Logo
news content
User
Kateqoriyalar

Xəbər

Təkhakimiyyətliliyə son: Nümayəndələr Palatası respublikaçıların əlinə keçir

ABŞ-ın Respublikaçılar Partiyası Konqresin Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün lazım olan 218 yeri əldə edib.

TASS xəbər verir ki, bunu NBC telekanalının çərşənbə günü dərc etdiyi proqnoz göstərir.

Məlumata görə, indi Respublikaçılar Nümayəndələr Palatasındakı 435 yerdən 221-ni əldə ediblər. Demokratlar indiyədək Konqresin aşağı palatasında 214 yer əldə ediblər.

Telekanalın qeyd etdiyi kimi, təxminən səkkiz yerdə qeyri-müəyyənlik qalır - Kolorado və Kaliforniya ştatlarının dörd əyalətində hesablamalar davam edir. Vaşinqton, Arizona, Alyaska və Nyu Yorkdakı seçki dairələrində nəticələr qeyri-müəyyən olaraq qalır.

Nümayəndələr Palatasına nəzarətin Respublikaçılar Partiyasına keçəcəyini CNN, "Fox News" və CBS də proqnozlaşdırır.

Artıq Prezident Co Bayden palatadakı respublikaçıların başçısı Kevin Makkartiyətəbrik məktubunda yazıb ki, “fəhlə ailələri üçün nəticələrin əldə olunmasından ötrü” birlikdə işləməyə hazırdır.

Makkartinin palatanın növbəti spikeri olacağı, demokrat Nensi Pelosini əvəzləyəcəyi gözlənir. “Amerikalılar dəyişikliklərə, biz isə onları gerçəkləşdirməyə hazırıq”, – Makkarti deyib.

Respublikaçıların Konqresin aşağı palatasında qələbəsi Demokrat partiyasının ikiillik təkhakimiyyətliliyinə son qoyur. Son iki ildə Ağ ev və Konqresdə söz sahibi olan demokratlar respublikaçıların fikrini nəzərə almayaraq bir sıra qanunlar qəbul edə biliblər.

Gələn ildən istənilən qanunun və büdcənin qəbulu üçün Nümayəndələr Palatasındakı respublikaçı çoxluğun razılığını almaq lazım gələcək.

Senatda isə demokratlar üstünlüyü saxlaya biliblər. Buna görə də şərhçilər növbəti iki il ərzində Konqresdə vacib qanun layihələrinin qəbulunu istisna edirlər. Konqresdə yeni qüvvə nisbətinin Ukraynaya yardım ayrılmasına da təsir göstərəcəyi gözlənilir. Eləcə də büdcə xərclərinin artırılması, vergi siyasətilə bağlı ciddi fikir çəkişmələr yarana bilər.

Makkarti elan edib ki, enerji istehsalının artırılması və cənub sərhədinin möhkəmləndirilməsi respublikaçılar üçün prioritetə çevriləcək.

Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri noyabrın 8-də keçirilib. Əksər media və rəy sorğuları onların inamlı qələbəsini proqnozlaşdırsa da, respublikaçılar mülayim nəticələr göstəriblər.

Səslərin hesablanması davam edir.