Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türk dünyası mədəniyyətinin ayaqaçdısı – Ramilə Qurbanlı yazır

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirildi axı. Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti ilə açıldı, Heydər Əliyev Mərkəzində onların incəsənət ustalarının qala-konserti ilə bağlandı.  O çərçivədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşasını oynayırdı.

“Qaragöz” əsəri qazaxların klassik ədəbiyyat nümunələrindəndir. Muxtar Auezovun məşhur faciələrindən biri olan bu əsər azadlığa qovuşa bilməyən, adət-ənənələrin qurbanı olmuş gənclərin taleyindən bəhs edir. Müəllif özü qazax dramaturgiyasının “Qızıl fond”unda yer alan bu əsərin ideyasını belə izah edib: “Tamaşanın ümumi mövzusu istedadlı gənclərin öz arzularının ardınca getmək istəklərinin qarşısında mühitin yaratdığı maneələr və onların məhvə sürüklənməsidir”. Bir sözlə, elə bizdə olduğu kimi. Həm də yalnız bizdə, onlarda deyil, bəşəri məsələdir. Füzulinin “Leyli və Məcnun”u, Şeksprin “Romeo və Cülyetta”sı, Auezovun “Qaragöz”ü eyni dərddən qaynaqlanır. Hər üçündə məsələ yalnız sevgi deyil, onun fonunda azadlığa qovuşmaqdır. Öz düşüncəsinə tabe olmaq, öz arzularının arxasınca getmək cəhdidir. Etiraz yalnız onların sevgisinə mane olan valideynlərə deyil, həm də onları məngənə kimi sıxan mühitə, zəmanəyə, tabulara, adət-ənənəyədir.

Tamaşa iki gəncin Qaragözlə (Mədinə Öserbayeva) Sırımın (Maksat Raxmet) obrazında bütün qazax gənclərin həyatını əks etdirir. Gənclər düşdükləri qaranlıqdan çıxmağa, azad nəfəs almağa çalışırlar, ancaq ailə dəyərləri, adət-ənənələr onların məhvinə fərman verir. Bir-birinə möhkəm sarılıb ətraf mühitə müqavimət göstərmələrinin kökündə də yalnız sevgi deyil, həm də o sevgidə tapdıqları işıq durur. Həyatlarının yeganə işığı yaşadıqları sevgidir. Bu, həm də onların azadlığa qovuşmaları üçün yeganə ümididir.

Qaragözlə Sırımın sevgisi, müəllifin də dediyi kimi, daşa bağlanır. Qəbilə ənənəsinə görə, bir-birinə qovuşa bilməzlər. Üstəlik, Qaragözu başqa tayfadan olan Narşa verirlər. “Leyli və Məcnun”da olduğu kimi, burda da Narş Qaragözü həm anlayır, həm də adətlərə qarşı çıxa bilmir. Narşın yüksək mənəvi dünyası, Qaragözü həm başa düşmək, həm də ona rəğbət bəsləmək bacarığı onu bədii ədəbiyyatda bənzərsiz personajlarından birinə çevirir. Bir-birini dəlicəsinə sevən iki gənc bütün bu janrlı klassik ədəbiyyatda olduğu kimi, burda da ölümə məhkumdur. İztirab və ümidsizlik Qaragözün ölümü ilə nəticələnir. Köhnəlik və cəhalətlə mübarizəsini davam edən Sırım məşhur el şairi olur, lakin bütün ömrünü tək yaşayır.

Bunlar hamımıza tanış mövzudur, amma hər dəfə belə filmin, tamaşanın sonunda məni bir nüans düşündürür, görəsən, bu həsrətlilər qovuşsa, nə olardı? Məsələn, Leyli ilə Məcnun evlənsəydilər, həyatları necə olardı? Və nədənsə, düşüncəmə bir cavab hakim kəsilir – bəlkə də cəhənnəm... Nə isə... Əziyyət çəkənləri də qeyd edib, keçirəm o biri söhbətimə. Tamaşanın quruluşçu rejissoru Fərhad Moldağali, xoreoqraf Şirin Mustafina, geyim rəssamı Alma Sırbayevadır. Musiqi bəstəkar Oljas Jakypbekə məxsusdur. Bir məsələ qaldı, demədim. Tamaşa, təbii ki, qazax dilində oynanılırdı, arada bəzi sözlər tanış gəlirdi, vəssalam, amma tamaşanı bütünlüklə anladım. Sənət də elə budur.

İndi keçək ikinci məsələyə, o da Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq teatr” layihəsi ilə bağlıdır. Layihənin məqsədi bu il yubiley yaşı tamam olan teatrların (əsasən bölgə teatrlarının) tamaşalarını İttifaqın səhnəsində göstərməklə onların fəaliyyətini işıqlandırmaqdır. Layihə çərçivəsində Ağdam, Şəki, Mingəçevir, Sumqayıt Dövlət Dram teatrlarının kollektivləri tamaşalarını İttifaqın böyük səhnəsində təqdim ediblər. Ardınca Qazax və Lənkəran Dövlət Dram teatrlarının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının tamaşaları eyni tamaşa zalında oynanılıb. Bu dəfə bölgə teatrı deyil, ölkə teatrı gəldi. Türkiyənin Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı özünün 40 illiyini həm də Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında keçirdi.



Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı Pərvin Ünalpın "Gecikənlər" ("Gec kalanlar") tamaşasını təqdim etdi. Azərbaycanın əməkdar artisti Nofəl Vəliyev tamaşaya 2014-cü ildə quruluş verib. O vaxtdan onun həm də Azərbaycanda oynanılması üçün mücadilə edir. Nəhayət, TXİ-nın sədr əvəzi, Xalq artisti Hacı İsmayılov bu işdə ona dəstək olub. Nofəl Vəliyev “Bir səbət tənhalıq” tamaşasının heyətində Türkiyəyə teatr festivalında olanda onu Antalyada tamaşa hazırlamağa dəvət ediblər. Tamaşanı 1 ay ərzində qurub və doqquz mövsümdür ki, oynanır. Premyeralarından biri də Almaniyada olub. Maraqlı tamaşadır. TXİ-nın tamaşa salonu tamaşaçı ilə dolub-daşırdı, əlavə stullar qoyuldu, yer olmadığından bəziləri qayıtmalı oldu.

Onu da deyək ki, tamaşadan sonra Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 40 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı ilə mükafatlandırıldı. Həmçinin teatrın yaradıcı heyəti – Mehmet Özgür, Hasibe Aygül Özgür, Sencan Köymen, Safinaz Özgür, Anıl Şereflioğlu, Selim Turgay Deli, Seyfi Albayrak və Azərbaycan Respublikasının Əməkdar artisti Nofəl Vəliyev Fəxri Fərmanla təltif olundular.

Sözüm onda da deyil, ondadır ki, geniş tamaşaçı kütləsi bu tamaşalara baxa bilmədi, əvvəla, iki tədbir eyni vaxta salınmışdı deyə, ikincisi də ona görə ki, qazax teatrı cəmi 1 dəfə, Antalya teatrı cəmi 2 dəfə oynadı. Türkdilli ölkələrin ayaqaçdısı xüsusi təşkil olunsa, daha məqsədə müvafiq olar.

İstənilən halda isə bu iki mədəniyyət hadisəsi həm də siyasi baxımdan alqışlanmağa layiqdir, davamlı olsun!

 Ramilə Qurbanlı