Logo
news content
User
Kateqoriyalar

Analitika

ÇAMURLUQDAN KEÇƏNLƏR

Müəllif: Arif Əliyev

...İsaxan axşamtərəfi zəng etmişdi. Mən bağda ağac sulayırdım. Onun harada olduğunu dəqiq bilmirdim. Ağır xəstəliyindən, xaricə müalicəyə getdiyindən ümumən xəbərdar idim, amma özü söz salmayınca soruşmağa ürək eləmirdim.

İsaxansa çox gümrah və şən danışırdı. Mən deyəndə ki, dünən Qulu Məhərrəmli və Zeynal Məmmədli ilə birlikdə onu xatırlayırdıq, lap çiçəyi çırtladı.

Biz xeyli söhbətləşdik. Ordan-burdan. Amma mövzunun bir o qədər əhəmiyyəti yox idi, hər ikimiz söhbəti uzadırdıq. Sonda ehtiyatla səhhətini xəbər aldım. Güldü, dedi, hər şey, demək olar, arxada qalıb. Bakıya dönən kimi görüşmək təklifimi cavabsız qoydu, Qulu ilə Zeynalın telefon nömrələrini soruşdu və vidalaşdı.

Həmişəlik vidalaşırmış...

Yaddaşımda İsaxan Aşurov haqqında, bu sonuncu zəngdən savayı, nə qalıb? İsaxanın məni şaşırdan ölüm xəbərinin ardınca beynimdə canlanan xatirələri bir-birinə calamaq istəyirəm. Alınmır. Epizodlar, ancaq epizodlar! Onlardan birində hələ sovet vaxtı Tovuz rayonunun milis şöbəsində istintaq bölməsinin rəisi işləyən Aşurov əməkdaşlarına Azərbaycan dili dərsi keçir! Həmkarlarını başa salmağa çalışır ki, hətta ittiham aktı da ürəkbulandırıcı dəftərxana üslubunda yox, adam dilində yazılmalıdır, çünki o – adam haqqındadır. Digərində Qazax rayonunun polis rəisi Aşurov 3 iyun 1993-cü ildə Seyfəli poliqonunda tərksilah edib əsir götürdüyü “surəthüseynovçuları” dindirir (şahidi olmuşam). Ardınca Surət Hüseynovun silahlı dəstəsi Aşurova qiyamçıların tərəfinə keçmək təklifi və bunun müqabilində böyük məbləğdə pul gətirmişdi. İsaxan ona zabit şərəfini ləkələməyi təklif etmək cəsarətində bulunmuş qiyamçı komandirin vurub çənəsini çıxarmışdı. Və... əsl dövlətçilik, kişilik nümunəsi sandığım bu hərəkətinə görə sonradan dövlət onu həbsxana ilə mükafatlandırmışdı. Absurd! Hökumət həyatını təhlükə altına ataraq Vətənə sədaqətini qorumuş və konstitusion quruluşu müdafiə etmiş bir məmurunu “sağ ol” əvəzinə, cəzaya layiq görmüşdü.

Yadımdadır ki, 2010-cu ildə İsaxana vətəndaş cəmiyyəti haqqında kiçik filmimizdə kadrarxası mətni oxumağı təklif edəndə, o, az qala, incidi: “Mən diktor deyiləm!” Axı Aşurovun doğrudan da çox gözəl səsi və filmin həsr edildiyi vətəndaş cəmiyyətinin təşəkkülündə dəyərli rolu var idi. Nə yaxşı, onda İsaxanı dilə tuta bildim. Məndə onun ecaskar səsinin başqa bir yazısı qalmayıb.

Bir də, ilk görüşümüz yadımdadır. Sizə “Son çağrı” adlı kitabımın İsaxanla bağlı bir epizodunu təqdim edirəm:

“1990-cı il mart ayının 25-dir. Azərbaycanlılarla ermənilər arasında toqquşmalar hələ ki irimiqyaslı müharibəyə çevrilməyib. Kəndlərdə, şəhərlərdə qan tökülür, qaçqınların sayı sürətlə artır, amma heç kim heç kimin sərhədini pozmayıb, ərazisini tutmayıb. Dünənə qədər... Martın 24-u ermənilər gecəynən sərhədi keçib, Bağanis Ayrıma giriblər, kəndi dağıdıblar, on nəfəri qətlə yetiriblər, qalanlar başını götürüb qaçıb. Ertəsi gün artıq Qazaxda ezamiyyətdəyəm, mərkəzi parkda Bağanis Ayrımlı qaçqınlarla söhbət edirəm. Hərə bir şey danışır, bilmirsən, hansına inanasan. Qonşu rayonun milis şöbəsindən İsaxan Aşurov da buradadır. Bölgədə ad çıxarıb. Aşurov təklif edir ki, onunla Bağanis Ayrıma gedim, vəziyyəti öz gözlərimlə görüm, çəkiliş aparım. Deyir, əmindir ki, kənd boşdur, ermənilər ora kənardan nəzarət edirlər. Aşurovun sürücüsü Mahir bizi Bağanis Aryıma sərgüzəştsiz çatdırır. Adam inanmır ki, Allahın cənnət misalı yaradıb meyvəli bağlarla, soyuq bulaqlarla əhatə etdiyi bu füsunkar məkanda insan insanın ətini yeyir, qanını içir. Havadan qorxu və cəsəd iyi gəlir. Sükut hörümçək toru kimi kəndi sarıb, acağların budaqlarından sallanıb, elə bil cəmi bir gün yox, yüz ildir ki, burada hökmranlıq edir. Hətta itlərin də səsi gəlmir. Kənddə yüzə qədər təsərrüfat var, salamatı azdır, çoxu yağmalanıb, dağıdılıb, bir neçəsi yandırılıb. Yanmış evlərdən birində beş cəsəd tapırıq. Cəsədlər kömürə döndüyündən hansının cavan, hansının qoca olduğunu ayırd edə bilmirəm, amma biri lap körpədir, dəmir beşikdə külü qalıb. Qaçqınlar deyirdilər axı, Əsliyevlərin evinə od vurdular, heç kim çıxa bilmədi. Yəqin, onlardır. Aşurov hirsindən dodaqlarını gəmirsə də, kameranı əlindən yerə qoymur, mənim əvəzimə işləyir. Mənsə tez-tez udqunuram ki, ürəyim ağzıma gəlməsin. Bayırda keşik çəkən Mahir bizi çağırır: “Gəlin, gedək, burada çox qalmaq olmaz”...

Bir dəfə, uzun illər sonra, o günləri yada salıb, populyar “Nəyin uğrunda mübarizə aparırdıq?” mövzusuna keçid etdim. İsaxan dedi: “Biz nəfəsimizlə hovura-hovura böyük bir buz dağını əritdik, indi onun çamurluğundan keçmək məcburiyyətindəyik”. Bu müdrik kəlamın kimə məxsus olduğunu soruşdum. Nihal Atsızı nişan verdi. Mən Atsızın yaradıcılığını ələk-vələk elədim. Orada bənzər cümlə tapmadığımı İsaxana deyəndə, həmin söhbətimiz heç yadına da düşmədi.

Bəlkə, bu kəlam elə Aşurovun özünə məxsus imiş?..

Əminəm ki, İsaxanın qarşısında suçum yoxdur. Bəs, onda Azərbaycanın çox ləyaqətli və dəyərli bir insanının Vaşinqton klinikasında gözlərini əbədi olaraq yumduğu barədə xəbər aldığım andan içimdə baş qaldırmış günah hissi hardandır? “Hardandır bu qaranlıq kölgə, həyəcanlı durna səsi?” Böyük ləyaqət və dəyər sahibi olan bir insan özünü həyatda tam realizə edə bilməmiş dünyadan köçəndə, hər dəfə o hiss boğazıma keçib uzun müddət məni rahat nəfəs almağa qoymur. İsaxana qədər neçə beləsi olub, ondan sonra neçəsi oldu: Elton Quliyev, Fuad Poladov, Rövşən Almuradlı, Vurğun Əyyub… Hələ nə qədər növbəsini gözləyən var! Sıralasanız, necə uzun siyahı alındığını görəcəksiniz. Onda başa düşəcəksiniz ki, məmləkətdə kifayət qədər ləyaqətli, vicdanlı, ağıllı insanlar, istedadlı mütəxəssislər var. Özünüz özünüzdən soruşacaqsınız: elədirsə, nədən bizim neftdən savayı, keyfiyyətli heç nəyimiz yoxdur: nə təhsilimiz, nə səhiyyəmiz, nə hüquq sistemimiz, nə jurnalistikamız? Soruşacaqsınız ki, bəs, bizim üstü bəzək, altı təzək gerçəkliyimizi dəyişməyə qadir olan adamlar haradadırlar, niyə onlar yalan-doğru bütün vasitələrlə sıxışdırılıb fəal ictimai həyatdan kənarlaşdırılırlar, bütün bacarıqlarını ortaya qoymadan, böyük istedadlarını cəmiyyətin inkişafı naminə sərf etmədən öz “ruhlarının məbədinə” çəkilib qapanmağa məcbur olurlar? Allah Aşurovdan heç nə əsirgəməmişdi: boylu-buxunlu, yaraşıqlı, ağıllı, savadlı, vicdanlı, peşəkar… Amma Yaradan nahaq özünə əziyyət verirmiş. Bizim qurduğumuz sistemə başqa keyfiyyətlər gərəkdir.

İndi söyləyin, həyatımızın bu böyük ədalətsizliyinə görə heç olmasa, zərrə qədər şəxsi günahınızı hiss etdinizmi?

Mahnı qırıq-qırıq, söz heca-heca

O, gözəl səsindən xəbərsiz qaldı –

Kimsə, kal meyvətək, notları tezcə

Vurub not sətrindən – budaqdan saldı.

 

Gülməli deyilmi? Bircə qarış da!

Bəs, nəyə gülürük biz axşam-sabah?

Quşu - uçuşunda, atı – qaçışda...

Kimindir bu fərman? Kimindir günah?

 

(Yazı 2012-ci ildə, İsaxan Aşurovun dəfn günündə yazılıb. Şeirdən (V.Visotski) tərcümə müəllifindir.)