Ukrayna Kurskda 1000 kv.km ərazini ələ keçirib
13 Avqust 2024
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatları davam edir. Hazırda Rusiya Federasiyasının 1000 kvadrat kilometrə yaxın ərazisi Ukrayna ordusunun nəzarəti altındadır.
UNİAN xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.
“Biz bütün əsgərlərə və komandirlərə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”, - deyə iclasda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb.
Eyni zamanda Zelenski əlavə edib ki, daxili işlər nazirinə və digər rəsmi şəxslərə və təhlükəsizlik qüvvələrinə əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamaq tapşırılıb.
Prezident bundan başqa qeyd edib ki, Koordinasiya Qərargahına, Baş Kəşfiyyat İdarəsinə, Ukrayna Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə Ukrayna xalqının Rusiya əsarətindən qayıtması üçün aydın və şəffaf strategiya hazırlamaq tapşırılıb.