Logo
news content
User
Kateqoriyalar

Analitika

Eldar Həsənovun məhkəməsi qalmaqallı başladı 

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, 2001-ci ildən 2020-ci ilin avqustunda həbs olunana qədər isə Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun mühakiməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 

Keçmiş səfirin işi üzrə məhkəmə prosesi qalmaqallı başlayıb. Məhkəmədə Eldar Həsənovun vəziyyəti pisləşib, onun vəkilləri ilə hakimlər arasında kəskin mübahisə yaranıb. Hətta hakim vəkillərdən birinin məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Məhkəmə prosesini işıqlandıracaq jurnalistlərlə bağlı əvvəlcədən siyahı müəyyənləşdirilməsi, yalnız APA, “Trend” agentlikləri, “Real TV” və ATV əməkdaşlarının məhkəmədə iştirakına icazə verilməsi vəkillərin etirazına səbəb olub. Vəkil Adəm Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs telekanalların çəkiliş aparmasına razı deyil: “Müstəqil media orqanlarının əməkdaşlarını buraxmırsız, amma telekanallara çəkiliş aparmağa icazə verirsiz...”

Müdafiəçilər vurğulayıb ki, yalnız hökumətyönlü media orqanlarının əvvəlcədən müəyyənləşdirilmiş siyahı üzrə məhkəməyə buraxılması məhkəmənin açıqlığı prinsipinin bəri başdan pozulmasıdır.

Hakimlər müdafiə tərəfinin iradlarını nəzərə almayıb. Əksinə, etiraz edən vəkil Adəm Məmmədovun özünün zaldan çıxarılmasına göstəriş verilib. Bu zaman digər üç vəkil də həmkarlarına qarşı davranışa etiraz olaraq məhkəmə zalını tərk etmək istəyib.

“Gedin. Sizsiz də məhkəmə prosesini keçirəcəm...”, - hakim Əfqan Hacıyev belə deyib.

Eldar Həsənov vəkillərinə üz tutaraq deyib ki, telekanalların çəkiliş aparmasına etiraz etmir: “Eybi yox, çəksinlər, nəyi göstərəcəklər ki...”

Vəkillər Eldar Həsənovun şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi haqda vəsatət qaldırıblar.

“Eldar Həsənov ağır xəstədir, havasız yerdə saxlanması onun vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Onun xəstəliyi elədir ki, qəfildən başı gicəllənir, yıxılır”, - deyə vəkil Cavad Cavadov vəsatəti əsaslandırıb.

Hakimlər onun şüşə kabinədən çıxarılmasına razılıq verməyib.

Vəkillərin daha bir istəyi məhkəmə prosesinin daha böyük zalda keçirilməsi olub. Vəkil Cəlil Mirzəyev bildirib ki, indiki pandemiya şəraiti də bunu zəruri edir. 

Adəm Məmmədov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında terrorçuluqda ittiham edilən ermənilərin mühakimə olunduğu zalı yada salıb: “Bir müddət əvvəl bu məhkəmədə erməni təxribatçılarının işinə böyük, müasir zalda baxılırdı. Eldar Həsənov Baş prokuror olub, generaldır, uzun illər dövlət vəzifəsində çalışıb. Erməni təxribatçılarına qoyulan hörmət ona qoyulmur”.

Vəkil Adəm Məmmədov

Hakim Əfqan Hacıyev məhkəmə prosesinin keçirildiyi zalı da dəyişməkdən imtina edib: “Hazırda biz ancaq bu zalda keçirə bilərik, başqası mümkün deyil”.

Vəkil Cəlil Mirzəyev cinayət işinin təkrar araşdırma aparılması üçün istintaqa qaytarılması barədə də vəsatət verib, qeyd edib ki, istintaqda çoxlu kobud qanun pozuntularına yol verilib: 

“Bu pozuntular qala-qala bu işə məhkəmədə baxılması mümkün deyil. Eldar Həsənovun vəkili Adil İsmayılov koronavirusdan dünyasını dəyişəndən sonra Abbas Atakişiyevlə müqavilə bağlamışdı. O da xəstəliyə yoluxdu. Daha sonra mənimlə müqavilə bağlandı, mən də virusa yoluxmuşdum, Eldar müəllim müdafiəsiz qalmışdı. Həmin dövrdə Adəm Məmmədovla müqavilə bağlandı. Adəm Məmmədov 18 gün Eldar müəllimlə görüşə bilmədi. O, 18 gün müdafiəsiz qaldı”.

Vəkilin sözlərinə görə, istintaq dövründə Eldar Həsənova nədə təqsirləndirildiyi, ittihamın mahiyyəti barədə məlumat verilməyib. İstintaq başa çatanda da cinayət işinin materialları ilə tanış ola bilməyib. 50 cildlik iş materiallarından 44-nü oxuya bilib: “Qalanına prokurorluq imkan verməyib. Səhhətində problem olduğu halda, ona iş materialları ilə tanışlıq üçün cəmi 48 saat vaxt verildi”.

Vəkilin sözlərinə görə, istintaq zamanı Eldar Həsənovun, şahidlərin vermədiyi ifadələr onların adından yazılıb: “Belqradda bina alınması barədə şahid ifadəsi var. Şirkət rəhbəri binanın 1.3 milyona satılması haqda heç nə demədiyi halda, müstəntiq özündən yazıb. Mehmet Caner və başqa şahidlərin də ifadələri saxtalaşdırılıb”.

Məhkəmə prosesində dövlət ittihamını 2 prokuror müdafiə edir. Prokurorlardan biri işin istintaqa qaytarılması haqda vəsatətə münasibət bildərərkən deyib ki, istintaq dövründə heç bir prosessual pozuntuya yol verilməyib. Ona görə işin istintaqa qaytarılması üçün əsas yoxdur.

Vəkil Cavad Cavadov

Eldar Həsənov prokurora “heç bir” ifadəsindən istifadə etməməyi tövsiyə edib: 

“”Heç bir” sözünü işlətməyin. Mənim demədiyim fikirləri ifadəm kimi yazıblar. Bəs, bu pozuntu deyil? Mənim heç bir cinayətim sübuta yetirilməyib. İstintaq qrupunun rəhbəri konkret Əliheydər Qarayev idi...”

Keçmiş səfir barəsindəki həbs qətimkan tədbirinin dəyişməsi, cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb: 

“Mən həbs olunana qədər 7 dəfə əməliyyat olunmuşdum. Səhhətimdəki problemlərlə əlaqədar müayinə və müalicə olunmağım üçün özüm 9 dəfə, vəkillərim isə 11 dəfə vəsatət qaldırıb. “Əliheydər Qarayev” hamısını rədd elədi. DTX-nın vicdanlı, ləyaqətli əməkdaşlarının köməyi ilə mən hərəkət edirdim. Məhkəmə-tibb ekspertizası təyin olundu. Məni müayinə eləməyə gələn həkimlərdən soruşdum ki, xəstəliyim, heç olmasa, içdiyim dərmanlar haqda məlumatınız var? Məlum oldu ki, yoxdur. Dedilər ki, xəstəlik tarixçəsi ilə tanış olub, gələcəyik. Getdilər, amma gəlmədilər. Məni müayinə eləmədən rəy verdilər ki, həbsdə saxlanmağım həyatım üçün təhlükəli deyil. İstintaq təcridxanasında tibb otağı olduğu halda, mənimlə görüş otağında görüşmüşdülər. Məni Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qoydular”.

Bir il 20 gündür həbsdə olduğunu yada salan Eldar Həsənov bildirib ki, nə qədər ömrü varsa, özünü müdafiə etmək, hakim, prokuror qarşısına çıxmaq üçün mübarizəni davam etdirəcək.

“Ölkə başçısından ədalət, məhkəmədən ədalətli qərar gözləyirəm”, - deyə keçmiş Baş prokuror vurğulayıb. O, hakimlərə də müraciət edib: 

“Mən uzun illər müxtəlif vəzifələrdə işləmişəm. Bu bina əvvəl Ali Məhkəmənin binası idi. Bu binaya o dövrdə müxtəlif vəzifə sahibi kimi gəlib-getmişəm. Amma ikinci dəfədir ki, təqsirləndirilən şəxs kimi gəlirəm. Bunu sizə (hakimlərə) deməyi özümə borc bilirəm: heç kim bilmir, başına nə gələcək...”

E.Həsənov Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra köçürüldüyü DTX-nın hərbi hospitalında müalicəsinin prokurorluğun göstərişi ilə yarımçıq dayandırılmasından da danışıb: 

“Məni ağır vəziyyətdə DTX-nın hospitalına gətirdilər. Bir gün sonra gəldilər ki, prokurorluq deyir, istintaq materiallarını tanışlıq üçün mənə təqdim eləməlidilər, o da stasionar şəraitdə təqdim oluna bilməz. Ona görə istintaq təcridxanasına qaytardılar. Vəziyyətim ağır olsa da, tələb elədilər ki, 48 saat ərzində iş materialları ilə tanış olum. 44 cildlə tanış ola bildim, materialları aldılar. Prosessual qaydaları kənara qoyaq, insanlıq, iman amili var. Kim nə edirsə, qarşısına çıxacaq...”

Məhkəmə iclasının bu hissəsində hakim Əfqan Hacıyev zalda olan jurnalistlərin də çıxarılmasına göstəriş verib.

Bundan bir qədər sonra Eldar Həsənovun vəziyyəti pisləşib, ona məhkəmə binasında tibbi yardım göstərilib.

Təqsirləndirilən sabiq səfir qeyd edib ki, prokurorluq ona qarşı ittihamları düzüb-qoşmaq üçün dövlətlərarası qalmaqala səbəb ola biləcək addımlardan da çəkinməyib: 

“Mən niyə ifadə verməmişəm? Çünki ifadə versəm, gərək bir çox məsələlərə toxunum. Bu da dövlətlərarası qalmaqala gətirib çıxara bilər. Prokurorluq xarici ölkələrin siyasi liderlərinin adlarını hallandırıb. Bu işi görənlər anlamır ki, prezidentin xarici siyasətlə bağlı gördüyü işlərə xələl gətirirlər”.

Bu yerdə prokuror Eldar Həsənovun çıxışına etiraz edib.

Hakimlər qısa müşavirədən sonra Eldar Həsənov və vəkillərinin qaldırdığı vəsatətlərin heç birinin təmin olunmadığını açıqlayıb.

Sabiq Baş prokurorun işi üzrə məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.

Xatırladaq ki, Eldar Həsənov 2020-ci ilin avqustunda Bakıda, Xarici İşlər Nazirliyinə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülmüşdü. Bu ilin iyulunda istintaq başa çatanda isə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yeni ittihamlar elan edilib. E.Həsənov səfir olduğu dövrdə – 2010-2020-ci illərdə diplomatik nümayəndəliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. O, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə də ittiham olunur.

Sabiq səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir. O bildirib ki, həbsinin əsl səbəbi onun siyasi iddiada olması, müxalifətlə əlaqələri, əməkdaşlığı və s. haqda ölkə rəhbərliyinə ötürülən uydurma məlumatlardır.

Gülər