Başlıbel faciəsi: eksqumasiya edilmiş cəsədlər əvvəlki yerində dəfn olundu - FOTOLAR
06 Sentyabr 2021
Kəlbəcərin işğalı zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə dair daha bir fakt Baş Prokurorluğun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Söhbət Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllərdən gedir.
Cinayət işinin istintaqı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirdikləri sübuta yetirilib. Belə ki, Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, bu ilin aprelində eksqumasiya edilərək Bakıya - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb.
Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.
Dörd ay davam edən istintaqdan sonra eksqumasiya edilmiş cəsədlərin əvvəlki yerinə qaytarılması və orada dəfn edilməsi barədə qərar qəbul olunub. Bunun üçün şəhid ailələrinin razılığı da alınıb.
Aprelin 2-də eksqumasiya edilmiş cəsədlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morqundan çıxarılaraq Göy məscidə gətirilib, burada cənazə namazı qılındıqdan sonra Gəncəyə yola salınıb. Həmin gün axşam Gəncə şəhərindəki Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının qarşısında Başlıbel faciəsinin qurbanları ilə vida mərasimi keçirilib. Ertəsi gün Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün Başlıbel kəndinə yola salınıb. Dəfn mərasimində faciə qurbanlarının ailə üzvləri ilə yanaşı, qətliama şahidlik etmiş kənd sakinləri, Baş Prokurorluğun əməkdaşları, Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.
Xatırladaq ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə hücum edərək evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Onlardan 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.
Aprelin 18-də Ermənistan əsgərləri mülki şəxslərin sığındığı kahaların yerini aşkarlayaraq mağaraları atəşə tutub. Bu zaman silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər qətlə yetirilib. Hücum nəticəsində 10-u qadın və uşaq, 4-ü kişi olmaqla, 14 nəfər girov götürülüb. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə mayın 12-də qətliamın törədildiyi kahalara yaxınlaşaraq burada qəbirlər qazmaqla, şəhidləri paltarlı vəziyyətdə dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Onlar iyulun 22-də gizli yollarla Kəlbəcərdən Daşkəsən rayonuna keçərək 113 gün davam edən mühasirədən qurtula biliblər.
Ermənilərin Başlıbel kəndində qətlə yetirdiyi digər qurbanların da cəsədlərinin axtarışı, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Elxan Salahov