Tehran rejiminin daha bir saxtakarlığı
İranda sosial-iqtisadi fəlakət yaşanır, əhaliyə at və eşşək əti satılır
22 Dekabr 2025
İran Yaxın Şərqin bir çox sahələr üzrə ən varlı ölkəsidir. Bu ölkənin cəmiyyəti də başqa ölkələrlə müqayisədə siyasi cəhətdən daha ayıq-sayıq sayılır.
Təbii qaz ehtiyatına görə o, Rusiyadan sonra dünyada ikinci yerdədir. Nəhəng ehtiyatları, əsasən, Qətərlə bölüşdüyü nəhəng “Cənub Pars” yatağında cəmlənib. Dünya “mavi yanacaq” ehtiyatının təxminən 16% orada cəmlənib. Bu, İrana dünya üzrə qaz sənayesinin aparıcı oyunçularından biri olmağa imkan versə də, hakimiyyətin yürütdüyü siyasət ucbatından xalq bu potensialdan yararlana bilmir.
Venesuela və Səudiyyə Ərəbistanından sonra İran neft ehtiyatları üzrə dünyada üçüncü yeri tutur. Təxmini hesablamalara əsasən, ölkə 157-208 milyard barrelə yaxın “qara qızıl” ehtiyatına malikdir.
Ona görə də İran vətəndaşları milyonçunun dilənçi balalarıdır.
Bu gün İran vətəndaşı neft və qazla zəngin olan ərəb dövlətlərinə iş axtarmaq üçün miqrasiya edir. Eyni təbii sərvətə malik olan belə müsəlman ölkələrində iranlılar qastarbayterə çevrilir.
Yaxud, canını, malını, övladlarını, başını götürüb, Avropaya qaçır.
Bu günlərdə Bosniya və Hersoqovinada İran vətəndaşı olan bir qadının meyiti aşkarlanıb. Onun da firavan həyat dalınca getdiyi bir halda əziz canından olduğu ehtimal edilir.
Dekabrda yüzə yaxın iranlı mühacir ABŞ-dən deportasiya olunub. Daha 400 İran vətəndaşının qovulacağı gözlənilir.
Vətəndaşının düşmən saydığı, ölümünü arzuladığı Amerikanın qapılarından qovulması Tehran hakimiyyətinin utanc yeridir. Bu hakimiyyət hikkəli, israrlı davranışı ilə vətəndaşlarını səfil hala salıb.
Bu günlərdə İslam Respublikasının informasiya vasitələri 1942-ci ilin dekabrında baş vermiş çörək üsyanı barədə sənədləri paylaşıb.
1941-ci il avqustun 25-də və sentyabrı 17-də İngiltərə və SSRİ İrana “Razılıq əməliyyatı” adı altında birgə müdaxilə edib. Əməliyyatın məqsədi İran neft yataqlarının təhlükəsizliyini təmin etmək idi. Çünki o illərdə Rza Pəhləvi faşist Almaniyası ilə tərəfdaşlıq edirdi. Həmin əməliyyatın sonunda o devrilmiş, yerinə kiçik oğlu Məhəmmədrza gətirilmişdi.
Birgə əməliyyat nəticəsində yüz minlərlə insan ölmüşdü. 1942-1943-cü illərdə İranda ərzaq, çörək çatışmazlığı, qıtlıq yaşanırdı. Buna qarşı xalqın etirazı güc tətbiqi yolu ilə yatırıldı. Həmin hadisə "Çörək üsyanı", o illər isə İran tarixində aclıq illəri olaraq qalır. Həmin illərdə İranı bürümüş aclıq ölkə əhalisinin, xüsusən kənd sakinlərinin az qala yarısının həyatına son qoydu.
Təhlilçilərə görə, 1942-1943-cü illərdə İranda baş verən aclıq neytral ölkədə baş verən müharibənin mülki əhalinin həyatında faciələrə, fəlakətlərə səbəb olacağını göstərdi.
Tehranın təbliğat maşınının həmin illəri xatırlatması da təsadüfi deyil. Bununla, rejim müharibənin səfalətə səbəb olacağını cəmiyyətə xatırladır. Həmin illərdə pəhləvilər taxt-tacı qorumaq, panfarsçı ideologiyasını faşistlərlə eyniləşdirib, törətdikləri cinayətlərə beynəlxalq səviyyədə haqq qazandırmaq üçün ölkədə aclığa bais olmuşdu. Bu faciə İranda 1950-ci illərədək sürdü.
İran cəmiyyəti hesablanması mümkün olmayan var-dövlətlə onda da, indi də yarac-yarıtox, “yaz əkinçi, qış dilənçi” vəziyyətində yaşayır.
Ayətullah Ruhullah Xomeyni hakimiyyətə gələndə imperializmə, müstəmləkəçiliyə qarşı mübarizəni önə çəkmişdi. Bu səbəbdən “üçüncü yol” siyasi-iqtisadi, ideoloji xətti irəli sürüdü. “Amerika ölüm!”, “İsrailə ölüm!”, “Şurəviyə ölüm!”, “İngilisə ölüm!” kimi şüarların da deyilməsi bu yolun şərtlərindən irəli gəlirdi.
Ancaq çox qısa zamanda sonuncu iki şüar gündəlikdən çıxarıldı. Sonrakı illərdə Tehran hakimiyyəti rədd etdiyi “imperialistlərsiz” mövcud ola bilməyəcəyini qəbul edib, üçüncü yolun dəyərlərindən daxilən imtina etsə də, zahirdə şüarçılığı davam etdirib.
Tehran hakimiyyəti hazırda həmin qüvvələrin qapılarını gəzir. Gah Rusiya, gah Çindən yardım almağa çalışır, qara bazarda neftini onlara satmaqla iqtisadi cəhətdən iflas etməməyə çalışır.
Ancaq “quyuya su tökməklə quyu sulu olmaz” deyiblər. İran iqtisadiyyatı qanunsuz iqtisadi əməliyyatlara əsaslandığından “quyu” tez quruyur.
Hakimiyyətin yürütdüyü özündən müştəbeh siyasət səbəbindən ölkədə su qıtlığı, elektrik enerjisi çatışmazlığı, təbii qaz defisiti yaranıb. Ərzaq məhsulları günü-gündən bahalaşır. Statistika Mərkəzinin məlumatına görə, bu ilin noyabrında qırmızı ətin qiymət əvvəlki ayla müqayisədə 50,2% artıb. Ətin qiymətində inflyasiya hələ də 60 faizdir. Son 7 ildə bu ərzaq məhsulunun qiymət 14 dəfə yüksəlib. Ət istehsalında illik inflyasiya 100 faizi keçib.
“Fararu” adlı saytda İranda ət probleminə dair “Eşşək və at ətinin satışı: cəmiyyətdə nə baş verir?” adlı təhlil yazı yayımlanıb. Orada bildirilib ki, Tehran ətrafında qanunsuz eşşək əti və kəsilmiş at başları ilə dolu torbalar aşkarlanıb. Əhali arasında qanunsuz, ənənəvi olmayan ətin yayılması ilə bağlı narahatlıq yaranıb.
Mənbə bildirib ki, Tehran ətrafındakı xarabalıqlarda aşkar edilən sümüklər, mədə möhtəviyyatı ilə dolu torbalar, eşşək dərisi, hətta kəsilmiş at başı, bu heyvanların ətinin əhali arasında paylandığını göstərir. Bu qazıntı yerinin yaxınlığında isə “dondurulmuş Braziliya mal əti (sardast)” yazılmış təxminən 5000 saxta etiketlər tapılıb.
Deməli, at və eşşək ətlərini “dondurulmuş Braziliya mal əti” kimi əhaliyə satırlar.
Yerli ekspertlər hesab edir ki, qırmızı ət üçün güzəştli valyutanın ləğv edilməsi və onun barter valyutasına çevrilməsi qırmızı ətin qiymətlərinin kəskin artmasına kifayət qədər səbəb olmuşdur. Bu, ölkədə adambaşına ət istehlakının azalmasına gətirib çıxarmışdır.
Bildirilib ki, hökumət daxili təklifi artırmaq üçün dondurulmuş Braziliya ətinin idxalını təşkil edib.
Görünür, ölkədə yaranmış qıtlıq, bahalıq səbəbindən at, eşşək ətlərini də mal əti yerinə satan möhtəkirlər də tapılıb.
“Mehr” agentliyinin məlumatına görə, ət istehsalı və qablaşdırılması ilə məşğul olan ticarət müəssisəsində yoxlama zamanı eşşək və qatırlar da daxil olmaqla, təkdırnaqlı heyvanlara aid təxminən 3 ton qanunsuz ət aşkar edilib.
Məqalə İranda ərzaqla bağlı çoxsaylı problemləri ifşa edib.
Bütün hallarda, qıtlıq, bahalıq, çatışmazlıqlar, mal əti adı ilə əhaliyə at və eşşək əti yedizdirilməsi Tehran hakimiyyətinin “sərçəni boyayıb, bülbül yerinə satmaq” adətini davam etdirməsini göstərir.