif cür problemlər və göbələk mənşəli xəstəliklərin yaranması və sairdir. Lakin bütün bu əlamətlərə baxmayaraq, xəs-təlikdən şübhə zamanı mütləq həkim endokrinoloqa müraciət etmək lazımdır.
Xəstəlik baş verdiyi zaman sonrakı ağırlaşmalar başlamamış xəstəliyin müalicəsilə bağlı lazımi tədbirlər görülməlidir. Qeyd etmək lazımdır ki, xəstəlik tamamilə müalicə olunmur. Lakin xəstəliyin ilkin vəziyyətdə qalması, ağırlaşmaması üçün bütün tədbirlər görülərsə, xəstiliyi, necə deyərlər, “cilovlamaq” olar. İlk növbədə həyat tərzinin xəstəliyə uyğun olaraq tənzimlənməsi lazımdır. Yəni qidalanma ancaq pəhriz yeməklərilə olmalıdır. Şirin qidalar (tort, biskvit,cürbəcür şəkərli un məmulatları, şəkər və şəkər məhsulları), yağlı, kalorili qidalar və s. minimuma endirilməli və ya tamamilə qəbulu dayandırılmalıdır. Gündəlik olaraq, səhər və axşam təmiz hava gəzintiləri də çox faydalıdır.
Xəstəliyin müalicəsi məntiqi olaraq iki yolla aparıla bilər. Birincisi, müasir dərman preparatlarından istifadə edilməsidir. İkinci yol isə təbii üsullarla, dərman bitkilərilə aparılan mülicə üsullarıdır ki, biz bu haqda məlumat verəcəyik. Reseptlərə keçməzdən əvvəl şəkərli diabet zamanı faydalı olan bəzi lazımi məlumatlar verək.
Təzə hazırlanmış meyvə şirələrilə müalicə. Məsələn:
Pomidor şirəsi - maddələr mübadiləsini yaxşılaşdırır, vitamin çatışmazlığını normallaşdırır;
Topinambur – şəkərin miqdarını aşağı salır, mədə şirəsi turşuluğunu tənzimləyir;
Kartof şirəsi – gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1/4 stəkan içmək;
Yerkökü şirəsi – qlükozanın qana sorulması prosesini ləngidir;
Nar şirəsi – bir çox ağırlaşmalarda faydalıdır və s.
Şəkərli diabetin xalq təbabəti üsullarilə müalicəsi zamanı adətən üçyarpaq yonca, atpıtrağı, lobya qabığı, andız kökü, zəncirotu, gicitkən, qaragilə, kasnı və s.bitkilərdən istifadə edilir. Xəstəlik zamanı immuniteti də artırmaq çox vacib şərtlərdən biridir ki, bunun üçün də əsasən jenşen, andız, eleuterokokk və s. kimi bitkilərdən istifadə edilir. Şəkərli diabet zamanı immun zəifliyi ilə yanaşı, vitamin azlığı da müşahidə olunur ki, bunun üçün də tərkibində bol vitaminlər olan bitkilərdən quşarmudu, itburnu, mərcangilə, qarağat, moruq və s. istifadə etmək lazımdır. Kətan toxumu, dazıotu və bağayarpağı kimi bitkilər isə orqanizmdə gedən mübadilə proseslərinin sürətlənməsi üçün istifadə edilir. Şəkərli diabet zamanı xəstəliyin ağırlaşmaması, stabil vəziyyətdə tutulması üçün bildirçin yumurtasından çiy şəkildə istifadə edilməsi də çox faydalıdır.
Xəstəlik zamanı çaytikanı yağı da çox yaxşı təsir göstərir. Dəri səthini cürbəcür zədələnmələrdən qoruyur, bağırsaqlara yumşaldıcı təsir göstərir, xolesterin səviyyəsini azaldır, orqanizmdə mübadilə prosesini yaxşılaşdırır. Şəkərli diabet zamanı propolisin faydaları haqda da mütləq qeyd etmək lazımdır. Propolis orqanizmdə gedən metabolizm proseslərini yaxşılaşdırır, mədəaltı vəzinin fəaliyyətini tənzimləyir. Bir dəfəlik istifadə miqdarı 3-5 qr, gün ərzində isə 15 qrama qədər istifadə edilməsi mümkündür.
Xəstəlik zamanı gündəlik olaraq (müntəzəm şəkildə) yüngül idman hərəkətləri etmək çox faydalıdır. Belə ki, fiziki hərəkətlər zamanı qanla gələn qlükozada sürətlə oksidləşmə prosesi gedir, bu da şəkərin miqdarının aşağı düşməsilə nəticələnir.
Reseptlər.
- Topinambur. Müalicə prosesində bu bitkinin kök yumrularından istifadə edilir ki, bu da adi kartofa çox oxşayır. Bitkiyə yeralması da deyilir və tərkibində olan inulin maddəsinin təsirilə bir çox birləşmələr fruktozaya qədər parçalanır. Şəkərli diabet xəstəliyində bitkinin kök yumrularından həm bişmiş, həm də çiy şəkildə istifadə etmək məsləhət görülür. Amma çiy şəkildə (salatlara əlavə etmək şərtilə) qəbulu daha çox faydalı hesab olunur.
- Dəfnə yarpağı. 10 ədəd dəfnə yarpağı (quru halda) götürüb, 2 stəkan qaynar suya əlavə edib, ağzı kip bağlı halda 2 saat saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 40 ml içmək. Müalicəni 10 gün davam etdirmək, sonra 3 gün fasilə verdikdən sonra yenidən 10 gün etmək.
- Darçın və Zəncəfil. Darçın orqanizmdə gedən prosesləri normallaşdırır, qlükoza miqdarını aşağı salır, iltihabi prosesi aradan qaldırır. Bəli, darçın öz hipoqlikemik təsirini 5 saata qədər saxlayır, amma yüksək qan təzyiqi olan adamlar üçün istifadə edilməsi məsləhət gö-rülmür. Zəncəfil kökü də öz tərkibində olan faydalı birləşmələrə görə metabolizm prosesi üçün çox faydalıdır. Bundan başqa, qanda şəkərin miqdarını aşağı salır, tonusartırıcı və antibakterial təsir göstərir və s.
- Hər birindən eyni miqdarda olmaqla (məs: 50 q) quru və xırdalanmış halda zəncirotu kökü, qaragilə yarpağı və gicitkən yarpağı götürüb, hamısını yaxşı-yaxşı qarışdırmaq. Sonra ümumi qarışıqdan 2 dolu xörək qaşığı götürüb, termosa qoymaq, üzərinə 0,6 litr qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu 3 yerə bölüb, yeməkdən 15 dəq. qabaq 1/3 hissə içmək.
- Qaragilə yarpaqlarını digər bitkilər olmadan, yəni tək olaraq da hazırlamaq olar. Bunun üçün bitkidən quru və xırdalanmış halda 2 görək qaşığı götürüb, termosa qoymaq, üzərinə 0,6 litr qaynar suya əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 150-180 ml içmək.
- Şəkərli diabetin normallaşdırılması üçün Kətan toxumundan istifadə etmək olar. Bunun üçün bitkidən 2 görək qaşığı götürüb termosa qoymaq, üzərinə 0,6 litr qaynar suya əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 150-180 ml içmək.
- Aslan pəncəsi bitkisi (Alchemilla vulgaris). Bitkinin yerüstü hissəsindən quru və xırdalan-mış halda 2 görək qaşığı götürüb termosa qoymaq, üzərinə 0,6 litr qaynar suya əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 150-180 ml iç-mək. Bu bitki də şəkərin miqdarını normallaşdırmaq xüsusiyyətinə malikdir.
- Limondan mütəmadi istifadə edilməsi çox faydalıdır. Bunun üçün gündə 1 dəfə 50 q limon şirəsi götürüb, üzərinə 1 ədəd yumurta əlavə edib, yaxşı-yaxşı qarışdırmaq və yeməkdən yarım saat qabaq içmək. Bu qarışığı 3 gün qəbul etmək, sonra 3 gün fasilə vermək və bu cür növbələşmə ilə müalicə 3 ay davam etməlidir.
- Quruca otu (Gnaphalium uliginosum). Bitkinin yerüstü hissəsindən quru və xırdalanmış halda 1 görək qaşığı götürüb termosa qoymaq, üzərinə 0,3 litr qaynar suya əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 2 xörək qaşığı içmək. Bitki şəkərin miqdarını normallaşdırmaq xüsusiyyətinə malikdir.
- Kasnı (Chicorium). Bitkinin yerüstü hissəsindən və ya köklərindən quru və tam xırdalan-mış halda götürüb gündə 3 dəfə yeməkdən 10 dəq. qabaq 1 çay qaşığı içmək. Bitki şəkərin miqdarını normallaşdırmaq üçün çox yaxşı vasitədir.