Logo
news content
User
Kateqoriyalar

Analitika

Xaricə qaçırılan pullar...
Azərbaycanın ehtiyacı olan sərmayələr niyə kənara axır?

2021-ci ilin 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb. Mərkəzi Bankın məlumatına görə, həmin vəsaitin 107 milyon dolları Böyük Britaniyaya gedib. 

Xatırladaq ki, ötən il tədiyyə balansında kəsirin ən önəmli səbəbi maliyyə hesabında yaranan 2,4 milyard dollar həcmindəki xalis kapital çıxışı ilə bağlı idi. Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiları formasında, 1,4 milyard dollarıq hissəsi isə "digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir. Ötən il azərbaycanlı sahibkarların ən çox investisiya yatırdığı ilk 5 ölkənin siyahısına Türkiyə başçılıq edir - 334 milyon dollar. Növbəti yerləri ABŞ (171 milyon dollar), Lüksemburq (123 milyon dollar), Monteneqro (101 milyon dollar) və Rusiya (95 milyon dollar) tutur.

2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni builki göstəricidən 376 milyon dollar daha çox olub. 

Ötən ilin 9 ayı ilə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalar isə 30 milyon dollara yaxın artıb.

Beləliklə, 2021-ci ilin ilk 3 rübü ərzində Azərbaycanın ən çox investisiya yatırdığı 10 ölkə bunlardır:

Birləşmiş Krallıq - 107 milyon dollar

Türkiyə - 82 milyon $

Gürcüstan – 57,6 milyon $ 

ABŞ – 57,2 milyon $ 

Malta - 46 milyon $ 

Monteneqro - 21 milyon $ 

Rusiya Federasiyası - 12 milyon $ 

Almaniya - 10 milyon $ 

İsveçrə - 9 milyon $ 

Niderland - 8 milyon $. 

Azərbaycan iqtisadiyyatının sərmayə və xarici investisiyalara ciddi ehtiyac duyduğu dövrdə vəsaitlərin xaricə axması nə ilə bağlıdır? Bu kapital qoyuluşları hansı şirkətlər və ya məmurlar tərəfindən həyata keçirilir? Yuxarıda qeyd olunan ölkələrdə hansı sahələr bizim sərmayəçilərin diqqətini çəkib?

Paradoksal məqam budur ki, Azərbaycan hazırda işğaldan azad etdiyi ərazilərdə irimiqyaslı tikinti-quruculuq layihələri həyata keçirir. Bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayırılıb, dövlət qurumlarına ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi də bu istiqamətə yönəldilib. Prezident İlham Əliyev çıxışlarında xarici investorları bu layihələrdə iştirak etməyə, ölkə iqtisadiyyatına sərmayə qoymağa dəvət edir. Bu çağırışlara baxmayaraq, ölkəyə xarici investorların marağı ildən-ilə aşağı düşür. Bu ilin 10 ayının nəticələrinə görə, xarici investisiyalar 1 milyard manat azalıb. İqtisadçı Nemət Əliyevin araşdırmasına görə, yanvar-oktyabr aylarında xarici investorlar Azərbaycana sərmayə qoyuluşunu 600 milyon manat azaldıblar və miqdar 4,2 milyard manatdan 3,6 milyarda enib: 

"Heç yerli investorlarımız da geri qalmayıblar, onlar da yatırımları 400 milyon manat azaldıblar. Bu məbləğ 7,4 milyarddan 7 milyarda enib. Bu ilin 10 ayında ümumi kapital qoyuluşu 1 milyard manat və ya ötən ilin eyni dövrünə nəzərən 11,5% azalıb". 

İqtisadçı Natiq Cəfərli “old.old.pressklub.az”a şərhində bildirdi ki, Azərbaycandan xaricə investisİyaların, maliyyənin axını yenilik deyil, uzun müddətdir ki, bu barədə məlumatlar yayılır. Onun sözlərinə görə, ölkədən çıxarılan vəsaitin böyük bir qismi xaricdə daşınmaz əmlaka yatırılır. Britaniyanın öncül yer tutmasının səbəblərinə gəlincə, iqtisadçı qeyd edir ki, "Brexit"dən sonra bu ölkədə daşınmaz əmlakın qiymətlərində müəyyən ucuzlaşma olması onun cəlbediciliyini artırdı: "Bu da kifayət qədər xarici investorun Britaniyada bu sektora yatırım qoymasına səbəb oldu. Həm də orada qanunlar başqa ölkələrə nisbətən daha liberaldır, biznes açmaq, əmlak alqı-satıqısı həyata keçirmək rahatdır". 

N.Cəfərli vurğuladı ki, Azərbaycandan çıxarılan kapitalın böyük bir hissəsi, çox güman, məmurlara məxsus biznesdən qazanılan, yaxud onların ailə üzvlərinin vəsaitləridir: 

"Əlbəttə, bu informasiyanı sübut etmək üçün araşdırmalara, dəlillərə ehtiyac var. Amma mediada çıxan məlumatlardan da görünür ki, bəzi deputatlar, məmurlar xaricdə daşınmaz əmlaka yatırımlar edirlər. O cümlədən, Böyük Britaniyada çoxlu sayda daşınmaz əmlak aldıqları aydın şəkildə görünür".  

Ekspert əlavə etdi ki, bu vəsaitlərin ölkədən çıxarılmasının əsas səbəblərindən bir də Azərbaycanda belə yatırımlar və biznes üçün əlverişli şəraitin olmamasıdır: "Bundan başqa, Azərbaycana nisbətən xaricdə məmurlar üçün bu vəsaitləri saxlamaq daha təhlükəsizdir. Təəssüf ki, bu mənfi tendensiyanın uzun illərdir davam etdiyinin şahidi oluruq".

Turqut