Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp ABŞ-nin İrana hücumlarını yenidən başlamasını az ehtimal edir

ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasını az ehtimallı hesab etdiyini bildirib.

Tramp bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Bununla belə, o, Vaşinqtonun mümkün zərbələr üçün hədəfləri artıq müəyyənləşdirdiyini açıqlayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, vəziyyət Tehranın ABŞ-la güclü razılaşma imzalayıb-imzalamayacağından asılı olacaq.

Tramp eyni zamanda İranın razılaşmadan imtina edəcəyi təqdirdə ABŞ-ın sərt hərbi addımlar ata biləcəyini vurğulayıb.

“Əgər lazım olsa, onlara çox güclü zərbə endirəcəyik. Nə qədər güclü zərbə vuracağımı təsəvvür belə edə bilməzsiniz”, – o deyib.

ABŞ Prezidenti Yaxın Şərqdə üç Amerika aviadaşıyan gəmisinin yerləşdirildiyini və onların döyüşə tam hazır vəziyyətdə olduğunu bildirib.

“Biz buna hazırıq. Burada üç aviadaşıyan gəmim var. Onlardan biri yenicə gəlib. Hamısı döyüşə tam hazırdır”, – Tramp qeyd edib.

O, mümkün hərbi əməliyyatlar zamanı İranın infrastruktur obyektlərinin də hədəfə alına biləcəyini açıqlayıb.

“Bizim bir saat ərzində məhv edə biləcəyimiz 38 körpü var. Hərbi əməliyyatlar yenidən başlasa, onların hamısı dağıdılacaq”, – ABŞ lideri bildirib.

Bununla belə, Tramp İranın mülki infrastrukturunu dağıtmaq istəmədiyini vurğulayıb.

“Mən bunu etmək istəmirəm. Çünki həmin körpülərin bərpasına təxminən 10 il lazım olacaq. Körpüləri dağıtmağı sevmirəm. Körpü tikintisi ən çətin işlərdən biridir, illər tələb edir. Mən isə yaxşı inşaatçıyam”, – o əlavə edib.

Tramp müsahibəsində ABŞ-ın əvvəlki zərbələrindən sonra İranın hərbi istehsal imkanlarının ciddi şəkildə zəiflədiyini də iddia edib.

Onun sözlərinə görə, Tehran raket istehsalı potensialının təxminən 10 faizini, pilotsuz uçuş aparatlarının istehsalı imkanlarının isə 15 faizini qoruyub saxlaya bilib.

“Onların əvvəlki imkanlarının yalnız 10 faizi qalıb. Müəyyən qədər raket və pilotsuz uçuş aparatı istehsal edə bilərlər. PUA istehsalı potensialları isə təxminən 15 faizdir, çünki zavodlarının böyük hissəsi məhv edilib”, – Tramp bildirib.

ABŞ Prezidenti İranın Vaşinqtonla razılaşma əldə etməkdə maraqlı olduğunu və buna görə də hərbi əməliyyatların bərpasına ehtiyac yaranmayacağına ümid etdiyini deyib.

Trampın İranın hərbi istehsal imkanlarına dair açıqladığı rəqəmlər müstəqil şəkildə təsdiqlənməyib.