Türkiyədə 18 yaşlı gənc insanlara balta və bıçaqla hücum edib
13 Avqust 2024
Türkiyənin Eskişehir şəhərində 18 yaşlı gənc “PUBG: Battlegrounds” oyunundan sonra küçədəki insanlara bıçaq və balta ilə hücumu edib, nəticədə azı 5 nəfər yaralanıb.
Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Onun sözlərinə görə, gənc polis əməkdaşları tərəfindən saxlanılıb, hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən hərtərəfli araşdırma aparılır.
“Hürriyet” qəzetinin məlumatına görə, evdən qoruyucu jilet və dəbilqə ilə çıxan gənc baş verənləri internetdə yayımlayaraq, tramvay dayanacağında insanlara hücum etməyə başlayıb. Gənc əraziyə cəlb edilən polis əməkdaşları tərəfindən saxlanılıb.
Hücum nəticəsində yaralananlar xəstəxanaya aparılıblar. Polis hücum edən şəxsin psixi pozğunluqdan əziyyət çəkib-çəkmədiyini araşdırır.