Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın hücumlarına görə Rusiya neftini xaricdə emal etdirməli olur

Moskva son aylar neftini emal etdirmək üçün xarici ölkələrə üz tutur. Buna Ukraynanın Rusiyada neft emalı zavodlarını hədəfə alması səbəb olub. Ölkədə yanacaq qıtlığı güclənir.

Ukrayna dronları Rusiyanın onlarla neft emalı zavodunu sıradan çıxarıb. Kiyev Moskvanın Ukraynada artıq beşinci ildir apardığı işğalı maliyyələşdirmək imkanlarını zəiflətməyə çalışır.

Rusiya yanacaq böhranını cilovlamaq üçün artıq ixracı dayandırıb, yanacağı norma ilə satır. İndi isə Moskva Qazaxıstanda kiçik özəl neft emalı zavodunun gücündən istifadə etməyə dair razılığa gəlib.

Ekspertlərin fikrincə, bu addım Rusiyada ciddi yanacaq qıtlığını aradan qaldırmayacaq. Rusiya da Ukraynanın enerji obyektlərini hədəfə alır.

Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov avqustun 25-də bildirib ki, ölkənin qərbində yerləşən "Kondensat" neft emalı zavodu Rusiya xam neftini emal edəcək, yekun məhsulun təxminən 70 faizi yenidən Rusiyaya göndəriləcək.

"Reuters"in hesablamasına görə, 143 milyon əhalisi olan Rusiya yay aylarında gündə 120 min tona qədər benzin istehlak edir. "Kondensat" zavodu ildə cəmi 200 min metrik tona qədər benzin istehsal edə bilir. Yəni, Rusiyanın gündəlik benzin tələbatının təxminən 0.3 faizi qədər.

Rusiya ciddi yanacaq qıtlığı ilə üzləşdiyindən kiçicik əlavə benzin və dizel tədarükü də dadına çata bilər. Vaşinqtonda yerləşən Atlantik Şuranın qeyri-rezident baş elmi əməkdaşı Con Roberts belə deyir.

Yanacaq qıtlığı Rusiyanın hərbi əməliyyatlarına da təzyiqi artırıb.

"Kondensat"ın Rusiya ilə əlaqələri

AzadlıqRadiosunun özbək xidmətinin jurnalisti Zamira Eşanova yazır ki, "Kondensat" neft emalı zavodu illərdir istehsal gücündən xeyli aşağı səviyyədə işləyir. Bu zavodun Rusiya ilə əlaqələri olub.

Sızdırılan korporativ sənədlərə görə, "Kondensat" müəssisəsi "Osprey Investment" şirkəti üzərindən Rusiyanın ilk beş neft nəhəngindən biri olan "Tatneft"ə bağlıdır. 2024-cü ildə "Kondensat" Tatarıstan regionundakı "Tatneft"ə məxsus TANECO neft emalı zavodunun göndərdiyi Rusiya neftinin emalına başlayıb. Həmin ilin sonlarında "Kondensat" zavoduna Rusiya neftindən alınan benzini yenidən bu ölkəyə ixrac etmək icazəsi verilib. Bu razılaşma 2025-ci ildə yenilənib.

Ekspertlərin fikrincə, Ukrayna Rusiyanın neft emalı zavodlarını sıradan çıxardıqca, Moskva Orta Asiyada daha çox müəssisəyə üz tutacaq.

"Onlar xüsusilə Qazaxıstana, daha sonra isə Özbəkistana təzyiq göstərərək mümkün qədər çox benzin və dizel yanacağı almağa çalışacaqlar", – Atlantik Şuradan Roberts deyib.

Ukraynalı enerji analitiki Qennadiy Ryabtsev isə bildirir ki, Orta Asiyanın əlavə istehsal gücü yoxdur və region Rusiyadakı vəziyyətə ciddi təsir göstərmək iqtidarında deyil.

"Bu, Qazaxıstana, Qırğızıstana, Hindistana, Çinə və Belarusa da aiddir, çünki Rusiya bazarı üçün bunlar dəryada damladır", – o, AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" araşdırma bölməsinə söyləyib.

Digər yandan, Orta Asiya hökumətləri bu məsələyə ehtiyatla yanaşa bilərlər. Çünki Qərb Ukraynadakı müharibəyə görə Rusiyaya ağır sanksiyalar tətbiq edib.

"Kiyev Rusiyaya neft məhsulları tədarük etmək üçün ölkələrin növbəyə düzüləcəyini düşünmür, çünki hamı anlayır ki, söhbət ilk növbədə hərbi ehtiyaclardan gedir". Bunu isə Ukrayna prezidenti Volodimir Zelenskinin sanksiya siyasəti üzrə komissarı Vladislav Vlasyuk deyir.

"Rusiyaya yardıma görə sanksiyalara məruz qalmaq ehtimalı da sözünü deyir, belə hallar artıq baş verib", – o, "Sxemı"ya bildirib.