Logo
news content
User
Kateqoriyalar

Analitika

Elxan Şahinoğlu: “Azərbaycan-Türkiyə münasibətləri Rusiyada qıcıq yaratmır”

Müəllif: Ülviyyə Şahin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana rəsmi səfərə gələcək. O, Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək. Səfər zamanı bir sıra rəsmi sənədlərin imzalanması gözlənilir.

Ərdoğanın səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iki dövlət arasında siyasi, iqtisadi, hərbi əlaqələrin sıx inkişaf etdiyini söylədi:

“Hər il birgə hərbi təlimlər keçirilir, ticarət əlaqələri artır. Düzdür, Ərdoğanın hədəfi ticarət həcmini on milyard dollara çatdırmaqdır. Bu hədəfə çatmaq üçün müəyyən əlavə işlər görülməlidir. Azərbaycanın Türkiyədə böyük yatırımları var və bunun həcmi iyirmi milyard dollar civarındadır. Siyasi əlaqələr də yüksək səviyyədədir. İlk dəfə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql olunacaq. Yəni elə bir məsələ yoxdur ki, iki qardaş dövlət arasında münasibətlərdə hər hansı problemə səbəb olsun. Sadəcə, iqtisadi və ticarət əlaqələrini daha üst səviyyəyə qaldırmaq lazımdır.”

Bildiyimiz kimi, Türkiyə prezidenti fevralın 3-də Ukraynaya rəsmi səfər edib və bu ölkəyə açıq dəstək nümayiş etdirib. İndi isə Azərbaycana gəlir. “Rusiya ilə münasibətlərin soyuması fonunda Türkiyənin postsovet ölkələrinə diqqəti artırmasını necə dəyərləndirirsiniz?” sualına E.Şahinoğlu belə cavab verdi:

“Bəli, Ukraynaya səfər Türkiyə-Rusiya münasibətlərində müəyyən gərginliklərin yaranması fonunda baş verdi. İdlib və Liviya məsələlərində Rusiya ilə Türkiyə arasında fikir ayrılığı var. İki yerdə də atəşkəs olmalı idi, amma buna riayət olunmur. Bu da Rusiya-Türkiyə münasibətlərində sualların sayını artırır. Ona görə də, Ərdoğan Ukraynaya səfər edərkən bildirdi ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krım Ukraynanın ərazisidir. Ola bilsin ki, bu da Rusiyada müəyyən neqativ yanaşmalara səbəb oldu . Amma Azərbaycanla münasibətlər fərqlidir. Azərbaycanla Türkiyə qardaş ölkələrdir və bu səfərlər hər zaman həyata keçirilir. Bu da Rusiyada heç bir qıcıq yaratmır”.