Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanın vasitəçiliyi, Ərdoğan-Netanyahu düşmənçiliyi və İranla siyasi dostluq
Ekspert əmindir ki, Türkiyə və İsrailin hazırkı liderləri gedəndən sonra yaxınlaşma baş verəcək

Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında texniki görüş baş tutub. Görüşün məqsədi Suriyada arzuolunmaz insidentlərin qarşısını almaq üçün de-eskalasiya mexanizmi yaratmaq olub. Azərbaycan mediası əvvəlcə bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Azərbaycan ərazisində Türkiyə rəsmiləri ilə birbaşa danışıqların aparıldığını təsdiqləyib. İsrail tərəfi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Baş nazir Benyamin Netanyahunun tapşırığı ilə 9 aprel tarixində İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbinin başçılıq etdiyi hərbi-siyasi nümayəndə heyəti, Müdafiə Nazirliyi və güc strukturlarının nümayəndələri Türkiyədən olan həmkarları ilə görüş keçiriblər”, - Netanyahunun ofisinin bəyanatında deyilir.

İsrail, əhəmiyyətli danışıqların təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirir. Görüş zamanı tərəflər regiondakı maraqlarını təqdim ediblər, sabitlik və təhlükəsizliyin qorunması məqsədilə dialoqun davam etdirilməsinə qərar verilib”, - bəyanatda həmçinin bildirilir.

Türkiyənin “Daily Sabah” nəşri də 9 aprel tarixində Azərbaycan ərazisində Türkiyə və İsrail nümayəndələri arasında Suriyada arzuolunmaz insidentlərin qarşısını almaq üçün mexanizm hazırlanmasına dair ilk texniki görüşün baş tutduğunu yazıb. Nəşrin istinad etdiyi mənbələr qeyd ediblər ki, Türkiyənin Müdafiə Nazirliyi İsraili “Suriyanın ərazi bütövlüyünü təhdid edən və onun təhlükəsizliyini pozan təxribat xarakterli hücumları dərhal dayandırmağa” çağırıb.

Regional təhlükəsizliyin təmin edilməsi üçün İsrail ekspansionist və işğalçı siyasətindən əl çəkməli, beynəlxalq ictimaiyyət isə bu qanunsuzluğun qarşısını almalıdır”, - mənbə iddia edib.

Xatırladaq ki, ötən həftə İsrailin Hərbi Hava Qüvvələri Suriyada guya Türkiyənin nəzarət altına almağı planlaşdırdığı deyilən bir neçə hərbi hava bazasına zərbələr endirib. Rəsmilər bildiriblər ki, İsrail sərhədləri yaxınlığında düşmən qüvvələrinin möhkəmlənməsinə imkan verməyəcək.

Türkiyə ilə münasibətlər ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdə də əsas müzakirə mövzularından biri olub. Jurnalistlərlə söhbətində Tramp, Türkiyə Prezidenti Ərdoğanla əla münasibətlərinin olduğunu deyib. O, İsrailə Türkiyə ilə problemlərin həllində vasitəçilik təklif edib və Netanyahunu müdrik olmağa çağırıb.

Qeyd edək ki, həmin gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxış edərkən Türkiyə ilə İsrail arasında gərginliyin çox narahatedici olduğunu və Azərbaycanın bu vəziyyətdən narahatlıq keçirdiyini bildirib:
Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıqda müəyyən mənada Azərbaycanın da rolu olub. Biz bu ölkələri bir-birinə yaxınlaşdırmaq üçün fəal rol oynamışıq”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan hər iki ölkənin yaxın dostudur:
Biz Türkiyə ilə müttəfiqik. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalayaraq bunu rəsmi şəkildə təsdiqləmişik. İsrail də bizim üçün dost ölkədir. Bu qarşılıqlı dostluq uzun illər ərzində müxtəlif çətin situasiyalarda özünü göstərib. Ona görə də bu iki ölkə arasında istənilən anlaşılmazlıq bizi narahat edir”.

Baş tutan görüşə əsaslanaraq demək olar ki, Bakı növbəti dəfə İsrail-Türkiyə münasibətlərinin tənzimlənməsində vasitəçi rolunu üzərinə götürür. Maraqlıdır, bu görüşdən böyük uğur və ya irəliləyiş gözləmək olarmı? Yoxsa İsrail və Türkiyə arasındakı münasibətlər bu mərhələdə həddindən artıq mürəkkəbdir?

Mövzu ilə bağlı Pressklub.az saytına danışan tanınmış israilli analitik, siyasi və ictimai xadim David Eydelman bildirib ki, Bakı artıq bir dəfə İsrail və Türkiyəni barışdırmaq istiqamətində uğur qazanıb.

Bu, 2020-ci il müharibəsindən sonra baş verdi. Həmin müharibədə həm israillilər, həm də türklər Azərbaycana yardım etmişdilər. Məhz həmin vaxt tərəflər görüşdülər, bir-birlərinin gücünü dərk etdilər və bu əsasda barışığa doğru addım atıldı.

Lakin mənə elə gəlir ki, bu gün mümkün olan hər hansı barışıq sadəcə münaqişənin kəskin mərhələsinin qarşısını almağa yönəlib. Ərdoğan açıq şəkildə çıxış edərək Allahdan İsrailin cəzalandırılmasını, məhv edilməsini istəyir. İsrail tərəfi isə Ərdoğanın və onun proksi qüvvələrinin Suriyada irəliləməsinin qarşısını almağa çalışır. Çünki bizim sərhədimizdə, İsrailin məhvini tələb edən bir liderin başçılıq etdiyi qüvvələrin yerləşməsini istəmirik. Bu səbəbdən düşünürəm ki, yalnız münaqişənin kəskin mərhələsini yumşaltmaq mümkündür. Türkiyə ilə İsrail arasında normal münasibətlərə, davamlı sülhə və sağlam əməkdaşlığa gəlincə – hazırda bunun mümkün olduğuna inanmıram. Bu, yalnız o halda mümkündür ki, iki liderdən – Ərdoğan və Netanyahudan ən azı biri, idealda isə hər ikisi siyasi səhnədən getmiş olsun. Onlar arasında uzun illərdən bəri, təxminən 2000-ci illərin sonlarından başlayan şəxsi antipatiya var. Bu səbəbdən onların barışdırılması real görünmür. Belə cəhdlər daha əvvəl də olub.

İsraillə Türkiyə arasında münasibətlər 2021-ci ildə, Netanyahunun seçkilər nəticəsində hakimiyyətdən müvəqqəti uzaqlaşdırıldığı dövrdə kəskin şəkildə yaxşılaşdı. Amma o geri döndükdən sonra münasibətlər yenidən pisləşməyə başladı.

Hazırkı vəziyyətdə bu münasibətlərin normallaşması çətindir. Netanyahunun davranışları, xüsusilə də Türkiyəyə qarşı siyasəti, düşünülməmiş addımlarla müşayiət olunur. O, Türkiyəyə qarşı xüsusi bir qərəz daşıyır”, - deyə Eydelman qeyd edib.

Politoloq əlavə edib ki, Ərdoğanın da üzərinə müəyyən günah düşür:
Ərdoğan öz elektoratının nüvəsini təşkil edən və belə deyək, heç də ən mütərəqqi qüvvə olmayan hissəsinin fobiyalarından istifadə edir. O, bu fobiyaları sadəcə istismar etmir, eyni zamanda onları qızışdırır. Yəhudi əleyhinə, İsrail əleyhinə və anti-Qərb əhval-ruhiyyəsini alovlandırır. Nəticədə İsraili “qorxulu düşmən” obrazında təqdim edir.

Ümumiyyətlə, İsrail və Türkiyə arasında sülh nəinki mümkündür, eyni zamanda vacibdir və gec-tez əldə olunacaq. Ərdoğan və Netanyahu hakimiyyətdən getdikdən sonra bu sülh mütləq baş verəcək. Xatırladım ki, Ərdoğan hakimiyyətə gələnə qədər Türkiyə İsrailin regiondakı ən yaxın və ən sadiq müttəfiqi olub. Bu, demək olar ki, İsrailin yaranmasından başlamışdı və təxminən yarım əsr davam edirdi.

Məhz Ərdoğanın iqtidara gəlməsi ilə Türkiyənin siyasətində İsrailə qarşı, həmçinin Avropaya qarşı ciddi dəyişikliklər başladı. Mən əminəm ki, əgər Ərdoğan hakimiyyətə gəlməsəydi və öz mövqelərini bu qədər möhkəmləndirməsəydi, bu gün Türkiyə çoxdan Avropa İttifaqının üzvü olardı. Onun ardınca Gürcüstan və bəlkə də Azərbaycan da Avropa İttifaqına inteqrasiya yoluna qədəm qoyardı. Bu isə Cənubi Qafqazdakı bir çox problemi kökündən həll edə bilərdi.

Keçmişdə İsrail və Türkiyə arasındakı yaxın münasibətlərin əsas səbəbi Yaxın Şərqdə, bizim regionda mövcud olan prinsip idi: qonşunla yox, qonşunun qonşusuyla dostluq et. Bu konsepsiyaya əsaslanan İsrail-Türkiyə əməkdaşlığı, ətraf ərəb ölkələrinə qarşı bir balans idi.

İsrail, eyni prinsipə əsaslanaraq, vaxtilə şah dövründəki İranla da yaxın müttəfiq olub. Lakin 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu dostluq başa çatdı. Mən inanıram ki, gələcəkdə İranla da normal münasibətlər bərpa olunacaq. Bu, yalnız İranda mövcud olan və həm iranlılara, həm də oradakı etnik azlıqlara zərər verən “mollokratiya” rejimi sona çatdıqdan sonra mümkün olacaq”, - Eydelman əmindir.

Rauf Orucov