Ukrayna Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
11 Oktyabr 2026
Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin (QBR) ləğvi mərkəzinə zərbə endirib.
“Defense Express” xəbər verir ki, USQ-nin Baş Qərargahının məlumatına əsasən, müəssisədən partlayıcı maddələrin və raket yanacağının komponentlərinin istehsalı üçün istifadə olunurdu.
Mərkəz 1991-ci ildə 32193 saylı hərbi hissənin bazasında yaradılıb. Əvvəlcə strateji hücum silahlarının ixtisarına dair müqavilələr çərçivəsində sovet istehsalı olan qitələrarası raketlərin utilizasiyası ilə məşğul olub. Ümumilikdə, obyektdə R-36 və UR-100N UTTX tipli 448 raket məhv edilib.
Sonralar müəssisə R-36M "Voyevoda" raketlərinə texniki xidmət göstərilməsini və onların "Dnepr" daşıyıcı raketlərinə çevrilməsini də təmin edib.
Nəşrin məlumatına görə, "Dnepr" proqramı 2015-ci ildə dayandırıldıqdan sonra mərkəz Rusiyanın kosmik proqramları üçün maye raket yanacağının komponentlərinin tədarükünə davam edib.
Zərbə nəticəsində obyektə dəyən ziyanın miqyası hələlik məlum deyil.