Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

“Ukrayna müharibəsində vəziyyət dəyişə bilər” - Aqil Rüstəmzadənin təhlili

Tanınmış azərbaycanlı hərbi ekspert Aqil Rüstəmzadə Ukraynanın Vesti.ua portalına müsahibəsində bundan sonra cəbhə xəttində vəziyyətin necə inkişaf edəcəyi, Rusiyanın planları, yeni səfərbərlik aparmaq imkanlarını təhlil edib. Pressklub.az həmin müsahibəni oxuculara təqdim edir:

- Yaxın gələcəkdə cəbhə xəttində vəziyyət necə inkişaf edə bilər? Rusiya ordu qrupunu Xersondan çıxardıqdan sonra cəbhənin digər ərazilərində cəmləşdirməyə qadirdirmi? Ukrayna ordusunun Rusiya Silahlı Qüvvələrini cənub-şərqdə sıxışdırmaq üçün hansı imkanları var?

- Növbəti iki həftədə vəziyyəti əhəmiyyətli şəkildə iki amil dəyişdirə bilər. Birinci amil səfərbər edilmiş qoşunların döyüşə hazır olan hissələrinin mərhələli şəkildə cəbhə xəttinə yeridilməsi, eləcə də Xersondan çıxarılan qüvvələrin şərq əməliyyat zonasında hücum əməliyyatlarına cəlb edilməsindən ibarətdir.

İkincisi, Ukrayna ordusu da, böyük ehtimalla, öz qüvvələrini mobilizasiya edərək, kiçik və orta miqyaslı hücum əməliyyatları keçirmək imkanlarını genişləndirəcək. Amma Ukrayna nəzərə almalıdır ki, şərq əməliyyat zonasında Rusiya ordusu döyüş hazırlığını artırır. Bu, Ukrayna ordusunun hücum üçün ancaq bir istiqamətdə qüvvə və resurslar toplamaq imkanlarına mənfi təsir edəcək.

- Ukraynanın hava hücumundan müdafiə qüvvələri bu yaxınlarda Kiyev üzərində Rusiya Silahlı Qüvvələrinin nüvə arsenalına aid olan Kh-55 raketini vurub. Raketə döyüş başlığı əvəzinə döyüş başlığının oxşarı qoyulmuşdu. Rusiya ordusu bu raketlərdən niyə istifadə edir? Bu, ordunun ixtiyarına verilən yeni təchizatdır, yoxsa raket çatışmazlığının əlamətidir?

- Bu, iki məqsədə xidmət edir. Birinci məqsəd döyüş olmayan zonada yararsız döyüş başlıqları ilə təchiz edilmiş raketlərin istifadə olunmasıdır. Çoxlu sayda raketin buraxılması Ukraynanın hava hücumundan müdafiə qüvvələrini tükəndirir, çünki onların da raket ehtiyatı qeyri-məhdud deyil. Kamikadze dronlardan, pilotsuz aparatlardan da çox vaxt bu məqsəd üçün istifadə edirlər. Çalışırlar ki, Ukraynanın havadan müdafiəsini sarsıtsınlar. Məsələn, qeyd etdiyiniz raket vurulur, halbuki, o heç bir döyüş potensialına malik deyil, heç bir mülki obyektin və ya hərbi hədəfin məhvinə səbəb ola bilməz. Ruslar bununla Ukraynanın hava hücumundan müdafiəsini həddən artıq yükləməyə çalışırlar. Bir yaylım atəşində raketlərin sayı nə qədər çox olarsa, bir o qədər çox raket hədəfə çatar. Bu zaman hava müdafiə sistemi yenidən yüklənir, bütün hədəflərə atəş açmaq qabiliyyətini itirir. İlk dalğada belə mənasız raketlər buraxılır, zenit batareyaları dərhal ona atəş açır. Sonra onları yenidən sursatla doldurmaq lazım gəlir. Bu zaman isə raketlərin ikinci dalğası buraxılır.

- Rusiya mətbuatında yaxın aylarda ölkədə yenidən ümumi səfərbərlik keçiriləcəyi barədə məlumatlar var. Bu cür qərarların effektivliyi nədir, yoxsa risklərlə dolu çıxılmaz vəziyyətin nəticəsidir?

- Bir çox hərbi analitiklər bu barədə danışıb, mən də hesab edirəm ki, Rusiya Silahlı Qüvvələrinin itkilərinin yerini doldurmaq üçün növbəti səfərbərlik gecikməyəcək. Hazırda səfərbər edilənlərin əksəriyyətini heç hərbi geyimlə də təmin edə bilmirlər. Ancaq onların öz planları var. Tamamilə mümkündür ki, qismən səfərbərliyin ikinci dalğasına başlayacaqlar. Döyüş hazırlığını artırmaq üçün insanlar daim orduya cəlb olunurlar. Amma gördüyümüz kimi, qismən səfərbərliyin birinci hissəsini düz-əməlli başa çatdıra bilmədilər. 

- İranın Rusiyaya silah yardımı ilə bağlı nə demək olar? İranın qanadlı raketlər ötürməsi təhlükəsi hələ də aktualdırmı? Yoxsa daxili vəziyyət və xarici təzyiqlər İrana bu imkanı verməyəcək? 

- İndi ABŞ və Qərb dünyasının İrana təsir rıçaqları azdır. Bu ölkə çox uzun müddətdir ki, sanksiyalar altındadır. Eyni zamanda, daxili böhran İranda maliyyə qaynaqlarına və silah ixracına təsir edəcək ən ciddi rıçaq ola bilər. İndi ölkədə güclü etirazlar var, İran o dərəcəyə çatıb ki, bəzi şəhərlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun döyüş bölmələrindən istifadə edir.

İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığa gəlincə, bu, davam edir. Artıq təkcə kamikadze dronların, pilotsuz uçuş aparatlarının deyil, həm də döyüş sursatının, gülləkeçirməz jiletlərin, qoruyucu dəbilqələrin ötürülməsi müşahidə olunub.

Ballistik raketlərlə bağlı tam aydınlıq yoxdur. Bəziləri transferin baş tutduğunu iddia edir, bəziləri isə yox. Məncə, bu, baş verməyib. Ballistik raket təyyarə ilə daşına bilən kamikadze dronu deyil. Bir ballistik raketi daşımaq üçün ayrıca bir təyyarə lazımdır. İrandan Rusiyaya hava reyslərin sayında kəskin artış yoxdur. Yaxud, Xəzər dənizindəki infrastruktur və nəqliyyat imkanlarından da istifadə edə bilərlər. Təbii ki, bütün bunlar izlənilir. Əgər Qərb kəşfiyyatı ballistik raket qurğularının Rusiya Federasiyasına göndərildiyinə dair sübutlara malik olsaydı, bunu açıqlayardılar. Mənə elə gəlir ki, transfer hələ baş tutmayıb. Bu addımı atmaq istəyəcəklərmi, bu, artıq zaman məsələsidir. İran rəhbərliyi Rusiyaya dəstək verməklə məntiqsiz addım atıb. Kamikadze dronları ötürməklə özünü içəridən partladıb. Bu problem necə həll olunacaq - dəqiq aydınlıq yoxdur.

Hazırladı: Turqut