Yaxın Şərq münaqişəsində itkilər. Ölkələr üzrə siyahı
07 Aprel 2026
Fransanın AFP xəbər agentliyi ABŞ və İsrailin İranla müharibəsinin Yaxın Şərq ölkələrində səbəb olduğu itkilərin siyahısını hazırlayıb.
Agentlik bu rəqəmlərin hamısını müstəqil şəkildə yoxlamaq mümkün olmadığını yazır. Rəqəmlər hökumətlər, ordular, səhiyyə qurumları və xilasedici təşkilatların açıqladığı məlumatlara əsaslanır.
İran
İran hökuməti son günlər ümumi itki sayını yeniləməyib.
ABŞ-də yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) aprelin 4-də bildirib ki, azı 3 min 540 nəfər həlak olub. Onlardan 1 min 616-sı mülki şəxs (azı 244-i uşaq olmaqla), 1 min 213-ü hərbçidir. 711 nəfərin statusu müəyyənləşdirilməyib.
İranda bu rəqəmləri müstəqil şəkildə yoxlamaq mümkün deyil, ölkədə məlumatların yayılmasına məhdudiyyətlər qoyulub.
Livan
Livanda müharibə başlayandan 1 min 461 nəfər həlak olub, 4 min 430 nəfər yaralanıb. Ölənlərin 129-u uşaqdır. Məlumatı ölkənin Səhiyyə Nazirliyi aprelin 5-də yayıb.
BMT-nin Livandakı qüvvələri (UNIFIL) üç sülhməramlının həlak olduğunu açıqlayıb.
Livan ordusu isə 10 hərbçisinin öldüyünü bildirib.
"Hizbullah" itkiləri barədə məlumat verməyib.
İsrail
İsrail müharibə başlayandan bəri hücumlar nəticəsində 19 mülki şəxsin həlak olduğunu bildirir.
İsrail ordusu isə Livanın cənubunda döyüşlərdə 11 hərbçinin öldüyünü açıqlayıb.
Qərb sahili
Ramallahdakı Fələstin Səhiyyə Nazirliyi bildirir ki, İranın raket hücumları işğal altındakı Qərb sahildə dörd qadının ölümünə səbəb olub.
İraq
Müharibə başlayandan bəri İraqda azı 108 nəfər həlak olub. Bunu silahlı qruplar və rəsmilər bildirir.
Fransa İran dronunun İraqın muxtar Kürdüstan bölgəsində bir fransız hərbçinin ölümünə səbəb olduğunu açıqlayıb.
ABŞ ordusu isə qərbi İraqda yanacaqdoldurma təyyarəsinin qəzaya uğradığını, altı ekipaj üzvünün hamısının öldüyünü açıqlayıb. Hadisənin düşmən və ya dost atəşi ilə əlaqəli olmadığı bildirilib.
İranpərəst silahlı qruplar və təhlükəsizlik mənbələri 74 döyüşçünün İsrail və ABŞ-nin zərbələri ilə öldürüldüyünü iddia edir.
İraq hökuməti təhlükəsizlik qüvvələrinin 10 üzvünün həlak olduğunu açıqlayıb.
İraqın muxtar Kürdüstan bölgəsinin rəsmiləri raket hücumu nəticəsində altı döyüşçünün öldüyünü, bu hücumu İranın həyata keçirdiyini bildirib.
Körfəz
Körfəz ölkələrinin rəsmiləri və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hücumları başlayandan ümumilikdə 41 nəfərin öldüyünü bildirib. Onların 22-si mülki şəxslərdir.
Qalanları hərbçilər və təhlükəsizlik əməkdaşlarıdır. Yeddi ABŞ hərbçisi də siyahıya daxildir.
ABŞ-nin itkiləri
Körfəzdə yeddi, İraqda isə altı hərbçinin ölümündən savayı, ABŞ ordusunda 300-dən çox yaralı qeydə alınıb. Onların çoxu yüngül xəsarət alıb.
ABŞ rəsmisinin AFP-yə dediyinə görə, yeddi fərqli ölkədə 10 yaralının vəziyyəti ağırdır.