Logo
news content
User
Kateqoriyalar

Analitika

“Karantində növbələrdə sürünürük, halal pulumuzu geri ala bilmirik”

Lisenziyası ləğv olunmuş “NBC Bank” və “AtaBank”ın bəzi əmanətçilərinin pullarını geri ala bilməməsi ilə bağlı problem davam edir. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Mərkəz Bank həmin banklara əmanət qəbulunu qadağan etdikdən sonra da onlar əmanət qəbul etməyi davam etdiriblər. Nəticədə sığortalanmayan bu əmanətlər indi qaytarılmır.

“AtaBank” əmanətçisi Jalə Qəmərova ”Press Klub”a bildirdi ki, 2019-cu il iyunun 18-də bankın Nərimanov filialına 30 min manata yaxın pul qoyub:

“Özüm bank işçisiyəm və əmanət yerləşdirərkən bütün nüanslara diqqət yetirmişəm. Əmanətimiz tam sığortalı idi. Noyabr ayında Nərimanov filialı bağlandı. Filial bağlana bilər, bu halda həmin filialın əmanətləri, kreditləri ilə bağlı məlumatlar digər filiallarla köçürülür. Həmin köçürmə prosesində əmanətlərin faizi düşüb aşağı, 10% olub. Biz əmanət qoyan zaman 12% idi. Əmanətlərin Sığortalanması Fondu isə bildirir ki, sizin əmanətiniz sığortasızdır. Onlar qeyd edir ki, guya “AtaBank” həmin filial bağlanan tarixdə bizim əmanətləri sıfırlayıb, yenidən müqavilə bağlayıb. Halbuki biz bundan bixəbərik. “AtaBank” mənim əmanətim olan çıxarışı verdikdə, bütün faizlərin hamısı yerli yerində idi. Bank sahəsinə bələd olanlar bilir ki, əmanətlər sıfırlanan zaman faizlər də sıfırlanır, mənə verilən çıxarışda bütün fazilər yerindədir, müqaviləmdə də heç bir dəyişiklik olmayıb. ƏSF-in nümayəndəsinə bildirdim ki, əgər mənim müqaviləm yenilənibsə, bəs, hardadır yeni müqaviləm?! Sualıma cavab vermirlər”.

J.Qəmərovanın sözlərinə görə, “AtaBank”ın yüzlərlə əmanətçisinin fərqli problemləri var:

“Deməyə hər hansı tutarlı bir arqumentləri yoxdur. Yalnız onu deyirlər ki, düzələcək, gedin… Çox pis vəziyyətdə qalmışıq. Biz əmanətləri prezidentin çağırışına görə banklara qoyduq ki, pul dövriyyədə olsun. Bu dönəmdə, belə bir pandemiya vəziyyətində, milləti küçələrə salıblar. Bu, artıq maliyyə sektoruna böyük bir zərbədir. Artıq hamı bilir ki, bundan sonra banklara pul qoymaq olmaz. İnsanların bank sektoruna inamı itdi...”

“NBC Bank”ın əmanətçisi Kəmalə Hacıkişiyeva isə bildirdi ki, 2020-ci ilin  fevralında bu banka 30 min manatdan yuxarı əmanət yerləşdirib:

“İyunun 19-da Əmanətlərin Sığortalanması Fondundan bildirdilər ki, pullarınız bizdə sığortasız görünür, ödəyə bilmərik. Halbuki əmanət fevralın 14-də sığortalı olaraq qoyulub. Dedilər ki, “NBC Bank” bu əmanətləri götürməli deyilmiş. ƏSF-in nümayəndəsi Samir bəy qeyd etdi ki, bununla bağlı məhkəmədə iş gedir. ƏSF əlimizdə möhür və imzalarla təsdiq edilmiş müqavilələrimizi sığortasız hesab edir. Yüzdən çox adamın əmanətlərini vermək istəmirlər”.

“NBC Bank”ın digər əmanətçisi Şəbnəm Eyvazova qeyd etdi ki, bu banka 2019-cu ilin noyabr ayında 6 min, 2020-ci ilin fevralında isə 3 min manat əmanət yerləşdirib:

“Sonuncu yerləşdirdiyim 3 mini qaytarmırlar ki, güya sığortalı deyil. Bankın əmanəti qəbul etməyə icazəsi yox imiş. Mən də bildirirəm ki, mənim burda hər hansı günahım yoxdur, siz ictimaiyyəti, müştərini xəbərdar etməli idiniz ki, bu banklara pul qoymaq olmaz. Deyirəm ki, heç olmasa, birinci dəfə yerləşdirdiyimiz vəsaiti verin, ikinci əmanəti araşdırarsınız. Heç bir məbləği geri qaytarmırlar. Qalmışıq belə... ƏSF da problemləri bankın üzərinə atır, gah deyirlər ki, gedin, bankla həll edin, gah da deyirlər ki, bir aya həll olunacaq. Mənim bildiyim 500 nəfərə yaxın insan var ki, bu problemi yaşayır. Karantində növbələrdə sürünürük, gedib öz halal pulumuzu geri ala bilmirik. Xahiş edirik, problemimizi geniş şəkildə işıqlandırın ki, dövlət başçısı insanların nə vəziyyətdə olduğunu bilsin”.

Ülviyyə Şahin