Trampın İsrailə hərbi yardımı dayandırması qərarı rəsmiləri təəccüblənib
04 Noyabr 2026
ABŞ Prezidenti Donald Trampın İsrailə hərbi yardımın ilin sonunadək dayandırılacağı ilə bağlı açıqlaması İsrail hökumətində və müdafiə strukturlarında təəccüblə qarşılanıb.
İsrailin "Walla" və "Ynet" nəşrlərinin məlumatına görə, ölkənin Maliyyə Nazirliyindəki rəsmilər Vaşinqtonun bu qərarı dərhal həyata keçirmək niyyətindən xəbərsiz olublar.
Maliyyə Nazirliyinin bir rəsmisi bildirib ki, Baş nazirin ofisindən yardımın dayandırılması ilə bağlı heç bir rəsmi sənəd daxil olmayıb. Onun sözlərinə görə, nazirlik ABŞ-ın belə bir niyyətindən xəbərdar olsa da, qərarın bu qədər tez icra olunacağını gözləməyib.
"Ynet" nəşrinin istinad etdiyi yüksək vəzifəli maliyyə rəsmisi isə qərarın İsrail iqtisadiyyatı üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb. O bildirib ki, iki illik hərbi yardımdan imtina təxminən 8 milyard dollar vəsait itkisi deməkdir. Bu məbləğin vətəndaşların ödədiyi vergilər hesabına qarşılanmalı olacağını qeyd edib.
Məlumata görə, İsrail Müdafiə Nazirliyi və ordunun rəhbərliyi də Trampın açıqlamasını gözlənilməz hesab edib.
İsrailin Kan dövlət yayım şirkətinə danışan yüksək vəzifəli müdafiə rəsmisi bildirib ki, ABŞ ilə danışıqlar davam edir, lakin belə bir açıqlamanın məhz həmin gün veriləcəyi gözlənilmirdi.
Rəsmi əlavə edib ki, qərarın mümkün nəticələri araşdırılacaq. Bununla belə, qərar hələlik müvafiq qurumların məsul şəxslərinə rəsmi qaydada çatdırılmayıb.
İsrail Baş nazirinin Ofisinin Trampın açıqlamasına yaxın vaxtlarda münasibət bildirəcəyi gözlənilir.