Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Tutaq ki, mən gəldim, “bradyaqa” gəldi, bu kino olmur axı...” – Ramilə Qurbanlı yazır

 Ramilə Qurbanlı

Kinodan çox danışırıq, amma çəkmirik deyə bilmərəm. Çəkilir, son vaxtlar ayrı-ayrı vaxtlarda, tək-tək yeni filmlərə baxmışam, xoşuma gələnləri də olub. Təsirlənmişəm, düşünmüşəm, amma ağuşuna alıb məni tanımadığım, tanış gəlməyən hisslər aləminə aparanı olmayıb. Bir neçə gündən sonra da unutmuşam gedib. Həm də bu filmlər tək-təkdir, dağınıqdır, bir gül ilə bahar olmur, tək-tək gülləri isə ruzigar qoparıb atır. İndustriya olmalıdır, kino industriyası ki, ən xırda rekvizitdən başlamış, pavilyondan tutmuş böyük kinoteatrlara, kinoprokata qədər dövr edən, işləyən bir sistemdən. Tutaq ki, bu da oldu. Necə deyir, “mən gəldim, bradyaqa gəldi, bu kino olmur axı...”

Mədəniyyət, incəsənət insan şüuruna, onun mənəviyyatına, psixologiyasına təsir edən çox incə, güclü qüvvədir. İmperialist qüvvələr həmişə bu qüvvədən siyasi ideologiya üçün istifadə ediblər. Dolayısı ilə mədəniyyət imperiyaların, güclü dövlətlərin ideologiyalarına xidmət edib ki, bu gün bəşəriyyət onun fəsadlarını yaşayır. Sovet dövrünü yadımıza salaq. O vaxtın kinolarında şişirdilmiş müharibə “qəhrəmanları”, inqilab “fədailəri” hamısı şüuraltına o dərəcədə təsir göstərib ki, onun təsirinə düşən insan övladı qəhrəmanlıq etmək üçün müharibə arzulayıb. Oleq Koşevoy, Zoya Kosmedemyanskaya, İvan Brovkin, “Gənc qvardiya”nın üzvləri, Ovod, Pavel Korçagin, Aleksey Maresyev və sair bizim ideallarımız idilər. İmperiya siyasəti bunu ona görə edib ki, sabah sovet insanını müharibəyə çağırmaq lazım gəlsə, ona zor tətbiq etməli olmasın, bəribaşdan şüuruna zor tətbiq etmək daha rahat üsuldur.

Bunu nəyə görə xatırlatdım? Biz həmin dövrün yetirmələri olduğumuz üçün düşünürük ki, mədəniyyət, xüsusən kino ideologiyaya xidmət etməlidir – yəni bu günümüzün reallığı olan Qarabağ müharibəsini kinoda görməkdən qeyri arzumuz yoxdur. Həm də bu arzu düşməni işğalçı, namərd, özümüzü humanist, insanpərvər göstərmək yanğısı ilə müşahidə olunur. Bunun belə olduğunu hadisələr də göstərir, şübhə də etmirik, amma bu gün bəşəriyyətin bu adilikdən sıyrılmasına çox böyük ehtiyac var. İnsan insanı didib-parçalamasın, müharibə olmasın, bəşəriyyət sevgiyə, mərhəmətə köklənsin. Bu sivilizasiyaya gedən yol mədəniyyətdən, kinodan, teatrdan, rəsm əsərlərindən keçir. Zaman bizdən bunu tələb edir. İnsanlar, bəşəriyyət ideologiyaya xidmət edən həmin kinoların şüuraltına təsiri sayəsində vəhşiləşib. İnsan insanı didir, müharibələr səngimir, silahlar susmur.

Bu gün Azərbaycanda, eləcə də dünya kinosunda bəşəri filmlərə böyük ehtiyac var. Qarabağ müharibəsindən filmlər çəkilməlidir, amma xırda, cılız hisslərə yox, bəşəri duyğulara xidmət edən filmlər. O film ki, mərkəzində insan olsun. Onun mənəvi dünyası, taleyi, insan amili əsas götürülsün. Alman, ingilis, azərbaycanlı, erməni yox - İNSAN əsas olsun. Hər hansı ölkədə, istənilən millətin nümayəndəsi o insanı özü kimi bilsin, onun barəsində çəkildiyini düşünsün. Amma həm də Azərbaycan kinosu olsun. Azərbaycan kinosunun öz imzası olmalıdır. Azərbaycanda bəşəri mövzuda Azərbaycan filmləri çəkilsin. Buna böyük ehtiyac var. Yalnız o filmlər ən prestijli, böyük kinofestivallarda qalib ola bilər.

Həm də bu qalibiyyət yalnız festivallarla yekunlaşmaz.