Logo
news content
User
Kateqoriyalar

Analitika

Əlimiz ətə niyə çatmır? 
Ekspertlər Bakıda ətin niyə bahalaşdığını açıqlayır

2022-ci ildə də davam edən bahalaşma ət və ət məhsullarından yan keçməyib. Satış yerlərində apardığımız monitorinq zamanı öyrəndik ki, qiymətlərdə 1-2 manat artım var. Dekabrda paytaxtın bəzi ərazilərində kiloqramı 10.50-11 manat olan dana əti hazırda 12, 12.50 manata təklif edilir. Marketlərdə sümüksüz ətin kiloqramı isə 14 manatdan 15-15.50 manata qədər bahalaşıb. 

Azərbaycanda ət və ət məhsullarının alınmasına əhali hər il 4 milyard manata yaxın pul xərcləyir. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda ərzaq məhsullarının pərakəndə alışına 21 milyard 684 milyon manat xərclənib. Həmin vəsaitin 3 milyard 846 min manatı, yəni əhalinin bütün ərzaq xərclərinin 18 faizi məhz ət və ət məhsullarına sərf edilib.

Satıcılar bahalığın səbəbini rayon bazarlarında diri heyvanların qiymətinin artması ilə əlaqələndirirlər. Bayıl qəsəbəsində ət satışı ilə məşğul olan Rafiq deyir ki, ötən ay 150 kiloqram ət verən dananı Bərdə mal bazarından 1250 manata almışdısa, indi 1500 manatdan bahadır. "Yol xərci də bahalaşıb, baytarların haqqını da artırıblar, bizə ətin kiloqramında heç 1 manat pul qalmır", - o, qeyd edib. 

Satıcı bildirir ki, əhalinin alıcılıq qabiliyyəti yaxşı deyil: "Ötən il bir heyvanı bir günə satıb qurtarırdıqsa, indi 2-3 gün çəkir, camaatı qınamıram, haradan alsın?! Elə adam var, yarım kilo ət alır, hətta gəlib sümük qırıntılarını yığıb aparanlar var".

Rafiq deyir, rayonlarda ətlik heyvanların bahalaşması qidalanma xərcinin artması ilə bağlıdır. "Bazara mal gətirən kəndli deyir, yemin, otun qiymətindən xəbərin var? O da bizimlə bir ölkədə yaşayır, hər şeyi əvvəlkindən indi baha alır, məcburdur, əlindəkini daha yaxşı qiymətə satsın", - deyə satıcı vurğulayır.    

İqtisadçı Rövşən Ağayev bildirir ki, fermerlərin mənafeyini qoruyan normal assosiasiya və birliklər olsa idi, qiymət artımını yazıb, danışıb əsaslandırmalı idi. "Heyf ki, yoxdur. Ərzaq təhlükəsizliyinin əsas ağırlığı və məsuliyyətini daşıyan fermerlərin qədir-qiyməti dövlət tərəfindən bilinən ölkədə bunu hökumət də edir. Söhbət süd-ət-yem paritetinin müntəzəm olaraq hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmasıdır", - iqtisadçı vurğulayıb. 

R.Ağayevin sözlərinə görə, beynəlxalq təcrübədə südün qiymətinin o həddi optimal hesab edilir ki, süd-yem pariteti 1:1,5 həddində olur: "Yəni fermer satdığı 1 litr südlə 1,5 kq yağlı yem ala bilir. Hazırda Azərbaycanda süd zavodları kəndlilərdən südü maksimum 45 qəpiyə alır. Bu o deməkdir ki, gərək 1 kq kalorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir? Fermerlərdən və satış şəbəkələrindən topladığım məlumata görə, təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının hər kiloqramı minimum 60 qəpik, xüsusi tərkibli kalorili yemlərin qiyməti 0.8 manatdır - yəni orta hesabla 0.7 manat. Yəni fermer satdığı südün qiymətilə 1.5 kq əvəzinə 0,6 kq yem ala bilir".

Ekspert əlavə edir ki, eyni paritet ətə münasibətdə də mövcuddur - 1 kq ətin qiyməti 20 kq kalorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər. Hətta günlər baş verən bahalanma nəzərə alınmaqla, bu paritet qoyun ətinə münasibətdə 15-ə, mal ətinə münasibətdə 12-yə bərabərdir. Yəni optimal hesab olunan həddən xeyli aşağı. 

R.Ağayevin sözlərinə görə, ölkədə yem kifayət qədər bahadır. Ekspert deyir ki, ətin qiymətini ucuzlaşdırmaqla bərabər, yemin də qiymətini necə ucuz etməyin yolları barədə ciddi düşünmək lazımdır. "Əks halda, insanlar imkan tapdıqca başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq. Sadəcə indi alternativ yoxdur - fermerçilik icbari əməyi xatırladır", - iqtisadçı vurğulayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyinə görə, adambaşı ət norması il ərzində 78 kiloqram olmalıdır. Maraqlıdır ki, Nazirlər Kabinetinin təsdiqlədiyi minimum istehlak səbətində Azərbaycanda əməkqabiliyyətli əhali üçün illik adambaşı ət və ət məhsulları istehlakı cəmi 33 kiloqramdır. Yüksək gəlir qrupuna daxil olan ölkələrdə adambaşına düşən ət istehlakı göstəricisi təxminən 100 kiloqram civarındadır.

Azərbaycanın qida rasionunda ət mühüm ərzaq məhsulu sayılsa da, rəsmi rəqəmlərdən aydın olur ki, ölkədə ət istehlakı ÜST-ün müəyyənləşdirdiyi normadan təxminən iki dəfə geri qalır. Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, ötən il Azərbaycanda adambaşına düşən ət və ət məhsulları istehlakı cəmi 40.8 kiloqram olub. Son beş il ərzində adambaşına düşən ət istehlakı təxminən 20 faizə yaxın artsa da, ümumi nəticə yenə yetərsiz sayıla bilər. Rəqəmlərdən aydın olur ki, əhali, əsasən, mal (40 faiz) və quş (36 faiz) ətinə üstünlük verir.

Azərbaycan bu göstəriciyə görə MDB məkanında ən son yeri tutan ölkələrdəndir. Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, adambaşına düşən ət istehlakı Belarusda 97, Rusiyada 76, Qazaxıstanda 74, Moldovada 56, Qırğızıstanda 42 kiloqramdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə də həmin göstərici 71 kiloqramdan yüksəkdir.

Elçin Eldaroğlu