Səfir Hüseynzadə: "Oğurlanmış “Roleks” saatlarının qiyməti xeyli şişirdilib"
07 Avqust 2024
Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə avqustun 5-də Brüsseldə qarət məqsədilə ona və xanımına olan hücumu Turan agentliyinə şərh edib.
Onun sözlərinə görə, yaşadıqları binaya girərkən iki naməlum şəxsin hücumuna məruz qalıblar.
“Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərimizdəki əşyaların onlara verilməsini tələb ediblər. Onlar xanımımın çantasını və qollarımızdakı "Rolex" model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar”, - səfir deyib.
Oğurlanan əşyaların dəyərinə toxunan səfir Belçika mətbuatının bunu hədsiz dərəcədə və dəfələrlə şişirtməsinin təəssüf doğurduğunu bildirib. “Bizə məxsus saatlar "Rolex" markalı olsa da, metallik və sadə modellər olub”, - səfir qeyd edib.
Səfirlik Vyana Konvensiyasına uyğun olaraq diplomatların təhlükəsizliyinin təmin edilməsi tələbilə Belçika hakimiyyətinə müraciət edib.
* * *
Azərbaycanın NATO-dakı səfirinə və onun xanımına hücum olub, 90 min avro dəyərində saat oğurlanıb
Azərbaycanın NATO-da səfiri Cəfər Hüseynzadə və onun xanımı Brüsseldə amansız soyğunçuluğun qurbanı olublar: 90 000 avro dəyərində “Rolex” saatı oğurlandıqdan sonra onları xəstəxanaya çatdırmaq lazım gəlib.
Hadisə bu bazar ertəsi, saat 15:30 radələrində, Brüsseldəki Stefani meydanının yaxınlığında baş verib.
Bazar ertəsi gündüz saat 15:30-a yaxın Azərbaycanın NATO-dakı səfiri və onun xanımı Brüsseldə Luiza prospektində amansız qarətin qurbanı olublar, Brüsselin Sudinfo La Capitale nəşri bildirib.
Cütlük parkda gəzərkən iki oğru skuter ilə onlara yaxınlaşıb.
Qurbanların başına tapançanın arxası ilə zərbə endirdikdən sonra ümumi dəyəri 90 000 avro olan iki "Rolex" markalı saatı götürüblər.
Hücum nəticəsində qadında güclü qanaxma başlayıb. Zərərçəkənləri xəstəxanaya çatdırıblar. Brüssel Prokurorluğu araşdırma aparır.
Turan-ın Azərbaycan Xarici İşlər Nazirliyindən şərh almaq cəhdi nəticə verməyib.
Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycanın NATO-da səfiri təyin edilib.