Logo
news content
User
Kateqoriyalar

Analitika

İşdən çıxan məhkəmə hakimi ətrafında müəmma...

Sosial mediada əsas müzakirə mövzularından biri Sabunçu rayon Məhkəməsinin keçmiş hakimi Samir Talıbovla bağlı məsələdir. Cəmi 1 il 4 ay hakimlik edən S.Talıbovun səlahiyyətlərinə apreldə xitam verilib. Rəsmi səbəb olaraq onun hakimlikdən uzaqlaşmaq istəyini ifadə edən şəxsi ərizəsi göstərilir. Amma Talıbovun baxdığı bir siyasi işdən sonra hakimlikdən uzaqlaşması suallar ortaya çıxarır. Söhbət AXCP fəalı Aqil Hümbətovun xeyrinə verilən qərardan gedir.

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə hökuməti tənqid edirdi. Martın 29-da axşam onun bu qəbildən növbəti videosu yayılıb. Ertəsi gün küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən onu polislər tutub, bölməyə aparıblar. Bir qədər sonra Xəzər rayon Polis İdarəsinin 1 saylı polis bölməsinə gələn həkimlər Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra xəstəxanaya Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbov gəlib. Hakim onunla söhbətləşdikdən sonra Aqilə deyilib ki, “evinə gedirsən.” A.Hümbətov xəstəxanadan buraxıldıqdan sonra “Facebook”da canlı yayımda bildirmişdi ki, evinə gəlmək üçün taksi pulunu da hakim öz cibindən verib.

Sonradan məlum oldu ki, A.Hümbətov məhz S.Talıbovun çıxardığı qərar əsasında xəstəxanadan buraxılıb.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov Sabunçu rayon Məhkəməsinə ərizə yazıb ki, A.Hümbətov martın 30-da xəstəxanaya Xəzər rayonu, 1-ci polis bölməsinin məktubuyla gətirilib. Polis məktubda yazıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var. Xəstəxananın Həkim-Məsləhət Komissiyası da onu müayinə edib, “şəxsiyyətin paranoyal tip pozuntusu” diaqnozu qoyub, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Lakin hakim S.Talıbov baş həkimin ərizəsinə “yox” deyib. Qərarda da yazıb ki, A.Hümbətovun məcburi psixiatriya xəstəxanasında saxlanılması üçün kifayət qədər əsaslar göstərilməyib.

S.Talıbov aprelin 1-də Aqili xəstəxanadan çıxarsa da, o, bu gün yenə həmin xəstəxanadadır. Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov baş həkimin şikayətini təmin edib və dərhal da onu tutub, yenidən Maştağaya aparıblar.

Aprelin 1-də çıxardığı bu qərardan bir neçə gün sonra S.Talıbovun hakimlik səlahiyyətinə xitam verilib. Hakimə yaxın mənbələr iddia edir ki, onu məhz bu işə görə ərizə yazmağa məcbur ediblər. Sabunçu rayon Məhkəməsindəki başqa bir mənbə isə “Press Klub”a bildirdi ki, S.Talıbov uzun müddətdir məhkəmə sistemində işləsə də, hakimlik təcrübəsi çox deyildi: “Ali Məhkəmədə hakim köməkçisi işləmişdi, 2018-ci ilin dekabrında hakim təyin olunmuşdu. Bir ildən bir az çox işlədi. Hakimlik onun ürəyincə deyildi...”

Keçmiş vəkil Rəşid Hacılı qeyd etdi ki, Azərbaycanın məhkəmə sistemində hakimin xüsusən siyasi xarakterli işlərdə öz iradəsinə uyğun qərar verməsi riskli addımdır. Onun fikrincə, bu addımı atan hakim həm də özünə cəza fərmanına imza atmış olur: “Qəti şəkildə deyə bilmərəm ki, hakimin çıxarılmasının səbəbi bu məsələdir. Amma məhz bu qərardan az sonra çıxarılması deməyə əsas verir ki, onun səlahiyyətlərinə xitam verilməsində həmin qərarın rolu olub. Qərarı oxuyanda gördüm ki, hakim normal qərar çıxarıb və gəldiyi nəticəni də əsaslandırıb. Göstərib ki, şəxsin məcburi qaydada psixiatriya xəstəxanasında saxlanılması üçün əsaslar yetərli deyil. Əslində, hakimin bu cür qərar verməsi normaldır. Amma Azərbaycan gerçəkliyində bu, anormaldır. Adi işlərdə ədalətli qərarlara nadir hallarda da olsa, rast gəlmək olur. Amma siyasi işlərdə bu, risklidir”.

R.Hacılı bildirdi ki, Azərbaycanın məhkəmə sistemində rüşvətsiz yaşamaq, ədalətli qərarlar vermək istəyən hakimlər, az da olsa, var. Amma ümumi sistem onlara bunu reallaşdırmağa imkan vermir.

Gülər