Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakıda su çatışmazlığı

Bir yandan koronavirus bəlası, bir yandan həftə sonları sərt karantin rejimi, digər yandan da havanın hərarətinin artdığı bir dönəmdə susuzluq… Bu problemlər artıq Azərbaycanda insanların əsəblərini tarıma çəkib. Söhbət hansısa ucqar kənddən yox, paytaxt və onun ətrafındakı ərazilərdə yaranmış su çatışmazlığından gedir. Bakının Binəqədi, Sabunçu, Suraxanı rayonları ərazisində bir neçə gündür ki, əhali susuzluqla üzləşib. Halbuki ötən illərdə digər sahələr kimi, bu sahəyə də iri həcmdə vəsait ayrılıb, kapital qoyulub. Bəs, bu vəsaitlər hara xərclənib?

Sabunçu rayon sakini Təranə Xudabaxşıyeva “Press Klub”a ünvanladığı şikayətində bildirir ki, artıq 3 gündən çoxdur su gəlmir:

“Suların kəsiləcəyi ilə bağlı bizə nə “Azərsu”, nə də səlahiyyətli şəxslər tərəfindən xəbərdarlıq edilmədi. Binanın komendantına suyun kəsilməsinin nə ilə bağlı olduğunu soruşduq, dedi ki, su “Azərsu” tərəfindən kəsilib. Tək Sabunçu rayonu deyil, Suraxanıda da su problemi var”.

T.Xudabaxşıyeva qeyd etdi ki, normal vaxtlarda da su problemi var idi:

”Gün ərzində yalnız səhər saat 07:00-dan 08:00-ə qədər, günorta saat 13:00-dan 14-00-a qədər, bir də, 19:00-dan 20:00-a qədər su verilir. Komendantdan bunun səbəbini soruşduqda, cavab verir ki, suyu pulla aldıqlarına görə əhaliyə gündə 3 saat su  vermək məcburiyyətindədirlər. Problemin səbəbkarı kimi isə “Azərsu” göstərilir. Yayda, 37-40 dərəcə istidə, bizə gündə cəmi 3 saat su verilir. Binada yaşayanların əksəriyyətinin heç su çəni də yoxdur...”

“Azərsu” ASC-nin mətbuat xidmətini katibi Anar Cəbrayıllı bildirdi ki, su probleminin bir çox səbəbi var:

“Səbəblərdən biri istilərin düşməsi, insanların bağlara tez köçməsi, evdə qalmalarıdır. Bu vəziyyətdə insanlar sudan daha çox istifadə edirlər. Tələbat təxminən 38% artıb. Şəhərin mərkəzi hissəsində tək-tük hallarda kimlərinsə su problemi olar bilər. Amma əsasən ətraf ərazilərdə - Masazır, kənd Binəqədi, Suraxanının Bahar bağları, Sabunçu, Xəzərin bəzi yerlərində, Bağlar Massivində problemlərimiz var. Çalışırıq ki, hamını su ilə təmin edək. Şikayətlərin bir qismi təzyiqin aşağı olmasındandır”.

Suyun verilmə qrafikinə gəldikdə isə, A.Cəbrayıllı aşağıdakıları söylədi:

“Tutaq ki, əvvəl 6 saat su verirdik, indi isə 4 saat su veririk, qrafikləri də azaltmışıq. Əsas odur ki, anbar ehtiyatlarımızı toplayıb, hamını su ilə təmin edə bilək. Elə vəziyyət yaranmasın ki, günün 24 saatı bəzi yerlər su ilə tam təmin olunsun, bəzi yerlərdə isə ümumiyyətlə, su olmasın. Hamının su ilə təmin olunmasının təşkili üçün işlərimiz davam edir. Biz suyun verilmə qrafiki ilə bağlı rejim dəyişiklikləri etdik və çalışırıq ki, insanlarımız susuz qalmasınlar. Demək olar ki, problemlərin böyük hissəsini həll etmişik, yalnız ətraf ərazilərdə qalıb. Həmin yerlərdə isə su var, əsas problem təbii şəbəkələr, xətlərin diametrinin kiçik olmasıdır. Bir də, insanlar tərəfindən çəkilmiş xətlər var ki, qonşular bir-birindən su aparıblar, bir qisminə su getməyib, bir qisminə su təzyiqsiz gedib, bəziləri səhər, axşam su əldə edə bilirdilərsə, indi yalnız axşamlar su əldə edə bilirlər. Yəni bu kimi problemlər mövcuddur”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli öncə onu bəyan etdi ki, ölkənin kifayət qədər su resursu var:

“Azərbaycanda əhalini içməli su və suvarma suyu ilə təmin edəcək qədər su resursu var. Hətta tələbatdan bir neçə dəfə çoxdur. İş burasındadır ki, biz uzun müddətdir deyirik ki, Azərbaycanda mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilmir, itkiyə yol verilir. Suyun idarəçiliyi bacarıqsız insanların əlindədir, onlara suyun itkiyə getməsi sərf edir, dövlət büdcəsindən maliyyə əldə etmək, büdcə vəsaitlərini mənimsəmək istəyirlər. Su təsərrüfatının idarə edilməsi, müəyyən tikinti işlərinin aparılması, su kanallarının, boruların çəkilməsi ilə məşğul olan şəxslərə imkan yaradılır ki, rəqəmləri şişirtsinlər, görülməyən işi görülmüş kimi təqdim etsinlər. Bütün bunlar da problemin həllinə yox, daha da dərinləşməsinə şərait yaradır. Yəni burada hökumətin birbaşa məsuliyyəti var.  Baxmayaraq ki, dövlət büdcəsindən külli miqdarda maliyyə resursları ayrılır, xərclənir, ancaq demək olar ki, ildən-ilə bu sahədə vəziyyət pisləşir”.

Ekspertin sözlərinə görə, regionların inkişafı adı altında böyük miqdarda pullar mənimsənilib:

“Niyə bunlar adicə suvarma sistemini qaydasına salmadılar? Sizi inandırıram, 2 milyard kifayətdir ki, bütün ölkə əhalisi və suvarılan sahələr tam şəkildə və daimi su ilə təmin edilsin”.

Kürün səviyyəsinin düşməsi və Mingəçevir su anbarında suyun azalmasına gəlincə isə, V.Məhərrəmli qeyd etdi ki, yay mövsümündə hər zaman belə olub:

”Sovet dövründə də, sonra da belə olub. Yay aylarında ümumiyyətlə, su azalır, suyun səviyyəsi aşağı düşür. Ona görə də, intensiv yağışlar yağanda həmin yağış suyunu yığmalı idilər ki, sonradan istifadə etsinlər”.

Ülviyyə Şahin