
İranın “naleyi-əfqan”ı...
Tehranın “Taliban”la qarşıdurması şərqdə yeni cəbhənin açılması ilə nəticələnə bilər
21 Oktyabr 2024
Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətə gəlişi (gedişi və yenidən qayıdışı) ölkə üçün çox böyük problemlər yaradıb.
Nə birinci dəfə gətiriləndə, nə də iki il öncə qayıdışında bu hərəkatın qurduğu hökumət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bundan başqa, dövlətin milyardlarla dollar məbləğində maliyyə vəsaiti sanksiyaya məruz qalıb.
40 milyona yaxın əhalisi və 2021-ci ildə 14,3 milyard dollarlıq Ümumi Daxili Məhsulu ilə Əfqanıstan dünyada adambaşına düşən gəlirin ən aşağı olduğu ölkələr sırasındadır. Əhalinin təxminən 85 faizinin yoxsulluq həddinin altında yaşadığı ehtimal edilir.
Əfqanıstan zəif aqrar ölkəsidir. 20-ci əsrin sonlarında kölgə iqtisadiyyatı əsasən narkotik maddələrdən gələn gəlirlərin hesabına formalaşır. 45 ildir bu ölkədə silah səsləri susmur, hakimiyyət dəyişikliyi davam edir.
Əfqanıstan əhalisinin üçdə biri qaçqın vəziyyətindədir. Pakistan ərazisində 1 milyon 200 minə, İranda isə, BMT-nin hesabatına əsasən, 4 milyon 500 minə yaxın (bəzi mənbələr 1 milyon 400 min olduğunu iddia edir) əfqanıstanlı yaşayır. Məlumata görə, İranda 50 min əfqan qaçqın kimi rəsmi olaraq qeydiyyatdan keçib.
Bu ölkəni vəziyyəti Hüseyn Cavidin dilindən daha doğru təsvir edilir:
“İdrakı sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti həp əldə oyuncaq!”
Əfqanıstan təbii sərvətlər baxımından kasıb ölkə deyil. Ancaq təəssüf ki, onun vətəndaşları ziddiyyətlər səbəbindən dünyanın ən yoxsul sakinlərindən sayılır. Bu ölkəni monarxistlər, kommunistlər, monoteistlər, ateistlər, yaxud demokratlar idarə etsə də, əfqanıstanlıların həyatından qaçqınlıq kimi sosial bəla əskik olmayıb. Bu, ölkədə ziddiyyətlərin, maraqların toqquşmasının davam etdiyinin göstəricisidir.
Hətta özünü müsəlmanların hamisi sayan Tehran hakimiyyəti belə Əfqanıstanın düşdüyü siyasi, mədəni, sosial bataqlıqdan çıxmasına yardım edə bilmir, yaxud bunu bacarmır.
Həm İran, həm də Əfqanıstan özlərini rəsmi olaraq islam dövləti sayır: İran İslam Respublikası, Əfqanıstan İslam Əmirliyi (“Taliban” ölkəni belə adlandırır).
Ancaq bu iki müsəlman dövləti 45 ildir yola getmir. Bunu günahkarı kimdir? Məsələdə xarici amilin rolunun daha çox olduğu istisna deyil. Bunlardan biri İrandan gələn təhlükədir. Ermənistan istisna olmaqla, İranın bütün qonşuları müsəlmandır. Ancaq onun heç biri ilə münasibəti isti deyil. Onun ən çox qarşıdurmada olduğu ölkə Əfqanıstandır. İş o yerə çatıb ki, İran bu qonşu müsəlman ölkə ilə aralarındakı dövlət sərhədini beton divarla bağlamağa başlayıb.
İran Prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qumi bildirib ki, İran Əfqanıstanla sərhəddə divar hörməyi başa çatdırmaqda qətiyyətlidir. Onun sözlərinə görə, bu tədbir İranın təhlükəsizliyini təmin etmək və sərhəd pozuntularının qarşısını almaq məqsədilə həyata keçirilib. Bildirilib ki, İran sərhədin daha çox pozulduğu ərazidən, Xorasan Rəzəvi əyalətinin şimal-şərq hissəsində 74 km uzunluqda 4 metr enində beton divarları tikanlı məftillərlə gücləndirəcək. İran başqa bir müsəlman dövlət, Pakistanla sərhədə də oxşar divar hörməyi planlaşdırır.
Bu, İran hakimiyyəti ilə “Taliban” hökuməti arasında münasibətin hələ də normallaşmadığını təsdiqləyir. “Tələbələr” hakimiyyəti birinci dəfə ələ keçirəndə (1996-2001-ci illərdə) Əfqanıstanın Məzari-Şərif şəhərindəki İran konsulluğunun 10 diplomatını və bir iranlı jurnalisti edam etmişdi. Onda bu, tərəflər arasında münasibətin gərginləşməsinə səbəb olmuşdu. 2021-ci ildə isə “Talib” hökuməti İran hakimiyyətinə, onun Əfqanıstandakı diplomatik missiyasına hörmətlə yanaşıb. Hətta tərəflər arasında iqtisadi məsələlər üzrə görüşlər də keçirilib.
HƏMAS-İsrail müharibəsi zamanı “Taliban”la Tehran informasiya sahəsində mübadilə etməyi razılaşdırıb.
Bununla belə, “Taliban” hökuməti İranı “Əfqanıstanı qarışdırmaqda” ittiham edir. Hökumət İranın Əfqanıstandakı diplomatı Əli Mucanini bu ilin iyulunda “arzuedilməz şəxs” elan edərək, onun ölkə ərazisini tərk etməsini istəyib.
Məlumata görə, iranlı diplomatı “səlahiyyət həddini aşdığı” üçün cəzalanıb.
“Taliban” rəsmiləri diplomatın yol verdiyi pozuntuları açıqlamayıblar. Bununla belə, onun ölkənin Qəndəhar bölgəsində yerli hakimiyyətin razılığı olmadan tədbir keçirdiyi bildirilmişdi. Məlumata görə, “Taliban”ın liderlərindən sayılan Molla Heybətullah Axundzadə diplomatın bu regiona getməsinə icazə verməyibmiş.
Tərəflər arasında diplomatik qalmaqla bununla bitmir. Ötən ilin dekabrında İran Əfqanıstanın Məşhəddəki konsulu Səlimini “persona non-qrata” elan edərək, ölkədən deportasiya etmişdi. 2024-cü ilin əvvəlində “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Mötaqi İrana səfər etmişdi. Onun bu ziyarəti ilə ölkələr arasında gərginliyin azalacağına ümid edilirdi. Ancaq bu baş vermədi.
Bu günlərdə daha bir diplomatik qalmaqal yaşanıb. Tehranda “İslam Birliyi 38-ci beynəlxalq konfrans”ın açılış mərasimində İranın dövlət himni ifa ediləndə Əfqanıstanı təmsil edən “Taliban” hökumətinin nümayəndəsi ayağa qalxmayıb.
İranın bir sıra dövlət məmurları “Taliban” nümayəndəsinin bu hərəkətini “hörmətsizlik”, “dövlət qəbulu qaydalarına etinasızlıq” kimi qiymətləndiriblər. Həmin mərasimdə İran Prezidenti Məsud Pezeşkian da iştirak edib.
Qeyd edək ki, “Taliban”ın idarə etdiyi Əfqanıstanın dövlət himni naşiddir. Naşid ənənəvi olaraq kişi vokalçılar tərəfindən solo və ya xorla, musiqi alətlərinin müşayiəti olmadan ifa olunan müsəlman tərənnümüdür. Bir çox ilahiyyatçının, o cümlədən İslamın dörd əsas məzhəbinin banilərinin fikrincə, musiqi alətlərindən istifadəyə icazə verilmir. Müasir naşid ifaçıları arasında həm ərəblər, həm də ərəb olmayan ölkələrin başqa dillərdə oxuyan sənətçiləri var.
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili sentyabrın 20-də İran Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdə diplomata Əfqanıstan nümayəndəsinin konfransda İranın dövlət himni ifa edilən zaman ayağa qalxmamasının qəbuledilməz olduğu çatdırılıb.
Müvəqqəti işlər vəkili ölkəsinin İran İslam Respublikasına xüsusi ehtiramını vurğulayaraq, Əfqanıstan nümayəndəsinin hərəkətlərinin şəxsi xarakter daşıdığını, heç bir halda ölkəsinin fikirlərini əks etdirmədiyini vurğulayıb.
Tehranla “Taliban” arasında həllini gözləyən problemlərdən biri də su məsələsidir.
Bu günlərdə Əfqanıstandakı hökumət İrana sel suyu buraxmayacaqlarını bildirib.
“Taliban” Hirmand üzərində yeni su bəndi tikməklə çayın daşması nəticəsində meydana gələcək selin İran ərazisinə keçməsinin qarşısı alınacaq. Bu, İranın maraqlarına təhdid kimi qiymətləndirilir.
Yeri gəlmişkən, Əfqanıstanın Zabul vilayətində böyük bir su bəndi tikilib. “Taliban” Herat vilayətində Paşdan bəndinin də tamamlandığını bildirib.
Ona görə də İran prezidenti Məsud Pezeşkian hökumətindən Əfqanıstanla paylaşdığı çaylar üzərində haqları məsələsini daha ciddi şəkildə gündəliyinə daxil edilməsi tələb olunur.
Yeri gəlmişkən, Tehranın Hirmand çayı ilə bağlı iddiası iki ölkə arasında illərdir mübahisə mövzusu olaraq qalır. “Taliban”ın hakimiyyətə qayıdışı isə müzakirələri, ziddiyyəti daha da şiddətləndirib.
İran hakimiyyətinin simvollarından biri də Xomeyni adına “Humanitar yardım komitəsi”dir. Tehran bu qurumun fəaliyyətdə olduğu ölkədə öz tərəfdarlarını təşkilatllandırır, “5-ci kolon” yaradır. Bu, həmin qruplaşmanın maliyyə təminatıənda əsas rollardan birini oynayır. “Taliban” hakimiyyətə qayıdandan sonra Kabul, Herat və Məzari-Şərifdə komitənin ofislərini bağlayıb.
İran Əfqanıstandakı hökumətə daim ölkədəki əfqan mühacirlərlə təzyiq edib. Son zamanlar Tehran əfqan qaçqınlarına qarşı sanki “hücuma” keçib. Məsud Pezeşkian hökuməti Əfqanıstandan olan miqrantlarla bağlı vəziyyəti tənzimləmək üçün 2025-ci ilin yazınadək (hicri-şəms təqvimi ilə ilin sonunadək) azı iki milyon “qanunsuz mühacirləri deportasiya” etməyi planlaşdırır.
Tehran iddia edir ki, əfqan qaçqınlar İranda terror aktlarının törədilməsində iştirak edirlər. Məlumata görə, bu yanvarın 4-də İranın Kerman şəhərində törədilən terakt nəticəsində 95 nəfər ölüb. Bu aktın məsuliyyətini İŞİD üzərinə götürüb. Onların İrana Əfqanıstan ərazisindən sızdığı ehtimal olunur.
Əfqanıstanda sosial-iqtisadi vəziyyət ağırlaşır. Dövlətin maliyyə vəsaitlərinin xarici banklarda dondurulması da buna əhəmiyyətli dərəcədə təsir göstərir. Sakinlər “Taliban” yaratdığı şəraitdən çıxış yolunu ölkədən qaçmaqda görürlər. Onlar üçün ən optimal ölkə İran sayılır. Çünki dil, mədəniyyət yaxınlığı olduğundan əfqanlar İslam Respublikasına yaşamaq çətinlik yaratmır. Onlar həm də potensial etirazçılar ola bilər. Tehran həmin insanları geri qaytarmaqla “Taliban” üçün ciddi sosial problem yaratmağı hədəfləyir.
Beləliklə, bir çox cəhətdən biri-birinə oxşayan Tehranla “Taliban” qarşıdurması müxtəlif istiqamətlərdə gərginləşə bilər. Bu isə İran üçün şərqdə yeni cəbhənin açılması deməkdir.