Logo
news content
User
Kateqoriyalar

Xəbər

Təyyarə qəzası: Azərbaycanda pilotların qəhrəmanlığı anılır - VİDEO

Bakı sakini İqor Kşnyakin Aktauda Azalın qəzaya uğrayan təyyarəsinin iki pilotundan biri olub. O, həmkarı Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva bu qəzada həlak olublar.

İnsanlar İqor Kşnyakinin mənzilinin binası önünə gül-çiçək gətirərək, ona ehtiramlarını bildirirlər.

"Neçə illərdir qonşu olmuşuq. Yaxşı insan kimi tanımışıq. Ayın 24-ü günü kafedə çay içəndə gəldi, görüşdü bizimlə. Axırıncı görüşümüz belə oldu", onun qonşularından biri deyir.

Digər qonşusu isə İqor Kşnyakinin hər zaman gəncləri doğru yola dəvət etdiyini bildirir.

"Həmişə bizə öyüd-nəsihət verərdi. Bizi düzgün yola istiqamətləndirərdi. Çox yaxşı insan idi".

Bu qəzada 40-a yaxın adam həlak olsa da, 30-a yaxın şəxs sağ qalıb.

Şahidlər və mütəxəsislər hesab edirlər ki, pilotlar zərbə almış təyyarəni böyük məharətlə idarə edərək daha az itki olmasına çalışıblar.

Təyyarə dekabrın 25-də, səhər saatlarında Bakı-Qroznı reysi ilə Rusiyaya uçub. Şahidlər deyirlər ki, təyyarə 3 dəfə Qroznı hava limanına enməyə cəhd göstərib, amma dumanlı havaya görə enə bilməyib. Bundan sonra Qroznını tərk etmək istədikdə təyyarəyə çöldən zərbələr dəyib.

Sosial mediada yayılan kadrlarda görünür ki, bələdçi Hökümə Əliyeva sərnişinləri həyəcanlanmamağa və təlimata əməl etməyə çağırır.

Pilotlar təyyarəni Xəzər dənizi üzərindən Aktauya istiqamətləndiriblər. Burda isə təyyarə Aktau hava limanının yaxınlığında yerə çırpılıb.

Rəsmi Bakı təyyarənin kənar müdaxilə nəticəsində zədələr aldığını və silahın növünün araşdırıldığını bildirib.