Logo
news content
User
Kateqoriyalar

Analitika

Almaniya klinikası Navalnının zəhərləndiyini təsdiqləyib

Rusiyalı müxalifətçi Aleksey Navalnının müalicə olunduğu Almaniyanın “Şarite” (Charité - Universitätsmedizin Berlin) klinikası onun vəziyyəti haqqında ilk açıqlamasını verib.

Klinika A.Navalnının zəhərləndiyini təsdiqləyib:

“Bazar günündən bəri Aleksey Navalnı klinikamızın həkimləri tərəfindən müalicə olunur. Pasiyent reanimasiyada və süni koma vəziyyətindədir. Onun vəziyyəti ciddidir, lakin hazırda həyatına xüsusi təhlükə yoxdur.

Bura gətirildikdən sonra həkim briqadası pasiyenti hərtərəfli müayinə edib. Klinik məlumatlar xolinesterazın ingibitorları adlanan aktiv müddələr qrupundan olan maddə ilə intoksikasiyanın baş verdiyini göstərir. Konkret maddə hələ məlum deyil və daha bir geniş analiz başlanıb. Toksinin effekti – yəni, orqanizmdə xolinesteraz ingibitorlarının olması müstəqil laboratoriyalar tərəfindən də təsdiqlənib. Diaqnoza uyğun olaraq, xəstəyə atropin təyin edilib.

Xəstəliyin nəticələri qeyri-müəyyən olaraq qalır və sinir sistemində uzunmüddətli təsirlərini istisna etmək olmaz. Müalicə həkimləri Aleksey Navalnının yoldaşı ilə sıx əlaqə saxlayır. “Şarite” hesab edir ki, xəstənin səhhəti barədə publik məlumatlar onun faydasınadır”.

Xatırladaq ki, avqustun 20-də Tomsk şəhərindən Moskvaya qayıdarkən təyyarədə Navalnının halı pisləşib. Bu barədə həmin gün səhər saatlarında onun mətbuat katibi Kira Yarmış “Twitter”də məlumat verib. K.Yarmış təyyarənin Omsk şəhərinə təcili eniş etdiyini yazıb: “Alekseydə toksik zəhərlənmə var. Biz indi təcili yardım maşını ilə xəstəxanaya gedirik”.

Bir az sonra K.Yarmış yazıb ki, Alekseyin çayına atılmış hansısa maddə ilə zəhərləndiyini güman edir: “Bu, onun səhərdən bəri içdiyi yeganə maye idi. Həkimlər deyir ki, toksin isti maye ilə tez müddətdə qana keçib. İndi Aleksey huşsuz vəziyyətdə reanimasiyadadır”.

K.Yarmışın sözlərinə görə, təyyarə havaya qalxdıqdan sonra Navalnı özünü pis hiss etdiyini deyib və ondan salfet istəyib: “O, tərləmişdi. Xahiş etdi ki, onunla söhbət edim, çünki səsinin vəziyyətini yoxlamaq istəyirdi. Tualetə getdi və huşunu itirdi”.

A.Navalnı Omsk Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. “Cinema for Peace” adlı məşhur qeyri-hökumət təşkilatı A.Navalnını Almaniyaya aparmaq üçün Omska təyyarə göndərib. Əvvəlcə rusiyalı həkimlər xəstənin nəql olunmasının onun həyatına təhlükə yaradacağını əsas gətirərək Navalnının aparılmasına icazə verməyiblər. Lakin Avropa liderlərinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarından sonra avqustun 22-də xəstə Almaniyaya yola salınıb. Almaniya hökumətindən bildirilib ki, Aleksey Navalnı kansler Angela Merkelin qonağı statusunda ölkəyə gətirilib və buna uyğun təhlükəsizlik tədbirləri görülüb.

Press Klub