Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanın acı gerçəyi

“Cərimələrin artırılması ilə vətəndaşlar inzibati resurslarla qaydalara məcburi tabe edilməlidir. İnsanlara dəfələrlə bildirildi ki, əgər qaydalara məsuliyyətli şəkildə əməl etməslər, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki virusun qarşısının alınmasında əsas rolu vətəndaş oynayır. Lakin görünən odur ki, onlar qoyulan tələblərə əməl etmək istəmirlər. Düşünürəm ki, bunun qarşısını almaq üçün karantin rejimi daha da sərtləşdirilməlidir. Bəlkə o zaman insanlar vəziyyətin ciddiliyini başa düşərlər. Vətəndaşlarımız qaydalara əməl etməməklə Azərbaycan Respublikası Konstitusiyasının 5 maddəsini pozmuş sayılırlar. Bu məsələ hər bir şəxsin fərdi məsələsi deyil, bu ümumilikdə millətin məsələsidir”.

Bu sözləri Milli Məclisin İntizam komitəsinin sədri Siyavuş Novruzov mayın 5-də mətbuata müsahibəsində deyib. Bu, açıqlama sərt karantin rejiminin ilk dövrünə təsadüf edir. Həmin tarixdən üç ay yarım keçib, amma Azərbaycanda karantin rejimi davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 3-də qaydaları nisbətən yüngülləşdirsə də, toy, yas mərasimlərinin keçirilməsi, 5 nəfərdən çox adamın bir yerə toplaşması, şəhərlərlə rayonlar arasında gediş-gəlişin məhdudlaşdırılmasını qüvvədə saxlayıb. İri ticarət mərkəzləri də hələlik açılmayacaq.

Rəsmi şəxslərin çxışlarından belə aydın olur ki, epidemioloji vəziyyət yaxın aylarda kütləvi toplantıların keçirilməsini mümkünsüz edir. Bu da gəlirləri toy biznesindən çıxan musiqiçilərin, müğənnilərin, iş adamlarının ciddi narazılığına səbəb olub. Onlar etirazlarını artıq sosial şəbəkələrdə, internet telekanallarında bildirməkdən, hökumət qurumlarını tənqid etməkdən çəkinmirlər. İqtisadçıların hesablamalarına görə, illik dövriyyəsi təxminən 1 milyard manata yaxınlaşan toy biznesi iqtisadiyyatın ən müxtəlif sahələrini özündə birləşdirməklə, on minlərlə vətəndaş üçün dolanışıq mənbəyidir. Karantin müddətində dövlətdən olduqca kiçik dəstək alan biznes sektoru və muzdlu çalışanlar yarım ilə çatan rejimin bitməsini tələb edirlər. Qeyri-dövlət sektoru bu 6 ayda tənəzzülə uğrayıb, iş yerləri bağlanıb, çoxlu sayda vətəndaş müflisləşərək səfalətlə üzləşib. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, karantin rejiminin hər günündə ölkə iqtisadiyyatı 120-150 milyon manat pul itirib…

Amma Siyavuş Novruzov bu etirazları gözardı edib, ictimai etirazları dəstəkləməyib. Əksinə, cərimələrin sərtləşdirilməsinin təşəbbüskarlarından biri olub. Və komitə sədri həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva ilə birlikdə bu günlərdə Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin təmtəraqlı toy məclisində iştirak edir. Məclisin sosial şəbəkələrdə paylaşılan görüntüləri karantin rejimindən təngə gəlmiş cəmiyyətdə nə qədər böyük qıcıq yaradırsa, insanlara cəza kəsən məmurların, deputatları orada iştirakı bir o qədər ikrah doğurur.

Əlbəttə, bizim məqsədimiz deputatın və onun ailə üzvlərinin fəaliyyətini təftiş etmək deyil. Toy, yas mərasimlərinin qadağan olunmasının vacibliyini də qeyd etmirik. Əksinə, müstəqil ekspertlər qonşu ölkələri nümunə gətirib, sərt qaydalarının ləğvinin vacib sayırlar.

Ortada çox ciddi qanun pozuntuları, karantin qaydalarına və ictimaiyyətə açıq hörmətsizlik faktları var. Deputatlar, dövlət məmurları nümayişkəranə şəkildə Operativ Qərargahın qoyduğu qaydaları saymırlar. Məsələ burasındadır ki, Ramiz Mehdiyev nəvəsinə toy mərasimi təşkil edən yeganə vəzifəli şəxs deyil. Bu sırada baş nazir Əli Əsədovun, Milli Məclisin keçmiş komitə sədri Hadı Rəcəblinin və digər şəxslərin adları çəkilir. Mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə, son bir həftədə Bakıda restoranlarda 20-dən artıq toy, nişan mərasimləri keçirilib.

İnzibati Xətalar Məcəlləsində karantin qaydalarının pozulması ilə bağlı pul cəriməsi və inzibati həbs cəzası nəzərdə tutulub:

Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması.

211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Bu günə qədər hüquq-mühafizə orqanları məmurların təmtəraqlı məclislərinin dayandırılması ilə bağlı hər hansı məlumat yaymayıblar. Sosial şəbəkələrdə yayılan kadrlardan da görünür ki, Ramiz Mehdiyevin təşkil etdiyi toy mərasimi də sakit, rəvan keçib. Amma bu “tolerant” münasibət sadə vətəndaşlara tətbiq olunmur. İnternet dağıdılan toy, yas mərasimlərindən çəkilib yayılan kadrlarla doludur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata bildirib ki, restoranlarda keçirilən kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə, cəhdlərdir, toy mərasimi keçirilməyib”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə konkret fakta istinad edib. O qeyd edib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.

Göründüyü kimi, hüquq-mühafizə orqanlarının tədbirləri yüksək çinli məmurlardan yan keçir, qanunun sərt üzü onlara tətbiq olunmur. Kəskin sosial bərabərsizlik, əhalinin “ağlar” və “qaralar”a bölünməsi cəmiyyətdə böyük qıcıq yaradır.

Əlbəttə, Ramiz Mehdiyevin də, başqa məmurların da cərimələri ödəmək imkanı var. Yəqin ki, hüquq-mühafizə orqanları bu günlərdə belə məlumat yayacaqlar. Amma məmur cəriməsini ödəyib, qanunları ayaq altına alırsa, buna parlament, deputat susursa, bu, artıq ölkədə hüquqi nihilizmdən xəbər verir. Axı, necə ola bilər ki, parlamentdə, Operativ Qərargahda cərimələri və qaydaları sərtləşdirib, özün də onu nümayişkəranə şəkildə pozasan?!

Turqut