Zelenski Makronla görüşüb - Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş başa çatıb
02 Dekabr 2025
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla müharibənin tezliklə başa çatması və etibarlı təhlükəsizlik zəmanətlərinin formalaşdırılması üçün danışıqlar prosesini müzakirə edib.
Bu barədə Zelenski öz "Telegram" kanalında yazıb.
"Makronla bir neçə saat danışdıq. Bir çox detalları qiymətləndirmək mümkün oldu. Ən çox diqqət müharibənin başa çatması üçün danışıqlara, təhlükəsizlik zəmanətlərinə yönəldilib. Sülh həqiqətən etibarlı olmalıdır. Müharibə mümkün qədər tez bitməlidir", - məlumatda deyilir.
Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş başa çatıb.
O, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Makron bu məsələ ilə bağlı aparılacaq danışıqların avropalıların, fransızların və ukraynalıların təhlükəsizliyi üçün vacibliyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ-nin təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirakı Vaşinqtonla müzakirə mövzusu olacaq: "Yaxın günlərdə amerikalı rəsmilərlə danışıqlar aparılmalıdır ki, bu zəmanətlərdə ABŞ-nin iştirakı dəqiqləşdirilsin".
"Eyni zamanda Rusiyanın sülhə can atdığı ilə bağlı ABŞ-yə aydın mənzərə təqdim etməsi ilə bağlı müzakirələr aparılır. Bundan əlavə, Moskvanın irəliləmək istəyini və ya istəmədiyini öyrənmək üçün ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək", – Makron əlavə edib.