Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskvanın əsl niyyəti kifayət qədər şəffafdır
Ekspert: “Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır”

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”. Bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.


Düzünü desəm, sərhəd dirəyini quraşdırdığımıza şadam. Axı sərhəd təkcə Ermənistan üçün deyil, Azərbaycan tərəfi üçün də müəyyən edilir”, - o deyib.


Spiker vurğulayıb ki, hər hansı birtərəfli güzəştdən söhbət getmir, Ermənistan sərhədinin bir millimetri belə müzakirə mövzusu deyil.


Heç kim Ermənistanın heç bir ərazisini təslim etmir”, - deyən Simonyan əlavə edib ki, tərəflər irəlilədikləri ərazidən geri çəkiləcəklər.


Spikerin sözlərinə görə, dirəyin quraşdırılması bir şeyi dəqiqləşdirir: Azərbaycan tərəfi dirəyin o biri tərəfində Ermənistan olduğunu tanıyır. Simonyan hesab edir ki, bu gün Tavuş bölgəsi əvvəlkindən daha çox qorunur.


Bundan əlavə, parlamentin spikeri Azərbaycanla sərhədin delimitasiyasına başlanmasına etiraz edən Ermənistan sakinlərini tənqid edib.


İndi mən anlamaq istəyirəm ki, onlar müharibə zamanı nə edirdilər? Heç nə! Amma indi boş söhbətlərlə məşğuldurlar. İndi onlar, üçüncü ölkənin təhriki ilə, Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaqla məşğuldurlar. İstəyirlər ki, “məsələləri həll edənlər” ortaya çıxsın, sülhməramlılar peyda olsun. Bizə sülhməramlılar yox, sərhədə nəzarət etmək lazımdır. Bu proseslərdən divident qazanmağa çalışanlar uğur qazana bilməyəcəklər, ziyana uğrayacaqlar. Onların cəmiyyətə deyəcəyi söz yoxdur, dedikləri də kənardan diktə olunur. Ermənistan vətəndaşları bunu çox gözəl anlayır”, - Simonyan bildirib.


Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi aprelin 19-da dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən bəyan edib ki, Ermənistan və Azərbaycan sərhədin delimitasiyasına Tavuş vilayətindən başlamaq və iyulun 1-nə kimi delimitasiya komissiyalarının birgə fəaliyyəti barədə əsasnamə layihəsinin təsdiqini başa çatdırmağa razılaşıblar.


Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünənki brifinqdə dedikləri də maraqlıdır.


Biz ondan çıxış edirik ki, sazişlər davamlı, balanslaşdırılmış və tərəflər üçün qarşılıqlı məqbul olmalıdır. Onlar regionda davamlı sülhə nail olmaq üçün əsas rolunu oynamalıdırlar. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında delimitasiya üzrə üçtərəfli sazişlər əsasında tərəflərə məsləhətlərlə yardım göstərməyə hazır olduğumuzu təsdiq edirik”, - deyə Zaxarova bildirib.


Beləliklə, Moskva sanki hələ də oyundan çəkilmədiyini göstərməyə çalışır. Əks halda, “tərəflərə məsləhətlərlə yardımı göstərməyə hazır olmaq” ifadəsini başqa necə başa düşmək olar?


Bəs Bakı və İrəvan heç bir məsləhətçi və ya “xeyirxah tərəf” olmadan, sərhədləri müstəqil şəkildə öz aralarında müəyyən etmək iqtidarında olduqlarını açıq şəkildə nümayiş etdirmədilər? Moskva niyə inadla delimitasiya prosesinə qarışmaq istəyir?


Müstəqil politoloq Xəqani Cəfərli Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini açıqlayıb.


Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesində iştirak etmək niyyəti Cənubi Qafqazdakı mövqelərini qoruyub saxlamaqla yanaşı, Bakı ilə İrəvan arasında münasibətlərə təsir etmək imkanını qorumağa da yönəlib.


Sülhməramlıların Qarabağdan çıxarılmasından sonra Moskvanın prosesə hərbi təsir etmək imkanı qalmayıb. Hərbi güc yolu ilə təsir imkanlarını itirdiyindən, indi diplomatik güc vasitəsilə prosesdə iştirakını təmin etmək istəyir. Üstəlik, delimitasiyanın çox uzun bir proses olduğunu nəzərə alsaq, Rusiyanın bu prosesdə iştirakı qəbuledilməzdir. Rusiyanın əsl niyyətləri məlumdur. Moskva Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır. Ona görə də, tərəflər Rusiyanın vasitəçiliyini tamamilə rədd etməlidirlər”, - Cəfərli bildirib.

Rauf Orucov