Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəriəti getdi, Stadnik də gedir....

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.

Qeyd edək ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.

“İndi başqa bir tarix yazmağın vaxtıdır”.

Bunu isə Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi instaqram hesabında paylaşıb.

Təcrübəli idmançı karyerasını bitirə biləcəyinə işarə verib:

"Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.