Logo
news content

Tehran rejiminin “yarpaq tökümü”
Teokratik hakimiyyətin məmurları bir-birinin ardınca xaricdən sığınacaq istəyirlər

İranda vəziyyətin dəyişəcəyi artıq şübhə doğurmur. Hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı hörmət və etimad aradan qalxır. Rejim dinc etiraz aksiyasının iştirakçılarını qətlə yetirib. Etirazçılar İranın ali rəhbərinə, hakimiyyət nümayəndələrinə qarşı şüarlar səsləndiriblər. Rəsmi məlumatlara əsasən, etirazlarda təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında da ölənlər olub.

Belə hallar İran hakimiyyətinin ölkəni indiyə qədərki metodlarla idarə etməsini çətinləşdirir. 

Artıq xaricdə İslam Respublikasını təmsil edən diplomatik missiyaların əməkdaşları bu hakimiyyətə xidmətdən boyun qaçırmağa başlayıb.

İranın Vyanadakı səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Dərikvand vəzifəsini tərk edərək, özü və ailəsi üçün İsveçrədən sığınacaq istəyib. “Iran International” bildirib ki, İran Xarici İşlər Nazirliyi diplomatla bağlı məsələyə  şərh vermir. Ehtimal olunur ki, nazirlik xüsusi xidmət orqanlarından ehtiyat etdiyi üçün məsələni müzakirə etməkdən çəkinir.

Mənbələr bildiriblər ki, Dərikvand vəzifə səlahiyyətlərinin icrasını davam etdirsəydi, səfir vəzifəsinə yüksəldilə bilərdi. O, bundan əvvəl, 2011-2014-cü illərdə İranın Çexiyadakı səfirliyində müvəqqəti işlər vəkili işləyib. 

Bu il yanvarın ortalarında isə İsveçrənin Cenevrə şəhərində yerləşən BMT strukturlarında ölkəsini təmsil edən Əlirza Ceyrani Hökmabad da İsveçrə hakimiyyətindən siyasi sığınacaq istəyib. 

O, bir sıra beynəlxalq təşkilatlarda ölkəsinin daimi nümayəndəsinin müavini işləyib. Məlumata görə, diplomat ailə üzvləri ilə birlikdə İsveçrə hakimiyyətinə sığınacaq verilməsi barədə ərizə təqdim edib. Səbəb olaraq o, vətənə qayıtdığı halda öz təhlükəsizliyi ilə bağlı narahatlıq, inqilabi vəziyyət şəraitində mümkün repressiyaları, həmçinin istiqrarsızlığı, İslam Respublikasının potensial çöküş riskini göstərib.

Əlirza Ceyrani Hökmabad 2017-ci ildən Cenevrədə nümayəndəlikdə işləyir, tədricən iyerarxik pillələrlə yüksəlib. O, əsasən iqtisadi-ticarət məsələlərlə məşğul olurmuş. Repressiyalara görə İrana qayıtmaqdan qorxurmuş. 

İrandan müxtəlif illərdə mühacirət edənlər milyonlarladır. Son 50 ildə bir qrup Məhəmmədrza şah Pəhləvi rejiminin, sonra isə teokratik hakimiyyətin təzyiq, təqib və işgənclərinə dözməyərək, ondan qurtulmaq üçün qərb ölkələrinə sığınıb. 

İslam Respublikasının siyasi-ideoloji, mənəvi lideri ayətullah Ruhullah Xomeyni 1961-ci il iyunun 5-də İranda Məhəmmədrza şahın islahatlarına qarşı keçirilmiş etiraz aksiyasında hakimiyyətə qarşı söylədiyi nitqinə görə həbs edilmiş, Tehrandakı İşrətabad hərbi həbsxanasında saxlanılmışdı. 

1965-ci il noyabrın 4-də Türkiyəyə sürgün edilmiş, bir müddət orada qalmış, İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçmişdi. Nəcəf şəhərinə yerləşmiş, orada 13 il yaşamışdı. İranın İraq hakimiyyətinə təzyiqlərindən sonra Xomeyni oranı da tərk edərək Fransaya köçmüş, Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşamışdır. 1979-cu il fevralın 1-də, İrana qayıtmışdı. O, Tehranda yaşamaq istəməyib, ömrünün sonunadək dövləti Qumdakı mənzilindən idarə edib. 

İranda rejim dəyişikliyi baş verəndə liderlərin Qərbə sığınması son 70 ilin adətinə çevrilib. 

1951-ci ilin aprelində şah milliləşdirmənin tərəfdarı olan Məhəmməd Müsəddiqi baş nazir təyin edir. Onun namizədliyi mayın1-də parlament tərəfindən yekdilliklə qəbul olunur. Bundan sonra AINK-in (Amerika-İran Milli Neft Şirkəti) milliləşdirilməsi haqqında qanun imzalanıb. Bu hadisədən sonra Britaniya mütəxəssisləri ölkəni tərk edib. Birləşmiş krallığın tətbiq etdiyi neft embarqosu səbəbindən “qara qızıl” hasilatı faktiki olaraq dayanıb. 1952-ci il iyulun 16-da Müsəddiq fövqəladə səlahiyyətlər və ordunun ona tabe edilməsini tələb etdikdən sonra şah onu istefaya göndərib. Bu qərar Tehranda ümumi tətil və üsyana səbəb olub. İyulun 22-də şah yenidən Müsaddiqi baş nazir təyin etməyə məcbur olub. 

1952-ci ilin oktyabrında Müsəddiq hökuməti Böyük Britaniya ilə əlaqələri kəsib.

1953-cü ilin fevralında o, şaha İranı tərk etməyi təklif edib. Həmin il avqustun 16-18-də şah Bağdadda, avqustun 18-22-də isə Romada sürgün yaşayıb. 1953-cü ilin avqustunda general F. Zahedi başda olmaqla, ingilis-Amerika dəstəyi ilə taxta bağlı hərbi qüvvələr dövlət çevrilişi həyata keçiriblər və Müsəddiqin Milli Cəbhə hökumətini deviriblər. Ölkədə hakimiyyətin tam gücü faktiki olaraq yenidən şahın əlinə keçib.

Həmin vaxtdan Məhəmmədrza şah ABŞ ilə əməkdaşlığı genişləndirib. 

1978-ci ilin payızından etibarən İranın Qərb müttəfiqləri tədricən belə nəticəyə gəlirlər ki, Məhəmməd Rza Pəhləvini hakimiyyətdən kənarlaşdırmaq lazımdır. Onun etirazları hərbi yolla yatırması cəhdi uğur gətirmədi. Ona görə müttəfiqləri belə şəraitdə şah rejiminin dəstəklənməsini məqsədəuyğun saymadı. ABŞ səfiri U. Sallivanın hesabatlarından Məhəmmədrza şahın ölkədə qalmasının Ştatlar üçün arzuolunmaz olduğu bilinirdi. Bundan əlavə, Pəhləvi 1978-ci ilin dekabrından etibarən İran zabitləri ilə tepkratik müxalifət arasında əlaqələr qurmağa çalışan Amerika generalı Hayzerin missiyasının xarakteri haqqında da məlumatlı idi. 1978-ci ilin dekabrında İrana səfər edən Aleksandr de Maranş Fransa prezidenti Jiskar d'Estene rejimin günlərinin sayıldığını və şahın iqtidarını XVI Lüdovikin hakimiyyətinə bənzədib. Xatırladaq ki, Lüdovikin hakimiyyətinə də məhz Fransa inqilabı son qoymuşdu.

1979-cu il yanvarın 6-da Qvadelupada ABŞ, Böyük Britaniya, Fransa və AFR arasında İrandakı vəziyyətin müzakirə olunduğu danışıqlar baş tutdu. Şah üçün bu görüş Qərbin monarxiyanı dəstəkləməkdən qəti surətdə imtina etməsinin əlaməti oldu. Məhəmmədrza Pəhləvi xaricdə müvəqqəti "məzuniyyətə" getmək qərarına gəldi. Yanvarın 11-də ABŞ dövlət katibi Vens bunu elan etdi. Bununla belə, şah hələ də ümid bəslədiyi ABŞ-dən kömək almaq üçün vaxt qazanacağını düşünürdü.

Odur ki, Məhəmmdrza Pəhləvi iki dəfə mühacirət edib. Atası Rza Pəhləvi də mühacirətdə ölüb. 

Yeri gəlmişkən, Müsəddiq isə ölkəsinin tərk etməyib. 

Məhəmmərza Pəhləvi ilə birlikdə saray əyanları SAVAK-ın (Milli Təhlükəsizlik Komitəsi) başçısı və qurumda işləyənlər, başqa dövlət rəsmiləri də mühacirət ediblər. 

İranın yüksək vəzifəli məmurlarının ailə üzvləri, qohumlarının da ABŞ, Kanada, habelə Avropa ölkələrində oturum izni aldıqlarına, orada təhsil aldıqlarına, işləyib, yaşadıqlarına aid də çoxsaylı faktlar var.

Bu yaxınlarda Donald Tramp Administrasiyası ABŞ-də qanunsuz mühacirət həyatı yaşayan İran vətəndaşlarını deportasiya edib. Bundan başqa, İslam Respublikası sakinlərinə oturum izni verilməsi dayandırılıb. 

Belə faktlar, hadisələr İrandan mühacirət axını ənənəsinin olduğunu isbatlayır. 

Başqa bir hadisəni yada salaq. 2009-cu ildə Mahmud Əhmədinejatın yenidən prezident seçilməsinə cəmiyyətdə etirazlar var idi. Həmin ictimai-siyasi prosesi “Yaşıllar hərəkatı” adlandırırdılar. 

Bu hadisələrdən sonra da minlərlə İran vətəndaşı ölkəsini tərk etməyə məcbur oldu. 

İranı tərk edənlər arasında nüfuzlu alimlər, atom fizikləri də var. Bir neçə il öncə Şahram Əmiri adlı alim ABŞ-dən sığınacaq alıb. Onda Tehran iddia edirdi ki, onun ABŞ ərazisində zorla saxlanıldığına dair sübutlara malikdir. Vaşinqton isə bu ittihamları təkzib etmişdi.

Şahram Əmiri Tehran Universitetində tədqiqat laboratoriyasında işləyib. Bəzi məlumatlara görə, o, hökumətin atom enerjisi agentliyində xidmət edib və İranın nüvə proqramı haqqında geniş biliklərə malik olub. 

İran miqrantlarının (diasporunun) xaricdəki sayı haqqında müxtəlif rəqəmlər mövcuddur. Onların sayı beş milyona qədərdir. Hesablamalara əsasən, hər on beşinci iranlı ölkə xaricində yaşayır. Rəsmi məlumata əsasən, təkcə 2024-cü ildə İrandan təxminən 190 min nəfər miqrasiya edib. Ötən il dekabrın 28-dən 2026-cı il yanvarın ortalarınadək davam etmiş etiraz aksiyalarından sonra da miqrasiya dalğasının yenidən artacağı gözlənilir. 

İran hakimiyyəti ölkədən miqrasiya edən vətəndaşların dəqiq sayını rəsmi olaraq açıqlamayıb. Bununla belə, dövlət rəsmiləri mühacirəti əsasən, sosial, mədəni və iqtisadi vəziyyətlə əlaqələndirirlər. 

Mühacirətin səbəblərini aşağıdakı kimi sıralamaq olar:

-sosial vəziyyətin ağırlığı, dolanışığın çətin olması;

-siyasi əqidələrə görə repressiyaya məruz qalmaq təhlükəsi;

-iş adamlarına vergilərin çoxluğu;

-milli-mədəni hüquqların təmin olunması;

-sərbəst toplaşmaq azadlığının olmaması;

-hakim zümrəni, özəlliklə ayətullah Xomeyni və ayətullah Xameneinin tənqid edilməsinin təhqir kimi qiymətləndirilməsi;

-rejim dəyişikliyi və başqa səbəblər. 

Mühacirət hakimiyyətə etmadsızlığın, vətəndaşların təhlükəsizliyinin təmin olunmamasının, mövcud ictimai-siyasi vəziyyətlə barışmamağın göstəricisidir. Ona görə də İranda hakimiyyətlər dəyişir, mühacirlər isə siyasi tərkib etibarilə bir-birini əvəzləsələr də, ümumi say ildən-ilə artır…