Xamenei: "ABŞ regionu tərk etməyə məcbur olacaq"
30 Sentyabr 2026
İran və ABŞ arasında danışıqların bərpası xəbərləri fonunda ali lider Müctəba Xameneinin ofisi bəyanat yayaraq, Tehranın "müqəddəs" Hörmüz boğazını qorumağa davam edəcəyini bildirib.
Bu ilin fevralında ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayandan az sonra İran ticarət gəmilərinə hücum edərək Hörmüzü blokadaya alıb. Yüzlərlə yük gəmisi orada hərəkətsiz qalıb.
Xameneinin sözlərinə görə, İran cəmiyyətinin müxtəlif təbəqələri strateji Hörmüz boğazını qorumaq məsələsində həmrəydirlər.
Son həftələrdə yayılan məlumatlar ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının cənub marşrutu vasitəsilə daşınan neftin həcminin artdığını göstərir. ABŞ prezidenti Donald Tramp sentyabrın 27-də "Axios"a bildirib ki, həftəsonu Hörmüz boğazından 20 milyon bareldən çox neft daşınıb.
Digər tərəfdən, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası Tehranın neft ixracını kəskin azaldıb. "Reuters"in məlumatına görə, İranda ixrac üçün tankerlərə yüklənən xam neftin həcmi kəskin azalaraq martdakı gündəlik 2 milyon bareldən avqustda 220-255 min barelə düşüb.
M.Xamenei martda ali lider seçiləndən bəri ictimaiyyət qarşısına çıxmayıb. Ona aid edilən bəyanatda Birləşmiş Ştatların "ağrılı" zərbələrdən sonra Yaxın Şərqi tərk etməyə məcbur qalacağı iddia olunur. Onun sözlərinə görə, ABŞ qüvvələri tezliklə Ərəbistan dənizindən də sıxışdırılıb çıxarılacaq. Ərəbistan dənizi Ərəbistan yarımadası ilə Hindistan arasında yerləşir və bu bölgəni İran sahilləri, eləcə də Hörmüz boğazı ilə birləşdirir.