Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropa Məhkəməsi Azərbaycanı ən problemli 5 ölkədən biri sayır

Azərbaycan 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) haqqında ən çox qərar çıxardığı 5 ölkədən biri olub. Bu barədə yanvarın 28-də AİHM-in açıqladığı hesabatda bildirilir. Ötən il ərzində qurumun qəbul etdiyi 871 qərardan 37-si Azərbaycana qarşı çıxarılıb. Hesabata görə, Azərbaycanda ən çox azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüququ pozulub. Azərbaycan həmçinin, AİHM-ə ən çox şikayət edilən 6 ölkədən biridir. Ölkəmizdən göndərilən 2 min şikayət baxılmaq üçün sırasını gözləyir.

Xatırladaq ki, 2019-cu il aprelin 3-də prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməlidir. Məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, icraatın effektivliyi yüksəldilməli, qərarların tam, vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və başqa neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Fərmanın imzalanmasından 22 ay ötüb, bu müddətdə Azərbaycanın məhkəmə-hüquq sistemində nə dəyişib? AHİM hesabatında yer alan problemlərin aradan qaldırılması istiqamətində addımlar atılıbmı?

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinə verilən şikayətlər və çıxarılan qərarlar üzrə Azərbaycanın ön sıralarda olması ölkədə fundamental insan hüquqlarının, qanunun aliliyinin və məhkəmələrin müstəqilliyinin vəziyyətinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycandan AİHM-ə göndərilən şikayətlər və çıxarılan qərarlar əsasən azadlıq, toxunulmazlıq, seçki hüquqları, ədalətli məhkəmə araşdırması hüququ, birləşmək, toplaşmaq, ifadə azadlıqları kimi hüquqlarla bağlı olub:

“Təbii ki, bu qədər qərarı sadəcə, məhkəmə səhvləri kimi qiymətləndirmək mümkünsüzdür və ölkədə qanunun aliliyi və müstəqil məhkəmə sistemi təmin edilsəydi, bu qərarlar indikindən dəfələrlə az olardı”.

Hüquqşünas hesab edir ki, bəhs olunan problemlər dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə məhkəmə-hüquq sistemində şaxələnmiş köklü islahatların aparılmasını zəruri edir. Amma ötən dövrlərdə məhkəmə-hüquq sistemində islahatlardan xeyli danışılsa da, bir sıra normativ-hüquqi aktlar qəbul edilsə də, bütün bunlar vəziyyəti mahiyyət etibarı ilə dəyişməyib.

H.Həsənovun fikrincə, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” prezidentin 3 aprel 2019-cu il tarixli fərmanı hələ ki bu sahədə ciddi dönüş yarada bilməyib: “Elə bu fərmanın özündə nəzərdə tutulan bir sıra məsələlər də indiyədək öz həllini tapmayıb, yaxud həllini tapan bəzi məsələlər imitasiya xarakteri daşıyıb. Həmçinin, insanların məhkəmələrə etimadında əsaslı dönüş müşahidə olunmur və məhkəmələrdə işlərin çoxluğu daha çox qanunların tətbiqindəki problemlərdən irəli gəlir”.

Həsənov onu da qeyd etdi ki, Konstitusiya Məhkəməsi də indiyədək konstitusion hüquqların bərpası üzrə ölkədaxili səmərəli hüquq-müdafiə instansiyası kimi çıxış edə bilməyib və insanların pozulan hüquqlarının bərpası məsələsində bu orqana etimad da xeyli dərəcədə aşağıdır:

“Beləliklə, bütün bunlar nəticə etibarilə Azərbaycanı AİHM-ə daxil olan şikayətlərdə və qərarlarda ön sıralara çıxarır. Hesab edirəm ki, cəmiyyətin bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində həqiqi, əsaslı islahatlar aparılmalıdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, AİHM-in çıxardığı bu və buna bənzər qətnamələrin mahiyyətinə varanda məlum olur ki, burada daha çox hüquqi prosedurların pozulması ilə bağlı məsələlər öz əksini tapır: "Yəni, konkret olaraq insan hüquqlarının ölkə səviyyəsində, rəsmi olaraq deyil, daha çox məhkəmə prosesi, istintaqın gedişi zamanı yol verilmiş hüquqi prosedurların pozulmasına görə biz qınağa məruz qalırıq".

Deputatın fikrincə, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində ciddi islahatlar daha geniş xarakter almalıdır:

"Bu, ona görə olmalıdır ki, müasir hüquqi bilikləri özündə daşıyan, korporativ və digər maraqlardan uzaq olan insanlarımız bu sistemə daha geniş şəkildə cəlb olunsun. Adi prosedur qaydalarının pozulmasına görə biz AİHM-in hesabatlarında öndə dayananlardan olmayaq".

Turqut