Logo
news content

Həkim niyə haray salıb?
Pezeşkian ona mane olanlardan, HƏMAS-a xərclənən pullardan, İsrailə hücum niyyətindən narazıdır...

“Yer bərk olanda öküz-öküzdən görər” - deyiblər. İndi İran hakimiyyətinin vəziyyəti belədir. Ölkə çoxsaylı iqtisadi, siyasi, sosial, mədəni, hərbi problemlər məngənəsindədir. 

O biri tərəfdən Livanda “Hizbullah”, Yəməndə husilər, Qəzza zolağında HƏMAS , Suriyada Bəşşar Əsəd və daha neçə-neçə proksi qüvvələr yemək, silah istəyir. Açdığı cəbhələrin heç birində uğur əldə edə bilməmək də Tehran üçün ayrı bir məsələdir. 

Ölkə daxilində təqaüdlərin vaxtında verilməməsindən tutmuş, əmək haqlarının artırılmasınadək həllini gözləyən çoxsaylı problemlər var. 

Cəmiyyətin siyasi azadlıqlar tələb etməsi, məcburi hicab kimi mürtəce qaydalara əməl olunmasına nəzarət, insan hüquqlarının qorunması, milli mədəni haqların təmini, əkin yerlərinin suvarılması, içməli su çatışmazlığı, təbii qaz təchizatında yarana çətinliklər və s. İranın əlində aciz qaldığı, həllini gözləyən, təxirəsalınmaz problemlərdəndir. 

İsmayıl Haniyənin öldürülməsi İran hakimiyyətinin problemlərini bir daha üzə çıxarıb. Tehran rejimi özünü monolit göstərməyə çalışır. Ancaq hakimiyyət daxilində parçalanmanın olduğunu sonuncu prezident seçkisi aşkar göstərdi. Mühafizəkar xətt təmsilçilərinin prezidentliyə beş namizədlə qatılması bunu təsdiqləyir. Bundan başqa, Məhəmmədbaqer Qalibaf ikinci dəfə parlament sədri seçiləndən sonra prezidentliyə namizəd olaraq göstərilməsi, habelə ikinci tur seçkilərin keçirilməsinə bir gün qalmış tərəfdarlarını mühafizəkarların namizədi Səidi Cəliliyə səs verməyə çağırması buna örnək ola bilər. 

Başqa bir misal, siyasi kampaniyanın iki iştirakçısının birinci turdaca namizədliklərini Səid Cəlilinin xeyrinə geri götürdüklərini elan etməsi də monolitliyin olmadığından xəbər verir. İslahatçı sayılan namizəd Məsud Pezeşkianın mühafizəkar üç namizədə qarşı mübarizə apararaq qalib gəlməsi isə hakimiyyətin bu istiqamətdə fəaliyyətinin ya zəif olduğundan, ya da seçki kampaniyasına laqeyd münasibət göstərməsindən xəbər verir. 

Daxili çəkişmələr artmaqdadır. Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian deyib ki, bir sıra qrup və şəxslər böhtan atmaq, qarayaxmalar yolu ilə işlərə mane olurlar: “Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Çünki bu kadrlar işə cəlb olunduqları təqdirdə, o qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.

GünAzTV-nin yaydığı xəbər əsasən, o deyib ki, işə mane olan şəxslər vəzifələri tutmaq üçün bütün mümkün yollara əl atır, problemlərin həll olunmasına əngəl törədirlər.

Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların ağır vəziyyətdə yaşadıqlarını vurğulayıb: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik, amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdırlar”. 

Pezeşkian HƏMAS-a ayrılan maliyyə vəsaitinin taleyindən də xəbərsiz olduğunu vurğulayıb. 

İran prezidentinin strateji məsələlər üzrə müavini, bu günlərdə postundan istefa vermiş Məhəmməd Cavad Zərif də kabinetin formalaşması ilə bağlı problemin olduğunu, dolayısı ilə də olsa, vurğulayıb.   

Pezeşkianın narahatlığına səbəb nədir? Onu bu vəzifəyə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei təyin edib, ona xeyir-duanı da o verib. Zahirən Məsud Pezeşkianın işləri normal getməli, çətinliklərlə üzləşməməli idi. Ancaq belə ciddi etiraz, az qala hayqıraraq, “ay, İran əhalisi, ay camaat, məni işləməyə qoymurlar” deyərək, haray çəkməsi hakimiyyət daxilində ciddi problemlərin olduğundan xəbər verir. Adətən yeni seçilən prezidentə 100 gün möhlət verilir. Bu müddətdə ona yardım edilir. Hətta ən qatı müxalif media nümayəndəsi belə onu tənqid etmir. Möhlət bitəndən sonra araşdırmalar başlayır və çatışmazlıqlar yazılır, deyilir.

Ancaq andiçmədən bir həftə sonra prezidenti belə haray çəkməsi vəziyyətin ağırlığından xəbər verə bilər. Bunun əsas səbəblərindən birinin İsrailə zərbə endirilməsi məsələsi olduğunu ehtimal etmək olar. Çünki hakimiyyət daxilində və İran cəmiyyətində heç də hamı birmənalı şəkildə yəhudi dövlətinin vurulmasını istəmir. 

İranın monarxist qüvvələrinin mərkəzi Londonda yerləşən “İraninternational” adlı saytının yaydığı məlumata əsasən, İran Prezidenti Məsud Pezeşkian ayətullah Seyid Əli Xamənei ilə söhbətində İsrailə cavab atəşi açmaqdan çəkinməyi təklif edib. Məlumata görə, hökumət başçısı bildirib ki, bu addım İslam Respublikasının dağılması ilə nəticələnər. Onun fikrincə, İsrailin hücumu İran iqtisadiyyatına, energetika sisteminə ciddi zərbə vuracaq. Prezident vurğulayıb ki, bütün bunlar Tehranın marağına uyğun olmayan regional müharibəyə səbəb ola bilər.

Bu barədə İranın rəsmi mənbələri məlumat yaymayıb. Ancaq o da məlumdur ki, İran hakimiyyəti daxilində Fələstin, o cümlədən HƏMAS, eləcə də Qərblə danışıqlara münasibət birmənalı deyil. Bu baxımdan, M.Pezeşkianın Seyid Əli Xaməneiyə bu istiqamətdə öz mövqeyini bildirməsi mümkündür. Çünki Tehran İsrailə zərbə endirməyəcəyi halda, İranın Qərblə danışıqlar aparması üçün yollar açıla bilər.

Bu kimi səbəblərə əsasən, hakimiyyətdaxili islahatçılar, “Fələstin və HƏMAS-ın bizə nə xeyir” var düşüncəsi ilə məsələyə yanaşan cəmiyyət İranın İsraili vurmasına qarşıdır. 

Bəs, bunu daha çox hansı qüvvələr tələb edir? İsrailin vurulmasını ən çox istəyənlər İnqilab Keşikçiləri Qvardiyasının, SEPAH-ın komandirləridir. Onlara müharibə bütün baxımlardan sərf edir. Əvvəla, öz güclərini, ölkəyə sahib olduqlarını nümayiş etdirə bilirlər. Pezeşkianın “HƏMAS-a ayrılan maliyyə vəsaitindən xəbərim yoxdur” deməsi də təsadüfi deyil. HƏMAS, Hizbullah, husilər, İraqdakı “Həşdi Şəbi”, Suriyadakı “Zenəbiyyun”, Əfqanıstandakı “Fatimiyyun” və başqaları SEPAH-ın nəzarəti altındadır. Bunların hamısı onun “Qüds” qoşunlarının tabeliyindədir. Bu kimi qüvvələri və “5-ci kolonu” yaratmaq üçün məsuliyyəti də bu qol daşıyıb. Onların xərclədiyi maliyyə vəsaitinin hesabatı isə hökumətə verilmir. Bütün hesabatlar Xaməneiyə təqdim olunur. Məsələn, Əliəkbər Ocaqnejat Azərbaycanda “5-ci kolon” yaratmaqla bağlı maliyyə və başqa bütün hesabatları birmənalı olaraq Xaməneiyə, yaxud onun təyin etdiyi şəxsə verib. Ona görə də Pezeşkian HƏMAS-a ayrılan maliyyə vəsaitindən xəbərsizdir. Hətta ola bilər ki, prezident dövlətin pullarının HƏMAS kimi qruplaşmalara xərcləndiyini də bu yolla ölkə ictimaiyyətinə çatdırıb.  

Ümumiyyətlə, İranda “a”-dan “z”-yədək bütün məsələlər SEPAH-ın nəzarəti altındadır. Bu qurum ali rəhbərin tabeliyində fəaliyyət göstərir. 

İranda hökumət prezident and içəndən 15 gün sonra elan olunmalıdır. İyulun 30-də Məsud Pezeşkian and içib. Yeni hökumətin avqustun 14-dək elan olunacağı gözlənilirdi. Yeni Nazirlər Kabineti üzvlərinin İran təqvimi ilə ötən həftənin sonunadək, yəni avqustun 9-dək açıqlanacaqdı. Hansısa səbəbdən bu, baş verməyib. Əvəzində isə Pezeşkianın “işləməyə qoymurlar” bəyanatı yayılıb. 

Prezident seçkiləri zaman üzləşdiyi problemlər indi daha da böyüyüb. Xaməneiyə etdiyi təkliflər düzdürsə, onda müharibəyə qarşı olması, HƏMAS-a ayrılan pullardan xəbər tutmaq istəməsi, qərblə danışıqlara hazır olması ona problem yaradacaq məsələlərdir. 

Müharibə partiyası olan SEPAH, ETTELAAT və cəmiyyətə bəlli olmayan hakimiyyətdaxili bir çox qüvvələr, müharibədən varlanan generallar, mafiya və başqaları Məsud Pezeşkian üçün real əngəllərdir. 

Pezeşkianın açıqlaması bir daha isbatlayıb ki, İranda prezident sadəcə olaraq rəsmi təmsilçilik üçün ali rəhbərə və rəhbərliyə lazımdır.

Məlumatlara əsasən, avqustun 11-də hökumətin tərkibi barəsində məlumat parlamentə verilib. Hökumətin formalaşması üzrə Koordinasiya Şurasının üzvü İbrahim Fəyyaz Zahid deyib ki, Məsud Pezeşkian nazirlərin təyin edilməsi ilə bağlı Əli Xamənei, təhlükəsizlik qurumları və yüksək rütbəli dövlət adamları ilə məsləhətləşir.

Yəni hökumət Xaməneini, ETTELAAT-ı, SEPAH-ı, yüksək rütbəli hərbçiləri və s. təmin etməlidir. Əks halda, vəziyyət daha ağır olacaq. 

İran hakimiyyəti monolit deyil. Hamı “İsrailə ölüm”, “Amerikaya ölüm!” istəmir. Son illər geniş publikada deyilməsə də, xalq arasında bu şüarları dəyişib “Yaşasın İsrail!”, “ABŞ-yə eşq olsun!” kimi deyənlər də var. Bu isə İran cəmiyyətinin 45 il əvvəlki olmadığını, “Allahu-əkbər, Xomeyni rəhbər”, yaxud “Allahu-əkbər, Xamənei rəhbər” deməyəcəyini təsdiqləyir. Ötən ilki aksiyalarda qaldırılmış “Rəhbərə ölüm!”, “Diktatora ölüm!” şüarları da buna nümunə ola bilər. 

Pezeşkianın hay-küyü isə onu şişirtmək üçün bir aksiya olsa da, Tehran rejimi daxilində didişmənin artdığından xəbər verir. İndi İranda “öküzlərin” bir-birini suçladığı dövrdür. Bundan sonra “günah keçisi” gələcək…