İspan “keçidi”nin 50 illik sirri: Generalın diktaturasından demokratiyaya...
Hərbçilərin qiyamı, kommunistlərin leqallaşması, kralın dəyanəti
05 Dekabr 2025
İspaniya öz yaxın tarixinin ən mühüm mərhələlərindən birinin – general Franko diktaturasından demokratiyaya keçidin – 50 illiyini qeyd edir. Tarixçilər bu prosesi bir siyasi sistemdən digərinə dinc yolla keçidin uğurlu nümunəsi hesab edirlər.
“Azadlıq” radiosunun Madriddə ştatdan kənar müxbiri Viktor Çeretski: Prosesi general Frankonun ölümü başlatdı. O, hakimiyyətdə 36 il qaldıqdan sonra 1975-ci il noyabrın 20-də vəfat etdi. Siyasi islahatların zəruriliyini hətta keçmiş hakimin ən yaxın ətrafı, ilk növbədə isə dövlət başçısı vəzifəsində onun varisi – gənc kral I Xuan Karlos da anlayırdı. İspaniya daha orta əsr frankist qaydaları ilə – siyasi partiyalarsız, parlament seçkisiz, mətbuat və toplantı azadlığı olmadan, milli azlıqların hüquqları olmadan, hər tərəfdə düşmənlərin – Frankonun öz ifadəsi ilə desək, “mason anarxizmi” – olması qorxusu ilə yaşaya bilməzdi. Bu anlayışın içində həm Qərb demokratiyası, həm sovet tipli kommunizm, həm də əsasən mühacirətdə olan müxalifət nəzərdə tutulurdu.
Fəlsəfə elmləri doktoru, İspaniya və Avropa parlamentlərinin keçmiş deputatı Mariya İskyerdo: Mən elə bir İspaniyada doğulmuşam ki, o, rəssam Xose Qutyerres-Solananın əsərlərindəki soyuq süjetləri xatırladırdı. Qaranlıq, geridə qalmış, xurafata qərq olmuş, mürtəceliyin əsarətində bir ölkə.

Diktatura bizi xarici aləmdən təcrid etmişdi. Müxtəlif nəsillər frankizmdən yorulmuşdu və azadlıq istəyirdi. Lakin bunun necə əldə ediləcəyini heç kim bilmirdi, çünki əvvəl-əvvəl demokratiyaya keçidin heç bir planı, “partiturası” yox idi. Buna görə də biz azadlığa doğru xeyli dolaşıq bir yolla hərəkət etməli olduq, müxtəlif maneələri, çağırışları, çətinlikləri dəf etdik. Bəzən vəziyyət elə olurdu ki, heç kəs yaxın gələcəyi belə proqnozlaşdıra bilmirdi. Bir çoxları düşünürdü ki, hər şey daha pisləşəcək. Amma bir ümid həmişə vardı ki, nəhayət, biz rahat nəfəs alacağıq – özümüz olacağıq.
Viktor Çeretski: “Keçid” prosesinə şəxsən kral rəhbərlik edirdi.

Niyyət ondan ibarət idi ki, bütün zəruri islahatlar sakit, dinc, kəskin sarsıntılarsız həyata keçirilsin. Məqsəd – zorakılığın qarşısını almaq və o dövrdə nasist Almaniyasına paralel olaraq “bunker” adlandırılan köhnə rejimin ortodoks tərəfdarlarının müqavimətini doğurmamaq idi. Çünki onlar dövlət aparatında və, xüsusən də ordunun bütün əsas postlarını tutmuşdular və ümumiyyətlə, heç nəyi dəyişmək istəmirdilər. Bu çevrədən bir anda xilas olmaq mümkün deyildi.
Sol qüvvələr isə səbirli deyildilər. Onlar azadlığı dərhal və birdəfəlik istəyirdilər. Küçələrdə gurultulu nümayişlər keçirilir, “bunker”lə yanaşı, yeni formalaşan hakimiyyət sistemi də tənqid olunurdu. Aksiyalar çox vaxt polis qarşıdurmaları, yaralananlar və həlak olanlarla nəticələnirdi.
Gizli fəaliyyət göstərən Kommunist partiyası xüsusi fəallıq göstərirdi. Onun fəalları 1936-1939-cu illərin vətəndaş müharibəsində Franko tərəfindən məhv edilən respublikanın dərhal bərpasını tələb edirdilər. Belə vəziyyətdə kral dostu – Kolumbun nəslindən olan – Manuel Pradonu Rumıniyaya göndərdi. Məsələ burasındadır ki, Rumıniya rəhbəri Çauşesku mühacirətdə olan ispan kommunist partiyasının başçısı Santyaqo Karrilyo ilə dost idi. Kral ondan xahiş edirdi ki, Karrilyoya səbirli olmağın vacibliyini çatdırsın – əks halda, “bunker” bütün liberallaşma cəhdlərini güc yolu ilə əzə bilərdi.
Bu arada monarx 1976-cı ilin yayında yaşlı frankist Arias Navarronu vəzifədən kənarlaşdıraraq, Adolfo Suaresi yeni baş nazir təyin etdi.
Keçmiş nazir Rodolfo Martin Vilya xatırlayır: Həmin vaxt biz hələ demokratik, hüquqi dövlətlərdə olduğu kimi ümumi seçkilərin nəticəsində yaranmış hökumət deyildik. Baş nazir frankist ənənəyə uyğun olaraq birbaşa dövlət başçısı tərəfindən təyin edilmişdi. “Keçid”in əvvəllərindən etibarən vəziyyət bir neçə dəfə kəskinləşir, nəzarətdən çıxırdı – demokratikləşmə prosesi iflas təhlükəsi ilə üz-üzə qalırdı. Amma bir gün var ki, xüsusilə yadımdadır. Nazirlər Şurasının iclas otağına baş nazir Adolfo Suares daxil oldu.

Əlində cəmi üç səhifədən ibarət sənəd vardı. Bu, demokratiyaya keçidin əsas müddəalarını ehtiva edən “Siyasi islahat haqqında qanun”un qaralaması idi. Bu sənəd bizim bütün sonrakı fəaliyyətimizi müəyyənləşdirdi. O vaxtdan etibarən biz ardıcıl şəkildə müəyyən olunmuş məqsədə doğru irəlilədik, baxmayaraq ki, bizi tez-tez “improvizasiya”da – bu gün nə etdiyimizi, sabah nə edəcəyimizi bilməməkdə – günahlandırırdılar.
Viktor Çeretski: Suares, Franko dövründə məsul vəzifələr tutmasına baxmayaraq, səmimi şəkildə demokratiya tərəfdarı olan bir şəxs sayılırdı. Onun “Siyasi islahat haqqında qanun”u ilk növbədə köhnə rejimin və islahatların qarşısını alan hakimiyyət mexanizmlərinin sökülməsini nəzərdə tuturdu. Onların başlıcaları bunlar idi: “Milli Hərəkat” – ultramühafizəkar frankist təşkilatların konqlomeratı – və “Korteslər” – parlament oxşarı. Bu “Korteslər” yüksək vəzifəli məmurlardan və Milli Hərəkatın nümayəndələrindən ibarət idi. Onlara deputat deyil, “prokurator” deyilirdi, seçilmirdilər, təyin edilirdilər.
Ölkədə Konstitusiya yox idi. Onu “rejimin Fundamental qanunları” əvəz edirdi. Vəzifə belə idi ki, rejimin demontajı hələ də qüvvədə olan köhnə qanunvericilik çərçivəsində həyata keçirilsin. Çünki hesab olunurdu ki, İspaniyanın həmin dövründə dinc “keçidi” məhz bu yol təmin edə bilər. Öz islahatlarını ispan cəmiyyətinə təqdim edərkən Adolfo Suares belə demişdi: “Mən bu gün Siyasi islahat haqqında Qanun layihəsini təklif etmək üçün çıxış edirəm. Söhbət hökumətimiz tərəfindən hazırlanmış gələcək modeldən, İspaniya xalqının öz taleyinin yaradıcısına çevrilməsindən gedir. Siyasi vəziyyəti aydınlaşdırmağın vaxtı gəlib. İspanlar parlamentdə onları təmsil edəcək şəxsləri – səsvermə yolu ilə – qanuni hüquqlarla təmin etməlidirlər. Məlum olduğu kimi, hökumət hesab edir ki, dövlət suverenliyinin yeganə daşıyıcısı xalqdır. Buna görə də onun söz hüququnu ümumi seçkilərdə mümkün qədər tez təmin etmək lazımdır. İnsanlar ölkələrinin kursunu sülh, nizam və təhlükəsizlik şəraitində müəyyən etməlidirlər. Bizim gələcəyimiz hələ əvvəlcədən müəyyən edilməyib, çünki bu məsələni yalnız xalq həll edə bilər və bunun üçün ona seçki hüququ verilir. Hökumət ispanların iradəsini azad şəkildə ifadə etmələri üçün şərait hazırlayır. Biz xalqın arzu və tələblərinin həyata keçirilməsini təmin edəcək mexanizmlər hazırlayırıq”.
Viktor Çeretski: Yeni qanun ümumi parlament seçkilərini nəzərdə tuturdu – hüquqi dövlət quruculuğuna yol açırdı. İspaniyada bu cür seçkilər 1936-cı ildən bəri keçirilməmişdi və əlbəttə, “bunker” sakinləri üçün tamamilə qəbuledilməz idi. Onlar üçün bu, “mason anarxizmi”nin ən nifrət olunan təzahürü sayılırdı.
Bununla belə, Korteslərdəki frankist prokuratorlar yekdilliklə yeni qanunun lehinə səs verdilər. Niyə? Çünki prokuratorların əksəriyyəti yüksək vəzifəli dövlət məmurları idi. Suaresin hökuməti isə onlara sadəcə xəbərdarlıq etmişdi: əleyhinə səs versəniz, yəni nazirləri – öz rəislərinizi – dinləməsəniz, vəzifələrinizdən məhrum ediləcəksiniz. Beləcə, islahat köhnə sistemin çərçivəsi daxilində təsdiqləndi. İspanların o vaxt dediyi kimi, frankist Korteslər özlərinə “harakiri” etdilər.
Bu qərar eyni zamanda ən yüksək hakimiyyətə tabe olmağa alışmış generalları da neytrallaşdırdı. Bundan başqa, Suares şəxsən ordunun komandanlıq heyəti ilə görüş keçirdi və islahatların zəruriliyini izah etdi, xüsusilə vurğuladı ki, bu islahatları baş komandan və dövlət başçısı – kral Xuan Karlos tam dəstəkləyir. 15 dekabr 1976-cı ildə Siyasi islahat haqqında Qanun ümumxalq referendumuna çıxarıldı və ispanların böyük əksəriyyəti tərəfindən dəstəkləndi.
Viktoriya Preqo, jurnalist və yazıçı: Mətbuat demokratiyaya keçid prosesində son dərəcə mühüm rol oynayırdı. Həftəlik nəşrlərimiz mütəmadi məqalələr dərc edir, ispanlara izah edirdilər ki, demokratiyaya ağrısız keçmək mümkündür, heç bir dəhşətli şey baş verməyəcək, biz digər avropalılar kimi yaşaya bilərik. Axı çoxları qorxurdu ki, bizə yenidən vətəndaş müharibəsi sırınacaq. Buna görə həmin dövr hökumətinin seçdiyi yol heyranlıq doğururdu. Bir çoxları təəccüblənirdi ki, hökumət bütün bunların öhdəsindən necə gəlir.
Mən isə daha çox ispanların öz ölkələrinin demokratikləşməsi prosesində göstərdikləri entuziazma valeh olurdum. Təkcə Siyasi islahat haqqında Qanun üzrə referendumu götürək. Hər yerdə iştirak etmək istəyənlərin uzun-uzun növbələri yaranmışdı. Səsverməyə getdiyim günü yaxşı xatırlayıram – həyəcanımdan dizlərim əsirdi.

Viktor Çeretski: Bu arada bir çox ispanların qorxuları 1977-ci ilin yanvarında təsdiq olundu. “Keçid” prosesi nə ifrat sağlara, nə də ifrat sollara xoş gəlirdi. Birincilər köhnə dövrlərin geri qayıtmasını istəyirdilər, ikincilər isə – marksist-leninçi terror təşkilatı GRAPO vasitəsilə – ölkəni “parlaq kommunist gələcəyə” aparmaq arzusunda idilər. Maraqlıdır ki, onlar eyni gündə cinayət törətdilər. İfrat sağçılar Madriddə Atoça küçəsində yerləşən bir ofisdə beş vəkili öldürdülər, dördünü yaraladılar. Onlar həmkarların fəaliyyətini müdafiə edirdilər.
GRAPO isə adamları, o cümlədən generalı – Ali Hərbi Ədliyyə Şurasının sədrini girov götürdü. Həm sağ, həm sol ekstremistlərin məqsədi vəziyyəti gərginləşdirmək, hərbçiləri çıxışa təhrik etmək, ölkəyə yeni vətəndaş müharibəsi sırımaq idi. Hər iki tərəf ümid edirdi ki, belə bir qarşıdurmadan qalib çıxacaq
Madrid hadisələrində yaralanmış vəkillərdən biri, Alexandro Ruiz-Uerta: Beş həmkarımın ölümü və bizim yaralanmağımız bu faciədən siyasi qazanc götürmək istəyənlərə heç bir fayda vermədi. Əksinə, bu hadisə cəmiyyəti daha da birləşdirdi. Hərbçilərin oğurlanması kimi digər ekstremist hərəkətlər də nəticə vermədi. Həmkarlarımızın dəfninə 150 mindən çox insan toplaşdı. İspanlar göstərdilər ki, qarşıdurmanı, qisası və zorakılığı qəbul etmirlər, sülh və həmrəylik tərəfdarıdırlar. Bu faciəli hadisələr dəyişikliklər prosesini ləngitmədi, əksinə, daha da sürətləndirdi.
Parlament seçkiləri 1977-ci ilin iyun ayına təyin edildi. “Keçid” adlanan siyasi proses davam edirdi – insanlar səs verirdi, ölkə demokratiya qanunlarına görə yaşamağa başlayırdı. Bütün bunlar isə vətəndaşlardan müəyyən səylər tələb edirdi.
Viktor Çeretski: Bu arada referendum və seçkilərin təyin olunmasından sonra hakimiyyət köhnə strukturların demontajına başladı. Frankist Korteslər, diktaturanın repressiv orqanı olan İctimai Asayiş Tribunalı, Milli Hərəkat və “vertikal” deyilən həmkarlar ittifaqları – yəni həm işçiləri, həm də işəgötürənləri birləşdirən ittifaqlar – ləğv edildi. Etirazların qarşısını almaq üçün bu qurumların bütün məmurları əvvəlki maaşları ilə başqa vəzifələrə yerləşdirildi.
Seçkilər ərəfəsində hökumətin qarşısında daha bir çətin vəzifə dururdu – artıq qeyri-qanuni şəkildə mövcud olan partiyaları seçkilərə buraxmaq və yenilərinin yaranmasına icazə vermək. Xüsusilə Kommunist partiyası məsələsi çox kəskin idi. Bir tərəfdən, baş nazir Suares anlayırdı ki, həmin dövrdə təsirli müxalifət qüvvəsi olan bu partiyanı leqallaşdırmadan onun islahatları Avropanın gözündə tamhüquqlu qəbul edilməyəcək. Digər tərəfdən isə aydın idi ki, ölkədə, xüsusən də orduda antikommunist əhval-ruhiyyə çox güclüdür və hərbçilər kommunistlərin siyasətə buraxılması barədə eşitmək belə istəmirdilər. Çıxış yolu axtararkən baş nazir kommunist partiyasının lideri Santiyaqo Karrilyo ilə görüşdü. Baş katib bu görüşü sonralar belə xatırlayırdı:

“Biz ölkədəki çətin iqtisadi vəziyyəti, İspaniyanın demokratikləşməsi prosesini, Kommunist partiyasını və hökumətin üzləşdiyi çətinlikləri müzakirə etdik. Suares təklif etdi ki, kommunistlər seçkilərdə müstəqil namizədlər kimi iştirak etsinlər. Mən imtina etdim. Biz leqallaşdırılmadan ispan seçkiləri Avropanın gözündə demokratik hesab olunmayacaq. O isə öz növbəsində mənə xatırlatdı ki, ölkədə partiyamızın leqallaşdırılmasına qarşı çıxan təsirli qüvvələr var və onlar hələ də hesab edirlər ki, kommunistlər hakimiyyətə gəlmək üçün zorakılığı vasitə kimi seçir, monarxiyanın devrilməsini və totalitar diktaturanın qurulmasını müdafiə edir, İspaniya üçün yad maraqları təmsil edirlər. Bununla belə, Suares mənə söz verdi ki, partiyanın leqallaşdırılması üçün əlindən gələni edəcək”.
Viktor Çeretski: Mən Santiyaqo Karrilyo ilə dəfələrlə görüşmüşəm – həm SSRİ-də, bura o Qorbaçovun perestroykası dövründə tez-tez gəlirdi, həm də sonralar İspaniyada. O, Adolfo Suares haqqında həmişə böyük simpatiya ilə danışırdı, onu həm xoş xarakterli insan, həm inamlı demokrat, həm də dost adlandırırdı. İctimai qəzəbi qızışdırmamaq üçün kommunist partiyası 9 apreldə – Pasxa həftəsində, çox ispanın tətilə getdiyi, siyasi hadisələri izləmədiyi bir vaxtda – leqallaşdırıldı. Bu addıma yalnız hərbçilər reaksiya verdi. Ordu rəhbərliyi təcili iclasa yığılaraq, leqallaşdırmanı qəbul etmədiklərini bildirdi. Ölkənin üzərini yenidən çevriliş təhlükəsi aldı.
Santiyaqo Karrilyo: Keçmişlə əlaqənin qırılması frankizmin onilliklərlə mövcud olmuş ideoloji arqumentlərinin də məhvi demək idi: guya Franko ölkəni dəhşətli təhlükədən – kommunistlərdən – xilas etmək üçün hərbi çevriliş edib və diktatura qurub. Kommunist partiyasının leqallaşdırılması bu tezisi alt-üst edirdi və buna görə frankistlərin kəskin reaksiyasına səbəb olurdu. Bu addım bütün demokratik keçidin açar məqamına çevrildi və elə buna görə də ən çətin mərhələ idi. Mən yaxşı bilirdim ki, həmin vaxt Suaresi bu qədər cəsarətli addıma görə açıq şəkildə tərifləyə bilmərəm – ona ayı xidməti göstərmiş olardım. Zatən hərbçilərlə kifayət qədər problemi vardı. O dövrdə mən bilirdim ki, ona kömək edə biləcəyim yeganə şey, əslində, onu tənqid etməyim olardı.
Viktor Çeretski: Suares isə Karrilyoya televiziya vasitəsilə kommunist partiyasının siyasətini izah etməyi xahiş etdi və Karrilyo bunu etdi. Kommunist lider kifayət qədər ölçülü-biçili nitqlə çıxış etdi, həm də kabinetindəki İspaniya monarxiyasının bayrağı fonunda. O deyirdi ki, İspaniyada mövcud dövlət quruluşunu və dövlət başçısı kimi kralı tanıyır, ölkənin dövlət sərhədlərinin toxunulmazlığını müdafiə edir, sülh tərəfdarıdır – heç bir zorakılığı, heç bir diktaturanı qəbul etmir və Qərb tipli demokratik dövlət quruculuğu kursunu tam dəstəkləyir, insan haqları və azadlıqlarının qorunmasını müdafiə edir.
Karrillyo səmimi danışırdı: o vaxta qədər ispan kommunist partiyası artıq İtaliya və Fransa həmkarlarının ardınca “avrokommunizm” adlanan doktrinanı qəbul etmişdi. Partiya inqilabdan, proletariat diktaturasını nəzərdə tutan marksizm-leninizmdən imtina etmiş, çoxdan Moskvaya tabe olmaqdan əl çəkmişdi – siyasi mübarizədə yalnız hüquqi dövlət tərəfindən tanınan metodlara əməl edəcəyi öhdəliyini götürmüşdü. Karrilyonun bu çıxışı və hüquqşünasların artıq mövcud kommunist partiyasının təhlükə yaratmaması barədə qənaəti hərbçiləri bir qədər sakitləşdirdi, baxmayaraq ki, kommunistlərə və bütövlükdə demokratik keçidə mənfi münasibət orduda hələ uzun müddət qalmaqda davam edirdi. Seçkilər ərəfəsində baş nazir Adolfo Suares görülən işlərin yekununu belə ifadə etdi: “Mən hesab edirəm ki, biz seçkilərə əliboş gəlməmişik. İspaniya xalqına suveren hüquqlarını qaytaracağımıza söz vermişdik və indi onlar bu hüquqlardan istifadə edə bilirlər. Biz siyasi həyatımızı normallaşdıracağımıza, demokratiyaya keçidi sülh və qanunçuluq şəraitində həyata keçirəcəyimizə söz vermişdik — düşünürəm ki, bunu bacardıq. Bütün siyasi qüvvələrin seçkilərdə iştirak hüququ alacağını və deputat mandatları uğrunda mübarizə apara biləcəyini vəd etmişdik — onlar bu hüququ əldə etdilər. Düşünürəm ki, İspaniyanın siyasi strukturu artıq mövcuddur və biz onun əsasında daha geniş islahatlara başlaya bilərik. Bu islahatlar iqtisadiyyata, sosial və mədəni həyata aid olacaq. Ölkənin buna ehtiyacı var.
Mən İspaniyanı daha yaxşı etmək üçün səy göstərməyə, çalışqan olmağa çağırıram. Bizi çətin dövrlər gözləyir, lakin biz bunları aşacağıq. Artıq əldə olunmuş sabitlik, qərarların düşünülmüş şəkildə qəbulu və bütün siyasi qruplar və partiyalarla dialoq buna kömək göstərəcək. Hesab edirəm ki, biz monarxiyamızı tam və qəti şəkildə möhkəmləndirməyə, qarşımıza qoyulan bütün suallara cavab tapmağa qadirik. Bu, bizim gələcəyimiz, yeni üfüqlərimizdir”.
Viktor Çeretski: Seçkilər ərəfəsində müxtəlif istiqamətli 78 partiya leqallaşdırıldı və qalib Adolfo Suares oldu — onun Demokratik və Sosial Mərkəz Partiyası birinci yeri tutdu. Yeni parlamentin qəbul etdiyi ilk qanun Amnistiya Qanunu idi. Doğrudur, Franko dövrünün əksər siyasi məhbusları hələ 1976-cı ilin yayında azad edilmişdilər. Yeni akt isə qanlı cinayətlər törədənləri, o cümlədən bask separatçı təşkilatı ETA-nın döyüşçülərini də əhatə edirdi.

Qanun yalnız antifrankoçuları deyil, həm də keçmiş rejimin nümayəndələrini — əsasən hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını müdafiə altına alırdı. Demokratiya şəraitində onlar diktatura zamanı insanlığa qarşı cinayətlərdə ittiham oluna bilərdilər. Qanunun bu müddəası “unutqanlıq paktı” adlanırdı və hökumətin apardığı milli barışıq siyasətinə tam uyğun gəlirdi. 1978-ci ilin dekabrında ölkədə referendum keçirildi və parlamentin əvvəlcədən təsdiqlədiyi konstitusiya qəbul olundu.
Onun əhəmiyyətindən hazırkı İspaniya kralı — Xuan Karlosun oğlu VI Filipp belə danışır: Konstitusiya ispanlar arasında barışıq və anlaşma, demokratiya və azadlıq haqqında ümummilli razılaşma oldu. O, bizi birləşdirdi. Beləcə, onun qəbulu ölkənin siyasi baxımdan ən uğurlu mərhələsini — diktaturadan demokratiyaya keçidi — tamamladı. İspanlar bir-birini başa düşmək, qanunlara və insan hüquqlarına hörmət etmək iradəsini nümayiş etdirdilər. Bununla da onlar dözümsüzlüyə və siyasi təqiblərə son qoydular. Konstitusiya İspaniyanı sosial, hüquqi və demokratik dövlət kimi müəyyənləşdirdi. Biz digər Avropa ölkələri ilə eyni sıraya qoşulduq. Onlarla azadlıq, ədalət, bərabərlik və siyasi plüralizm kimi dəyərləri paylaşırıq. Bu gün, əsas qanun sayəsində, bizim demokratiyamız möhkəmdir. Konstitusiya həm dövlətin, həm də hər bir vətəndaşın həyatında özünü göstərir. O, bizim demokratiyamızın ruhudur.
Viktor Çeretski: Suares hökumətinin növbəti vəzifəsi bask və katalon regionlarına milli muxtariyyət statusu vermək idi. Əslində söhbət ölkənin ən inkişaf etmiş iki sənaye bölgəsinin demokratikləşmə prosesinə tam şəkildə cəlb edilməsindən gedirdi. Çünki xüsusi status tələbləri yerinə yetirilənədək onlar islahatlara böyük şübhə ilə yanaşırdılar. Muxtariyyətlər öz parlamentlərini və hökumətlərini yaratmaq hüququ aldılar və mərkəzi hökumətin bir çox səlahiyyətləri onlara verildi. Onlara güzəştli vergi sistemi və öz polis qüvvələrini formalaşdırmaq hüququ da verildi.
Bask siyasətçisi Xavyer Arsalyus: Ölkədə baş verənlərlə yanaşı, bask muxtariyyətinin yaradılması da son dərəcə mühüm bir hadisə idi. Baskların üçdə ikisinin — Fransanın cənubunda yaşayanlardan başqa hamısının — öz parlamentinə sahib olması o demək idi ki, nəhayət, xalqımızın arzu və tələblərini həm İspaniyada, həm də bütün dünyada ifadə edə bilən bir orqan yaratmışıq. Bunlar artıq sırf təsərrüfat-idarə strukturları deyildi. Biz birləşərək həqiqi siyasi hakimiyyət strukturu formalaşdırdıq.
Viktor Çeretski: Muxtariyyətlərin yaradılması yenidən sakitləşmiş hərbçi-frankistləri narahat etdi. Bu nədir? İspaniyanın parçalanmasının başlanğıcımı? Məgər mərhum Franko bununla bağlı xəbərdarlıq etmirdimi? Üstəlik, bask terrorçuları müstəqillik tələb edərək, qanlı hücumlarını davam etdirirdilər. Bu da hərbçilərdə kəskin reaksiya doğururdu. Eləcə də keçmiş rejimlə bağlı olmayan zabitlərin hökumətin tərəfindən ordu rəhbərliyinə çəkilməsi frankist qvardiya tərəfindən narazılıqla qarşılanırdı.
Və nəhayət, bu qvardiya 1981-ci ilin fevralında qiyam təşkil etdi: jandarmlar parlamenti deputatlarla birlikdə ələ keçirdilər və binada atəş açdılar, bəzi şəhərlərin küçələrinə tanklar çıxarıldı. Hərbi qiyamı kral Xuan Karlos yatırdı.
Jurnalist və yazıçı Viktoriya Preqo: 1981-ci il ispanlar üçün son dərəcə narahatlıq dolu bir il idi. Axı əvvəlki il bask terrorçuları 124 nəfəri öldürmüşdü — onların arasında çoxlu hərbçilər və jandarmlar vardı. Terrorçuların məqsədi ölkədə xaos yaratmaq idi. Və nə vaxt ki, hərbi qiyam baş qaldırdı, kral şəxsən bütün hərbi dairələrin komandirləri ilə əlaqə saxladı və bu antikonstitusion çıxışa qəti şəkildə qarşı olduğunu bildirdi, dərhal nizam-intizamı bərpa etməyi əmr etdi. Hərbçilər əmri yerinə yetirdilər. Parlament azad olundu, üsyankar tank bölmələri — Madrid yaxınlığında və Valensiyada — öz bazalarına qayıtdılar. Beləcə, çevriliş cəhdi iflasa uğradı. Xalq isə anladı ki, demokratiyanı və azadlığı qorumaq lazımdır. Və bunu daim etmək tələb olunur.
Viktor Çeretski: Generalların sakitləşdirilməsindən və 1982-ci ildə keçirilən yeni parlament seçkilərindən sonra hakimiyyətə İspaniya Sosialist Fəhlə Partiyası gəldi. O, Adolfo Suaresin başladığı islahatları davam etdirdi. Doğrudur, artıq islahatlar əsasən iqtisadi sahəni əhatə edirdi. Söhbət nəhəng və gəlirsiz hala gəlmiş dövlət sektorunun özəlləşdirilməsindən gedirdi. Ümumilikdə isə məqsəd İspaniyanın bütün istehsalat sahəsini modernləşdirmək və ölkəni Avropa İqtisadi Birliyinə — indiki Avropa İttifaqına — inteqrasiya etmək idi. İspaniya demokratik bir hüquqi dövlət kimi bu təşkilata 1986-cı ildə daxil oldu.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada