Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Sanksiyalardan yayınmağa görə Qırğızıstan hədəf alına bilər

ici mikrosxemlər

Qırğızıstan fevralın sonunadək ixrac məhdudiyyətləri ilə üzləşə bilər. Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin tətbiqi gözlənilir.

Diplomatik mənbələr AzadlıqRadiosuna (RFE/RL) təsdiqləyib ki, Avropa İttifaqı (Aİ) hazırda azı iki ikilitəyinatlı məhsul - CNC cihazları və radio avadanlıqları üzrə ixrac qadağalarını müzakirə edir.

Brüssel Qırğızıstana satılan bəzi ikilitəyinatlı malların sonradan Rusiyaya yenidən ixrac oluna biləcəyindən, Bişkekin bununla mövcud sanksiyalardan yayınmaya kömək etməyindən narahatdır.

İkilitəyinatlı idxal

CNC dəzgahları materialları kəsən, deşən və forma verən, kompüterlə idarə olunan alətlərdir. Onlardan avtomobil istehsalından tutmuş, elektronikaya qədər bir çox sənaye sahəsində geniş istifadə olunur. Bu cihazlardan raket, təyyarə, digər hərbi sistemlər üçün hissələrin istehsalında da istifadə oluna bilər. Radioavadanlıqlar da döyüş meydanında rabitədən tutmuş, dronların idarə olunmasına qədər hərbi məqsədlərə xidmət edə bilər.

Hər iki məhsul mülki və hərbi istifadə səbəbindən ikilitəyinatlı sayılır, Aİ-nin ixrac qaydaları ilə ciddi nəzarətdə saxlanılır.

Qırğızıstanın dəqiq idxal həcmlərini izləmək çətindir. Amma Aİ-nin ticarət məlumatlarına əsasən, Almaniya, İtaliya, Fransa və Polşa bu ölkəni, CNC və radio komponentləri daxil, sənaye avadanlıqları və elektron texnika ilə təmin edir. Tarix boyu Rusiya qabaqcıl hərbi istehsal üçün bu Avropa istehsalı texnika nümunələrinə güvənib. Məhz bu səbəbdən onların ixracı ciddi nəzarət altında saxlanır.

AzadlıqRadiosunun özbək xidmətinin əməkdaşı Zamira Eşanova mənbələrə istinadla sanksiyalar paketinin hələ hazırlanma mərhələsində olduğunu yazır. Aİ-nin istənilən sanksiya paketi üçün 27 üzv dövlətin yekdil razılığını tələb olunur, dəyişikliklər, gecikmələr, ayrı-ayrı müddəaların çıxarılması mümkündür. Aİ diplomatlarının sözlərinə görə, bəzi istehsalçı ölkələr öz biznes maraqları, Qırğızıstanla ticarət əlaqələri naminə sanksiyalara qarşı çıxa bilərlər.

Layihə haqda ilk məlumatı "Bloomberg" yayıb. Sənəddə Rusiyanın bankları və enerji şirkətlərinə mövcud məhdudiyyətlərin genişləndirilməsi nəzərdə tutulub. Üçüncü ölkələrdəki kriptovalyuta xidmətləri və maliyyə institutları da hədəfə alına bilər, onların Rusiyaya qadağalardan yayınmağa kömək etməsinə şübhə varsa.

Nüfuza zərbə

Qırğızıstana ixraca məhdudiyyət təsdiqlənərsə, bu, Aİ-nin sanksiyalardan yayınmaya qarşı alətinin ilk tətbiqi olur. Bu mexanizm 2023-cü ildə qəbul olunub, Aİ-nin spesifik həssas mallarının üçüncü ölkəyə ixracını məhdudlaşdırmağa imkan verir.

Bu, tam bir ticarət embarqosu deyil, hökumətin sanksiyaları bilərəkdən pozduğuna sübut da tələb etmir. Əvəzində məhdud, sektora yönəlik qadağalara fokuslanır.

İqtisadçı Marat Musuraliyev deyir ki, belə məhdudiyyətlər Qırğızıstanın nüfuzuna və iqtisadi perspektivlərinə ciddi zərbə vurar. "Ayrı-ayrı şəxslər və özəl şirkətlər sanksiyalardan yan keçməklə qazanc əldə ediblərsə, Aİ də ölkəyə sanksiyalar qoyarsa, nəticələrin hamımıza təsiri olacaq. Sanksiyalara düşmək asandır, amma onlardan qurtulmaq çox çətindir. Bu, iqtisadiyyatımıza ciddi zərər vuracaq", – o deyib.

"Bu, həm də reputasiya məsələsidir. Qırğızıstana investisiya qoymağı düşünən hər kəs bir yox, yeddi dəfə düşünüb qərar verəcək", – təhlilçi əlavə edib.

Araşdırmaların üzə çıxardığı

ABŞ-də yerləşən Brukinqs İnstitutunun 2023-2024-cü illərə aid araşdırmalarına görə, Avropadan və digər regionlardan Orta Asiya və Qafqaza ixrac kəskin artıb, bu malların bir hissəsi sonradan Rusiyada peyda olub.

Qurumun iqtisadçısı Robin Bruks Qırğızıstanın Avropa ixracı üçün əsas istiqamətlərdən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, 2022-ci ilin fevralından Qırğızıstana ixrac Estoniyadan 10 min faiz, Finlandiyadan 3 min 100 faiz, Polşadan 2 min 200 faiz, Yunanıstandan isə 2 min 100 faiz artıb.

AzadlıqRadiosunun qırğız xidməti də 2023-cü ildə araşdırma aparıb, əvvəllər Qırğızıstana idxal olunmayan bəzi Qərb istehsalı ikilitəyinatlı malların ixrac edildiyini, sonradan sanksiyalara rəğmən Rusiyaya çatdırıldığını sənədləşdirib.

Qırğızıstanda banklar və ticarət şirkətləri daxil olmaqla, təxminən 25 özəl qurum Qərbin sanksiya siyahılarına salınıb. Amma Qırğızıstan dövlət olaraq indiyədək sanksiyaya məruz qalmayıb. Buna görə də Aİ-nin ölkəyə ixracı məhdudlaşdırmaqla bağlı istənilən qərarı, hətta məhdud miqyaslı olsa belə, yanaşmada ciddi dəyişiklik demək olacaq.

Qırğızıstan hakimiyyəti isə ölkənin sanksiyalardan yayınmada rolunu rədd edir. Nazirlər Kabineti sədrinin birinci müavini Daniyar Amanqeldiyev AzadlıqRadiosuna deyib ki, sanksiyalarla bağlı Bişkekə rəsmi bildiriş gəlməyib, yalnız media bu haqda yazıb.