Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakı Paşinyan üçün İrəvandan daha təhlükəsizdir
Ermənistan Baş naziri Bakının COP29 dəvətinə nə cavab verəcək?

Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında Ermənistanın noyabrın 11-22-də Bakıda baş tutacaq BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət edilməsi məsələsinə toxunacaq. Bu barədə “Hraparak” qəzetinə Nazirlər Kabinetinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Jurnalistlər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qeyd etdiyi dəvətin Ermənistan tərəfinə nə vaxt təqdim edildiyi və Ermənistan baş nazirinin administrasiyasının nə cavab verdiyi ilə bağlı hökumətə yazılı sorğu göndəriblər. Onlar, həmçinin, Ermənistanın baş nazirinin COP29 konfransında iştirak etmək üçün Bakıya səfər edib-etməyəcəyini soruşublar.

Baş nazir Nikol Paşinyan məzuniyyətdən sonra – avqustda mətbuat konfransı zamanı qeyd etdiyiniz məsələlərə toxunacaq”, - hökumətdən cavab verilib.

Xatırladaq ki, Hikmət Hacıyev “The National” nəşrinə açıqlamasında 

Muxtar Babayevin (Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti) Ermənistan Xarici İşlər Nazirliyinə müvafiq dəvət məktubu göndərdiyini bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında rəsmi diplomatik münasibətlərin olmadığı bir zamanda bu məktubun göndərilməsi “Azərbaycanın xoşməramlılığının və inklüziv yanaşmasının nümunəsidir”.

Maraqlıdır ki, cəmi bir neçə ay əvvəl Azərbaycanda hesab edirdilər ki, Ermənistanın COP29-da (ən yüksək rəsmi səviyyədə) iştirakı həll edilmiş məsələdir. Hətta, Ermənistan və Azərbaycanın məhz bu beynəlxalq tədbir zamanı yekun sülh sazişi imzalaya biləcəyi müzakirə olunurdu. Amma Azərbaycanın Ermənistana əlavə şərtlər (konstitusiyaya dəyişikliklər, Zəngəzur dəhlizinin açılması) irəli sürməsi artıq nikbinliyi azaldıb. Üstəlik, bir sıra erməni QHT-ləri hakimiyyəti Bakıda keçiriləcək iqlim sammitində iştirakdan tamamilə imtina etməyə çağırmağa başlayıb.

Ermənistanın 31 ictimai təşkilatının COP29-la bağlı yaydığı bəyanatda deyilir: “Müstəqil ictimai təşkilatların və azad mətbuatın Bakıda COP29-da iştirakına heç bir təhlükəsizlik təminatı yoxdur. Onlara qarşı provokasiyalar ola bilər və hətta ölkədən məcburən çıxarılacaqlarını istisna etmək olmaz”.

Bu yaxınlarda isə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) birinci prokuroru Luis Moreno Okampo ermənilərə açıq məktubla müraciət edərək, onları “Azərbaycanın ikiüzlülüyünə” meydan oxumağa və BMT-nin həqiqətən də sülh niyyətli iqlim sammiti keçirilməsini tələb etməyə çağırıb.

Azərbaycanın 2023-cü ildə Dağlıq Qarabağ/Artsaxda ermənilərə qarşı törətdiyi soyqırım davam edən təhlükənin nümunəsidir”, - o, yazıb. – “Dağlıq Qarabağın 23 sakininin Bakı həbsxanalarında saxlanılması isə geri qayıtmağa cəhd edəcək şəxslər üçün ciddi xəbərdarlıqdır”.

O, eyni zamanda hesab edir ki, “erməni girovlar və digər siyasi məhbuslar qeyd-şərtsiz azad edilməsə” Azərbaycanın COP29 zamanı sülh bağlamaq təklifi boş sözdür.

Beləliklə, Bakının Ermənistan tərəfinin COP29-da iştiraka razılıq verməsi üçün onlara təhlükəsizlik təminatı verməyə hazır olması və ya olmaması ilə bağlı maraqlı sual çıxır. Ermənistanın qeyri-hökumət sektorunun bu cür narahatlığı nə dərəcədə əsaslıdır? Xarici işlər naziri Ararat Mirzoyan və ya baş nazir Nikol Paşinyan təhlükəsizliklərindən qorxmadan COP29-a gələ bilərlərmi? Və bütün bu eniş-yoxuşların arxasında nə dayanır?

Pressklub.az-ın suallarını təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırıb.

O, hesab edir ki, Azərbaycanın Ermənistan rəhbərliyini COP29-a rəsmi dəvət etməsi artıq təhlükəsizlik təminatıdır: “Hətta Ermənistan rəhbərliyini bu tədbirə BMT dəvət etsəydi belə, Azərbaycan təhlükəsizlik zəmanəti verəcəkdi. Məsələnin psixoloji tərəfini də bura əlavə edək. Azərbaycan qalib ölkə kimi özünü əvvəlki illərdən daha rahat hiss edir və qisas hissi ilə yaşamır”.

Əksinə, ekspert hesab edir ki, belə bir tədbir hazırda İrəvanda keçirilsəydi və Azərbaycan ora dəvət edilsəydi, təhlükəsizlik sual altında olardı.

Onun sözlərinə görə, son aylar Ermənistanda daxili vəziyyət və anti-Paşinyan əhval-ruhiyyəsi o qədər yüksəkdir ki, hazırda Paşinyan və onun komandasının aparıcı üzvləri üçün İrəvandakı təhlükə Bakıdan daha yüksəkdir.

Nəzərə almalıyıq ki, Ermənistanda terrorizmə meyl həmişə kifayət qədər yüksək olub. 1999-cu il oktyabrın 27-də parlamentin rəhbərliyi siyasi fikir ayrılığına görə güllələnib. Bu da mənim sözlərimi təsdiqləyir. Hazırkı iqtidarla müxalifət, xüsusən də daim terroru təşkil edən və maliyyələşdirən kilsə arasında bu cür fikir ayrılıqları çox sərtdir və artıq kulminasiya həddinə çatıb. Bu mənada Ermənistanın qeyri-hökumət təşkilatlarının narahatlığına əsas yoxdur. Onlar sadəcə olaraq təhlükəsizlik məsələsini qəsdən şişirtməklə Azərbaycan haqqında mənfi imic yaratmağa çalışırlar”.

O, əmindir ki, Ermənistan nümayəndə heyətinin tərkibindən, Paşinyanın gəlib-gəlməyəcəyindən asılı olmayaraq, onların təhlükəsizliyi tam təmin olunacaq. Və ümumilikdə Azərbaycan tərəfi COP29 iştirakçılarının təhlükəsizliyi üçün bütün lazımi təhlükəsizlik tədbirlərini görəcək.

Erməni tərəfi qəsdən təhlükəsizlik məsələsini bəhanə kimi irəli sürərək Azərbaycanın təşkilatçı imicinə xələl gətirməyi düşünür. Amma İrəvanda dərk etməlidirlər ki, bu cür iddialarla etimadı tamamilə itirirlər və gələcək sülh sazişinin imzalanmasına ziyan vururlar.

Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarlarına gəlincə, bu mövzunu gündəmə gətirmək manipulyasiyadan başqa bir şey deyil. Ola bilsin ki, Azərbaycan tərəfi COP29 başlamazdan əvvəl xoşməramlı niyyət olaraq artıq məhkum olunmuş bəzi cinayətkarları Ermənistana təhvil verilməsi barədə düşünsün.

Bir sözlə, Bakı Paşinyan üçün İrəvandan daha təhlükəsizdir”, - keçmiş xüsusi xidmət zabiti yekunlaşdırıb.

Rauf Orucov