Logo
news content
User
Kateqoriyalar

Analitika

Neft ölkəsi Azərbaycan karantin cərimələrini niyə bağışlamadı?

Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, karantin rejimi qaydalarını pozduğuna görə cərimə olunanlar cərimələri ödəməsələr, axtarışa veriləcəklər. DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin olunmalıdır. Cərimə ödənilməsə, müvafiq qaydada ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. "Vətəndaş bilməlidir ki, barəsində tətbiq olunan pul cəriməsi onun üzərində borc yükü kimi qalır. Məhkəmə tərəfindən inzibati icraata uyğun olaraq onun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Yəni 30 gün ərzində cərimə ödənilməsə, probasiya və məhkəmə xətti ilə onun ödənilməsi təmin olunacaq. Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur. Axtarış üzrə isə vətəndaş tapılaraq, cərimənin ödənilməsi təmin edilir”, - deyə E.Hacıyev vurğulayıb.

Qonşu Gürcüstanda isə hökumət bununla bağlı bir neçə ay öncə fərqli qərar verib. Karantin rejimi qaydalarının pozulmasına görə yazılmış cərimələr silinib. Hökumətin qərarı ilə 245 min fiziki və 344 min hüquqi şəxs cərimələrdən azad edilib.

Bəs, Gürcüstandan qat-qat artıq iqtisadi imkanlara malik olan neft-qaz ölkəsi Azərbaycanda bu addım niyə atılmır? Nəzərə alsaq ki, 2020-ci ildə hökumət pandemiya ilə mübarizəyə 3.5 milyard, bu il isə 2 milyard manatdan artıq vəsait ayırdığını bəyan edib. Bundan başqa, Beynəlxalq Valyuta Fondundan 1 milyard manata yaxın, Asiya İnkişaf Bankından 100 milyon dollar, Asiya İnvestisiya Bankından isə 250 milyon dollar kredit cəlb edilib ki, burada əsas hədəf pandemiyanın zərbə vurduğu iqtisadiyyatı dirçəltmək, məşğulluğu təmin etməkdir. Rəqəmlərdən göründüyü kimi, ölkənin maliyyə durumu imkan verir ki, karantin cərimələri bağışlansın.  

Statistik rəqəmlər də göstərir ki, sərt karantin şəraitində əhalinin gəlirləri azalıb, iş yerlərinin bir hissəsi bağlanıb, bahalaşma, dərman və müalicə tədbirlərinə çəkilən xərclər ailələrin yükünü xeyli ağırlaşdırıb. Amma hökumət bu haqda düşünmək əvəzinə, pensiya müavinətlərini kütləvi şəkildə kəsməyə başlayıb, nəticədə 184 mindən çox insanın sosial vəziyyəti pisləşib. 

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədrinin müavini Musa Urud bu barədə jurnalistlərin sualına cavab verərkən deyib ki, hökümətin əsas diqqəti cərimələrə yox, pandemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib. Onun sözlərinə görə, ilk hədəf kütləvi vaksinasiya olunmaqla, virusa qalıb gəlməkdir: 

"Cərimələr dövlət büdcəsinə ödənilir və insanları qaydalara tabe olmağa məcbur edir. Hesab edirəm ki, ilk növbədə DİN karantin qaydalarının pozulmasına görə yazılmış cərimələri təhlil etməlidir. Müəyyən olunmalıdır ki, cərimələr tətbiq edildikdən sonra vəziyyət necə olub. Ola bilərdi ki, cərimələr tətbiq edilməsəydi, daha acınacaqlı vəziyyət yaranardı. Ümumiyyətlə, hökümətin məqsədi o deyil ki, insanlara cərimə yazılsın və ya bu cərimələr hesabına büdcəni doldursun. Azərbaycanın buna ehtiyacı yoxdur. Burada söhbət insanları qaydalara sövq etməkdən gedir".

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov "Press Klub"a şərhində bidirdi ki, inzibati cərimə növündə inzibati tənbehetmə haqqında qərarın icrası İnzibati Xətalar Məcəlləsi (İXM) və “İcra haqqında” qanunla tənzimlənir. Onun sözlərinə görə, İXM-nin 150-ci maddəsinin tələblərinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra otuz gündən gec olmayaraq, inzibati cərimə ödənməlidir: 

"Bu müddətdə inzibati cərimə ödənilmədikdə, cərimənin ödənilməsi əməkhaqqına, təqaüdə, pensiyaya və ya digər gəlirlərə yönədlilir. Bu halda da inzibati cərimənin ödənilməsi mümkün olmadıqda İXM-yə və “İcra haqqında” qanuna müvafiq olaraq digər məcburiyyət tədbirləri görülür. İnzibati cərimə növündə inzibati tənbehetmə haqqında qərarın icrası 5 il müddətində icra edilmədikdə daha icra olunmur". 

Hüquqşünas qeyd etdi ki, İXM-ə 21 fevral 2021-ci il tarixdə edilən dəyişikliyə qədər inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti 1 il idi: 

"21 fevral 2021-ci ildə İXM-ə əlavə edilən 146.1-1.-ci maddə ilə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti 5 il müəyyən olundu. Yəni bu dəyişikliyə qədər inzibati cərimə növündə qərar 1 il müddətində icra edilmirdisə, daha sonra icra edilmirdi. Hazırda isə inzibati cərimə növündə qərarın icra müddəti 5 il müəyyənləşdirilib. Maraqlıdır ki, COVİD-19 pandemiyası ilə bağlı bir sıra ölkələr bu tipli ödənişlərin ləğvi barədə qərarlar qəbul etdikləri halda, bizim dövlətimiz COVİD-19-la əlaqəli inzibati cərimə növündə qərarların icra müddətini 5 dəfə artırıb. Bundan başqa, cərimələri ləğv etmək bir yana qalsın, heç 2020-ci ilin aprelin 1-dən 14-dək Dövlət Yol Polisi əməkdaşlarının səlahiyyətləri olmadığı halda, tərtib etdikləri 18 786 qanunsuz inzibati tənbeh qərarı da ləğv edilmədi. Bütün bunların fonunda sonra da bəyan edilir ki, bizim dövlətimiz sosial dövlətdir…"

Turqut