Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə fond bazarı böhranı: 600-dən çox şəxs istintaqa cəlb olunub

Türkiyədə fond bazarındakı böhranla bağlı araşdırma çərçivəsində 181 şirkətin və 551 fiziki şəxsin əmlakına və bank hesablarına da həbs qoyulub.

Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Nazir iş üzrə 632 nəfərin şübhəli şəxs qismində keçdiyini, 91 şirkətə isə kənar idarəçilərin təyin edildiyini, 181 şirkətin və 551 fiziki şəxsin əmlakına və bank hesablarına həbs qoyulduğunu bildirib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan araşdırma çərçivəsində 136 nəfərin həbs edildiyini, 285 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirlərinin tətbiq olunduğunu açıqlamışdı.

Qeyd edək ki, Türkiyədə fond bazarında böhran sentyabrın 16-da İstanbul birjasında kotirovkaların kəskin düşməsi fonunda başlayıb. Ticarət dayandırılıb və hakimiyyət orqanları araşdırmaya başlayıb.

İstintaqın versiyasına görə, bazarda yaranan panika bir neçə investisiya fondu və idarəetmə şirkətində likvidlik böhranı ilə əlaqədar süni şəkildə yaradılıb.

Böhranla bağlı araşdırma çərçivəsində İstanbul prokurorluğu cinayət işi açıb. Türkiyənin 2016-2018-ci illərdə ailə və sosial siyasət naziri olmuş Fatma Betül Sayan Kaya kapital bazarı haqqında qanunu pozmaqda ittiham olunaraq həbs edilib. Bank Tənzimləmə və Nəzarət Şurasının iki yüksəkvəzifəli nümayəndəsi və İstanbul birjasının rəhbəri də saxlanılıb.

Ölkə hakimiyyətinin qərarı ilə 131 investisiya fondu bağlanıb.